525.Az

Tələffüzdən yazıya doğru - (Orfoepiya normalarını müəyyən edən meyarlar haqqında)


 

Tələffüzdən yazıya doğru - <b style="color:red"> (Orfoepiya normalarını müəyyən edən meyarlar haqqında) </b>

Orfoqrafiya və onun normalarını «müəyyən edən» orfoepiya yalnız yazı texnikası və tələffüzlə bağlı sadə məsələ deyil, dilin növbəti inkişaf yönünü müəyyən edən, onu istiqamətləndirən qaydalar sistemidir. B. de Kurtenenin qeyd etdiyi kimi,  “Orfoqrafiya – yazı və görmə təsəvvürünün yalnız eşitmə və tələffüzlə yox, həm də morfoloji və semasioloji təsəvvürlərlə əlaqəsinin təzahürüdür” (B. de Kurtene, 1963, II c. s.41). Dil siyasəti ilə bağlı olan orfoqrafiya və orfoepiya məsələsində ümumi, universal qayda və prinsiplərin nəzərə alınması ilə yanaşı, konkret dilin tipoloji səciyyəsi, özünəməxsus qanunauyğunluqları da diqqət mərkəzində saxlanılmalıdır. 

Dilin tətbiqində başlıca məqsəd onun insana xidmət etməsi - ünsiyyət vasitəsi olması baxımından istənilən məsələdə diqqət mərkəzində “insan” amili dayanmalı və mümkün olan bütün məqamlarda nitq prosesində sərf olunan güc və enerjinin qənaəti başlıca meyar hesab olunmalıdır.  İnsan şifahi nitqə yazılı nitqdən əvvəl yiyələnir və həyatı boyu yazmaqdan daha çox danışır, oxumaqdan daha çox dinləyir. Yazılı nitq şifahi nitqin əsasında və üzərində qurulur.  İ.M. Seçenovun da qeyd etdiyi kimi, biz səssiz düşünəndə belə, danışanda olduğu kimi, dilimizdə biotoklar güclənir. Bunu xüsusi qurğular vasitəsilə qeydə almaq mümkündür. Lakin bəzən müəyyən yazını xüsusi diqqətlə “ürəyimizdə” oxuduqda da bizdən asılı olmayaraq nəinki dil, hətta dodaqlar belə tərpənir... “Daxili nitqin refleksləri funksional baxımdan dəyişilmiş adi nitq refleksləridir” (Сеченов И. М. Рефлексы головного мозга, s.39).  Deməli, yazılı və şifahi nitqlə bağlı normalar müəyyən olunarkən əqli, hissi, fizioloji, mədəni xüsusiyyətləri ilə insan diqqət mərkəzində saxlanılmalıdır.  Bütün bunlar yazılı nitqin daim şifahi nitqlə müşayiət olunduğunu, həm yazarkən, həm də oxuyarkən yazı və tələffüz qaydalarının qarşılaşdırıldığını göstərir. Bu baxımdan yazı qaydalarının tələffüz normalarına uyğun olması yalnız metodiki baxımdan deyil, həm də fizioloji-akustik və psixoloji baxımdan əhəmiyyətlidir. 
Sosial amillərdən asılı olaraq baş verən belə dəyişmələr də o zaman dildə möhkəmlənir ki, dilin öz başlıca funksiyasını yerinə yetirməsinə əngəl yaratmasın.

Dilə daxil olan vahidlər – alınmalar adətən  analogiya prinsipinə uyğun olaraq, eyni tipli vahidlərin tələffüzü və yazılışı ilə bağlı mövcud ənənəyə uyğunlaşdırılır. Əks halda gələcəkdə xalqın təfəkkürünə və dilin inkişaf qanunauyğunluqlarına uyğun olmayan (məs., dilimizdə cins kateqoriyasının göstəricisi kimi...) alınmaların mənimsənilməsi zəncirvarı şəkildə struktur dəyişmələrinə zəmin yaratmış olacaq.  Psixoloji və perseptiv amillərə gəlincə, “İnsan eşitdiyi başqa dilə məxsus sözləri adət etdiyi elementar fonoloji təsəvvürə uyğun olaraq qavrayaraq tələffüz edir... Belə ki, ona tanış olmayan sözdə öz təsəvvüründə mövcud səs komplekslərini tapmağa cəhd edir... Bu isə səsin yalnız keyfiyyət baxımdan deyil, kəmiyyətcə də dəyişilərək qavranılmasına səbəb ola bilər. Yapon rus dilindəki “tak” sözünü eşitdikdə iki hecalı söz kimi qavrayır – ondan bu sözü təkrar etməsini istəsək, “taku” şəklində tələffüz edəcək” (Y.E. Polivanov, 1968, s.236). Yapon dili daşıyıcısının təsəvvürünə görə, tək samit “samit və sait” şəklində  tam heca kimi qavranılır. (yeri gəlmişkən, son dövrlərdə qlottoxronoloj tədqiqatlarla yapon dilinin altay dil ailəsinə aid olduğu, bu ailə daxilində onun Koreya dili ilə daha çox yaxınlaşdığı qeyd olunur. Hər bir dilin fonoloji sistemində belə qanunauyğunluqlar mövcuddur: Azərbaycan dili üçün iki sait səsin yanaşı işlənməsi və ya söz önündə bir neçə samitin yanaşı işlənməsi səciyyəvi olmadığından belə alınmaların tələffüzündə fərqli məqamlar meydana çıxır.  İlkin dövrdə “qaidə”, “faidə” kimi mənimsənilmiş sözlərin orfoqrafiyasının sonralar dilin qaydalarına uyğunlaşdırılması və tələffüz variantında  yaranacaq fərqin aradan qaldırılması kimi faktlar alqışlanmalıdır. F. de Sössürün qeyd etdiyi kimi,  “Nitq həmişə dili qabaqlayır... dil - eyni zamanda nitqin həm aləti, həm də məhsuludur”. Məhz bu baxımdan meydana gələn dəyişikliklərin qaydalarla tənzimlənməsi təbii qarşılanmalıdır. Müzakirəyə təqdim olunan layihədə mübahisə doğuran iki bəndə münasibət bildirmək istərdik. Həmin bəndlərə aid edilən sözlərin  tələffüzü ilə bağlı müşahidə olunan məqamları müəyyən etmək məqsədilə eksperimental təhlil aparılmışdır (Eksperimentdə iştirak edən hər kəsə - AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına, eləcə  də AMEA-nın texniki heyətinə dərin təşəkkürümüzü bildiririk!). Eksperiment zamanı iştirakçıların  yaş, gender, dialekt mənsubiyyəti, təhsilin səviyyəsi baxımından seçilməsi diqqət mərkəzində saxlanılmışdır. Eksperimentdə səs siqnalının akustik analizi proqramından (“PRAAT”) istifadə olunmuş, əldə olunan nəticələr statistik baxımdan təhlil olunmuşdur.

“2.5.3. ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur:
 aerodrom [aerodrom], aeroport [aeroport], okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem [teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual [aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.;”.

Azərbaycan dili üçün iki saitin yanaşı işlənməsinin səciyyəvi olmadığını nəzərə alsaq, bəzi alınmalarda bunun nitq axınında ümumi ton mənzərəsinə təsirini təsəvvür etmək çətin deyil. İntonasiyanın  dilin tipoloji quruluşundan birbaşa asılı olduğundan sami dillərə məxsus ritm türk dillərində iltisaqiliyin verdiyi xüsusi tarazlığa malik ölçü ilə uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, dilin ümumi qanunauyğunluqları ilə səsləşməyən belə məqamlar min illərdən bəri formalaşmış artikulyasiya aparatı “alqoritminə”, eləcə də  fonoloji səviyyədə dəyişmələrə gətirib çıxarır ki, bu da nəticədə morfoloji və sintaktik səviyyədə dəyişmələrə - son nəticədə isə struktur dəyişmələrinə səbəb olur. Səslərin kəmiyyət göstəriciləri ümumi prosodiya mənzərəsinin dəyişilməsinə gətirib çıxarmaqla fərqli intonasiyanın meydana çıxmasını şərtləndirir. İlk hecadan sonra gələn hecaların adətən örtülü olmasının (samitlə başlamasının) Azərbaycan dilində hecalanmanın əsas xüsusiyyəti olduğunu qeyd edən A. Axundov  yazır ki, “dilimizdə yalnız başqa dillərdən keçən bəzi sözlərdə (mənsub olduğu dilin hecalanma xüsusiyyətini saxlayan vüs′ət, məs′ul, məs′ud... tipli sözlərdə) söz və ya söz-forma daxilində açıq hecalar işlənə bilir” (A.Axundov, 1984, s.268). “Sözlərin hecalanmasında kök və şəkilçilərin  hüdudu, bir sıra hallarda, heca hüdudu ilə düz gəlməyərək itdiyi kimi, qitə və ibarələrin hecalara parçalanmasında da sözlərin hüdudu itə bilir -  əl - ə-li, diz - di-zi... ; gül al – gü-lal, dil aç – di-laç (Ə. Dəmirçizadə, 2007, s.95-96)”. Deməli, iki saitin yanaşı işləndiyi bu tipli sözlər yazıldığı kimi tələffüz olunarsa, mühüm ritmik ölçü – hecalanma qaydaları da pozulmuş olacaq. 

Gəldiyimiz nəticəyə görə, 2.5.3. bəndinin yeni redaktədə təqdim olunmasını təklif edirik: 

1.    Tərkibində ae, ea, eə, eo  io qoşa saiti işlənən sözlərin tələffüzü zamanı ilk saitin əvəzinə y samiti tələffüz olunur: aerodrom [ayrodrom], aeroport [ayroport], okean [okyan], realizm [ryalizm], teatr [tyatr], teorem [tyorem], radio [radyo]

2.    ii, ai, iə,, əi, ai, iu  yanaşı saitlərinin  işləndiyi sözlərdə tələffüz zamanı iki sait arasına y samiti əlavə olunur: təbii [təbiyi], bədii [bədiyi], ailə [ayilə], faciə [faciyə], zəif [zəyif], kalium [kaliyum]

3.    Tərkibində əa, eo, üa, üə saitləri yanaşı işlənən alınma sözlərdə tələffüzdə ilk sait düşür: fəaliyyət [faliyət], səadət [sadət], müalicə [malicə], müavin [mavin], müəllim [məllim], müəllif, [məllif] və s.

4.    Tərkibində au, ua, üa, ue, uə yanaşı saitləri işlənən alınma sözlər yazıldığı kimi tələffüz olunur: aktual [aktual], aul [aul], dua [dua], duel [duel], məcmuə [məcmuə], mətbuat [mətbuat], pauza [pauza], Rauf [Rauf],       taun [taun], Zaur [Zaur] və s.

Tərkibində əa, eo, üa, üə saitləri yanaşı işlənən alınma sözlərin tələffüzü ilə bağlı bir məqama toxunmaq istərdik. Yeni layihədə qeyd olunur ki, “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur”. Səadət, müalicə, müavin, müəllim kimi sözləri əhatə edən bu məqamla bağlı aparılmış eksperimentin nəticələrinə görə, bu sözlərin tələffüzü zamanı ilk sait düşür, yəni tələffüz olunmur, ikinci sait adi uzunluqda tələffüz olunur (95-110 m.s.). Müqayisə üçün bildirək ki, tanınmış sənət adamlarının ifasında səsləndirilmiş klassik şeir nümunələrinin (qəzəl) təhlili zamanı bu tipli sözlərdə saitin uzunluğu 244-356 m.s. ([məka:n], [güma:n]...) olaraq qeydə alınmışdır. 

Kazım Ziyanın “Səhnə dili haqqında” əsərində tərkibində qoşa sait olan alınmaları fərqli bəndlərdə verməsi, fikrimizcə, təsadüfi deyil: “Əvvəli, ortası və sonu “ia”, “ea”, “io” və “ion” ilə yazılan beynəlmiləl sözlər danışıqda “ya”, “yo”, “yon” (iyon) ilə deyilir. Məsələn, Materializm [materyalizm], dialoq [diyaloq], diaqramma [diyaqramma], dialektika [diyalektika], milliard [milyard], diaqnoz [diyaqnoz], realizm [riyalizm], teatr [tiyatr], idealist [idiyalist], bioloji [biyoloji], radio [radyo], pioner [piyoner], million [milyon]” (Kazım Ziya. “Səhnə dili haqqında”. B., 1947. s.16). “Əslində I və II hecaları arasında “əa” ... səsli sözlər “aa” ... səsləri ilə əvəz edilir: səadət [saadət]”  (s.45). “Əslindә I vә II hecaları arasında "ü-a", “ü-ha" sәslәri olan әrәbcәdәn dilimizә keçmiş sözlәr deyilişdә “-a-a” “a-ha” sәslәri ilә әvәz edilir: müavin [maavin], müalicә [maalicә], müasir [maasir], mühakimə [mahakimə], mühafizə [mahafizə], müharibə [maharibə], müayinə [maayinə], müamilə [maamilə] (s.45). “Sonu “iat” və “ium” şəkilçiləri ilə yazılan beynəlmiləl sözlər danışıqda “yat”, “yun” ilə deyilir: proletariat [proletaryat], komissariat [komisaryat], konsilium [konsilyum], akvarium [akvaryum]”  (s.44). 

Münasibət bildirmək istədiyimiz digər bənd 2.7.-dir.

2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz [novruz], növbə [növbə], şövkət [şövkət], şövq [şövq], tövbə [tövbə] və s.

M.Şirəliyev tərkibində ov, öv hərf birləşmələri olan sözlərin tələffüzü ilə bağlı yazır: “Söz ortasında vә çoxhechalı sözlәrin axırında açıq dodaq saitlәrindәn (o, ö) sonra gәlәn (v) sәsi düşür özündən әvvәlki saitin uzanmasına sәbәb olur: мәs.: d(o:)şan, y(о:)şan, d(o:)ğа, (o:)mağ, t(o:)uz, q(o:)urma, buz(o:), al(o:), oxl(o:), d(ö:)lәt, n(ö:)bə, bül(ö:) və s.”Qeyd: ruscadan gәlmiş vә familiya bildirәn ov şəkilçisinin sonundakı (v) sәsi tәlәffuzdәn düşmür (Mәmmәdov, Һәsәnov, Qulamov vә s.)   (M.Şirəliyev, Azərbaycan dili orfoepiyasının əsasları.  B.. 1968. s.15).
 Bu sözlərin tələffüzü ilə bağlı Ə.M.Dəmirçizadənin fikri müəyyən qədər fərqlidir: “Aşağıdakı һallarda (o) saiti azacıq uzadılaraq tәlәffüz olunur. 1. Sözün (ov) fonetik tərkibi ilə bitən birinci örtülü hecasındakı (v) samiti düşür, (o) saiti isә uzun tələffüz olunur: məs.,: do:şan (doşan), do:ğa (dovğa), lo:ğa (lovğa), ço:dar (çovdar), so:qat (sovqat)... QEYD: Burada uzanan (o) səsini sona doğru azacıq (u) çalarlığında, daha doğrusu bir qədər (ou) diftonqu çalarlığında tələffüz etmək məslәһәtdir;  məs.: çoudar, douşan.  2. Azərbaycan  әdәbi dilindә (ov) fonetik tərkibi ilә bitən bir neçə söz var ki, bunların da tәlәffüzündә (v) düşür (o) saiti (ou) çalarlığında azacıq uzadılır  məs.: plou,  alou, buzou, qırou...” (Ə.M.Dəmirçizadə.  Azərbaycan dili orfoepiyasının əsasları.  B. 1969. s.27).

“Müasir Azarbaycan әdәbi dilindә birinci hecası (öv) səsləri ilə, ikinci һecası isə incə saitlərdən biri ilə, xüsusən (ә) saiti ilə formalaşan bəzi alınma sözlərin ilk hecasının  sonundakı (v) samiti tələffüzdə adәtәn düşür, bunun  əvəzində isə  (ö) saiti azacıq uzun və sona doğru enişli diftonq (ö:ü)  çalarlığında tәlәffüz olunur: mәs., tö:übə (tövbə), nö:übə (növbә), kö:üşәn (kövşәn), kö:ürək (kövrək); tö:üsiyә (tövsiyə), Kö:üsәr (Kövsər), Şö:ükət (Şövkət), Shö:üqi (Şövqi) .... Azərbaycan dilindә (öv) sәslәri ilə bitən bir neçə söz də var ki, bunların tələffüzündә sonundakı (v) düşür və (ö)  çalarlığında tələffüz olunur, məs.,  bütöü (bütöv), bülö:  (bülöv), kösö:ü (kösöv)”. (Ə.M.Dəmirçizadə. Azərbaycan dili orfoepiyasının əsasları. B.. 1969. s.32).

Ə.Əfəndizadə bu məqamla bağlı yazır: “Söz başında və söz ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur; Məsələn: dovşan d[o:]şan, yovşan y[o:]şan, qovurma q[o:]urma, sovqat s[o:]qat, qırqovul qırq[o:]ul, çovdar ç[o:]dar, dovğa d[o:]ğa, lovğa l[o:]ğa, çovğun ç[o:]ğun, ovuc [o:]uc, ovxalamaq [o:]xalamaq, ovuşdurmaq [o:]uşdurmaq və s. ... tövlə t[ö:]lə, lövbər l[ö:]bər, növbə  n[ö:]bə, cövhər c[ö:]hər , tövbə t[ö:]bə, bənövşə bən[ö:]şə, dövlət  d[ö:]lət və s. Bu orfoepik qaydada alınma sözlərin bir hissəsinə aid deyil; Məsələn: zövq, şövq, dövran, gövdə və s. Ə.Əfəndizadə. Orfoqrafiya-orfoepiya lüğəti. B., 2009 (s.134).
Kazım Ziya tərkibində ov, öv hərf birləşmələri olan sözləri tələffüz qaydaları nəzərə alınmaqla bir neçə qrupa ayırmışdır: “Bu sözlərin birinci hecası “ov” ilə deyilməlidir: dovşan, yovşan, yovuşmaq, sovuşmaq, sovurmaq, yovuq, qovun, qovurma, qovmaq, tovuz, çovdar, qovğa, çovğun, şovgərib”. Bu sözlərin birinci hecası azca uzadılaraq deyilməlidir : loğa, doğa... Qeyd : ... növbə, töbə, nöbət, ... kimi sözlərin də birinci hecaları azca uzadılaraq deyilməlidir”. (Kazım Ziya.  Səhnə dili haqqında. B., 1947. s.16)

Qeyd edək ki, TQDK-nin “Orfoqrafiya-orfoepiya lüğəti”ndə bu sözlərin tələffüzü ilə bağlı  sözlər iki qrupa ayrılmışdır: “Sözün əvvəlində və ortasında gələn ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdə düşür və o, ō saitləri bir qədər uzun tələffüz edilir: dovşan - [do:şan], Novruz - [no:ruz], dovğa - [do:ğa] , lovğa - [lo:ğa], çovğun - [ço:ğun], ovxalamaq - [o:xalamax], tövbə - [tö:bə], növbə [nö:ba], dövlət-[dö:lət], bənövşə - [bənö:şǝ] və s. Qeyd. Tǝkhecalı sözlərdə və çoxhecalı sözlərdə səsdüşümü və uzanma özünü göstərmir: zövq, sövq, şövq, plov, bülöv, mövsüm, mövcud, mövqe, dövran, dövrə, dövri, dövriyyə və s.”. (TQDK. Orfoqrafiya-orfoepiya lüğəti. B., 2012. s.153).
Göründüyü kimi, tərkibində ov, öv hərf birləşmələri olan sözlərin tələffüz xüsusiyyətləri ilə bağlı fərqli dövr və yanaşmadan asılı olaraq, demək olar ki, bütün hallarda samit düşümü və sait uzanması faktından bəhs olunur. Apardığımız eksperimentin nəticələrinə görə, ədəbi dil normalarına uyğun tələffüz zamanı bu sözlərdə səs düşümü və səs uzanması müşahidə olunmadı. Bu sözlərdə akustik parametrlərinə görə 45/60/75 m.s. davamlılığa malik samit (v//f), eləcə də adi uzunluqda tələffüz olunan sait səs qeydə alındı. Müşahidə olunan fərqli məqam ondan ibarətdir ki, ov, öv hərf birləşmələrindən sonrakı samitin təbiətinə görə - kar və ya cingiltili olmasından asılı olaraq hərf birləşməsi ov//of kimi tələffüz olunur. Bu baxımdan, 2.7.-ci bəndin bu redaktədə təqdim olunmasını təklif edirik:
2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə növbəti samit cingiltilidirsə [ov], kardırsa [of] şəklində tələffüz edilir: cövhər [cöfhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [möfsüm], novlu [novlu], novruz [novruz], növbə [növbə], şövkət [şöfkət], şövq [şövq], tövbə [tövbə] və s.

Diqqətdən kənarda qalan bir məsələ ilə bağlı fikrimizi bildirmək istərdik. Tələffüz normalarından bəhs etdikdə tam və sərbəst üslub fərqləndirilməlidir. Bəzi qrammatik formaların istifadəsi zamanı, eləcə də nitqin tempi ilə bağlı məsələlərdə buna xüsusilə  diqqət yetirilməlidir. Məsələn,  4.3.-cü maddədə qeyd olunur ki, “Zərf düzəldən -la2 şəkilçisi, həmçinin ilə bağlayıcısı və qoşmasının şəkilçiləşmiş -la2 forması [-nan2] şəklində vurğusuz tələffüz olunur: atamla anam [atamnan anam], bacımla [bacımnan], cəsarətlə [cəsa:rətnən], qələmlə [qələmnən], namusla [namusnan], sürətlə [sürətnən], telefonla [telefonnan] və s Qeyd. İlə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda, [-ynan], [-ynən] kimi tələffüz olunur: atası ilə [atasıynan], dostu ilə [dostuynan], gözü ilə [gözüynən], nənəsi ilə babası [nənəsiynən babası] və s.”. Fikrimizcə, bu sərbəst üslub üçün məqbuldur, rəsmi üslubda tam üslubun tələbinə uyğun olaraq, “ilə” və “-la, -lə” işlədilməlidir. 
Azərbaycan dilinin tətbiqi ilə bağlı son illərin dil situasiyasının təhlilinə əsaslanaraq yüksək işlənmə tezliyi ilə diqqəti cəlb edən bəzi məqamları aradan qaldırmaq məqsədilə layihədə əlavə olaraq bu bəndlərin nəzərə alınmasını təklif edirik:

1.    Azərbaycan dilinə rus dili vasitəsilə daxil olmuş bir sıra Avropa mənşəli sözlərin tərkibində işlənən samitlər  (dʹ, tʹ, lʹ və ц) transliterasiya olunaraq Azərbaycan dilinin fonemlər sistemində mövcud  qarşılığı kimi tələffüz olunur:  [sentʹyabr] -  [sentyabr], [antʹi-tʹerror] - [anti-terror], [tʹemp] -[temp], [ipotʹeka] - [ipoteka],  [kollektʹiv] - [kollektif],  [aktʹiv] - [aktif], [pozitʹiv] - [pozitif],  [tʹexnika] - [texnika], [tʹipli] - [tipli], [dʹemokratʹiya] - [demokratiya], [d'eputat] - [deputat],  [akad'emik] - [akademik], [dʹieta] - [diyeta], [lid΄er] - [lider], [kollekцiya] - [kolleksiya], [koordʹinaцiya] - [ko:rdinasiya], [reцept] - [resept], [reakцiya] - [reaksiya], [rolʹ] -[rol],  [dublʹ] -[dubl],   [rublʹ] - [rubl].
Bu bəndin verilməsi ilə bağlı zərurət iki məqamla bağlıdır: 1. Azərbaycan dilinin fonemlər sistemində qeyd olunan səslər (dʹ, tʹ, lʹ və ц) mövcud deyil. 2.  Bu hal kütləvi səciyyə daşıyır. Alındığı dilin tələffüz normasını (bu sözlər müxtəlif Avropa dillərinə mənsub olsa da, rus dili vasitəsilə dilimizə keçdiyindən adətən, yumşaq samitlə tələffüz olunur) və fonem inventarını əks etdirməklə yanaşı, dilimizdə proses artıq fərqli istiqamətdə davam edir: qeydʹiyyat, aid'iyyatı,  izd'iham, d'ini, id'd'ia, Mehdʹiyev, Səud'iyyə ... Göründüyü kimi, tədricən bu proses dil strukturuna fonem səviyyəsində destruktiv təsir göstərir. Unutmaq olmaz ki, “Norma – hər bir dil daşıyıcısının can atmalı olduğu idealdır. Bu cəhdin uğurla həyata keçirilməsindən yalnız ... nitqin təmizliyi deyil, dilin səs sisteminin gələcək tarazlığı da asılıdır” (L.A.Verbitskaya).

2.    Bəzi sözlərin, xüsusilə coğrafi adların vurğusu son hecadan əvvələ deyil, son hecadakı saitin üzərinə düşür: tránsfer - transfe′r, nécəsiz - necə′siz, istəsə́lər də - istəsələ′r də, enérji - enerji′, olsálar da - olsala′r da, fóto - foto′, ágentlik - agentli′k,  rékord - reko′rd, İstánbul - İstanbu′l, Ankára - Ankara′, Déhli - Dehli′,   Ərzí́ncan - Ərzínca′n və s.

3.    Ünsiyyətdə psixoloji  «etibarlılıq» həddinin 1 dəqiqədə 120 söz olduğunu nəzərə alaraq (insan 1 dəq.-də 300 söz də tələffüz edə bilər) nitqin tempi üçün norma 120-180 söz təşkil edir.
Təkamül prosesində nitq və eşitmə aparatı paralel şəkildə inkişaf etdiyindən insan məhz nitq siqnallarını digər səslərdən daha yaxşı eşidir. Bir saniyədə insan 30-a qədər nitq vahidini, yalnız 1 başqa vahidi qavramaq iqtidarındadır. Nitq siqnalının perseptiv seqmentasiyası nitqin qavranılmasının başlıca mərhələlərindəndir. Bu prosesdə akustik “açar” rolu oynayan əlamətlərin xüsusi rolu var. Bütövlükdə qavrama təfəkkürün “dərin” qatlarındakı hazır modellərə əsaslandığından dilin tipoloji quruluşundan və tarixi inkişaf xüsusiyyətlərindən asılı olaraq müxtəlif dillər üçün fərqli ola bilər. Alınmaların hər bir dildə mövcud “qəlib”lərə uyğunlaşdırılması bu baxımdan təbiidir. Təhlil və aparılan təcrübələr  göstərir ki, xətti vahidlərin adi düzülüşündən (semantik və qrammatik məna) daha çox superseqment vahidlər – vurğu və intonasiya akustik “açar” kimi çıxış edərək nitqin düzgün və rahat qavranılmasına şərait yaradır. İnformasiya təhlükəsizliyində, eləcə də  kriminalistikada hər bir insan üçün fərdi olan xüsusiyyətlərdən – biometrik əlamətlərdən istifadə olunur. Barmaq izi, gözün torlu qişası kimi insanın səsi də fərdi biometrik səciyyəyə malikdir.  Müxtəlif dillərin “yaşaması”, ölü dilə çevrilməməsi də hər bir dildə - hətta qohum dillərdə belə - fərdi, unikal “cizgilərin” olması ilə bağlıdır. Bu özəlliklərin aradan qalxması dilin də tarix səhnəsindən silinməsinə gətirib çıxarır. Bu əlamətlərlə bağlı xüsusi tədqiqatlar olmasa da (təəssüf ki...) linqvostatistik araşdırmaların nəticələri və əldə olan bir çox faktlar onların  bəzilərini müəyyən etməyə imkan verir. “Dil milli mənəviyyatın (ruhun) formalaşması ilə sıx surətdə bağlıdır – o, xalqın ruhunun xarici təcəssümüdür” – deyən V.Humboldt (В. Гумбольдт, 1984. s.68) qeyd edir ki, “Dilə özünəməxsusluq qazandıran əsas başlanğıc təfəkkürdə mövcud olan ilkin milli kimlik, xarakter, yəni, qazanılmış təcrübə, hissiyyat və əhval-ruhiyyənin məcmusudur. Müxtəlif xalqlarda gerçəkliyə münasibətdən asılı olaraq bu mənəvi güc fərqli – hissi və ya rasional şəkildə təzahür edir” (В. Гумбольдт, 1984, s.55; 173).  Dil və etnotəfəkkürün  qarşılıqlı əlaqəsi hətta bədii təfəkkürün obrazlı ifadəsində belə, əks olunur. Xalqın ruhu onun bədii yaradıcılıq üsulunu seçməsini şərtləndirir – düşünürük ki, ərəblərin əruza üstünlük verməsi (dəvə ləngəri təəssüratı), avropalıların ruhuna uyğun sərbəst şeiri seçməsi, türklərin iltisaqiliyin təqdim etdiyi “ölçü-biçili” heca vəznindən daha çox istifadə etməsi təsadüfi deyil, etnopsixoloji, linqvokoqnitiv amillərlə şərtlənən qanunauyğun faktdır. Odur ki, alınmaların mənimsənilməsi dilin öz ruhuna uyğunlaşdırılmalıdır.
 

 

 





18.11.2022    çap et  çap et