525.Az

Süveyş kanalının tarixçəsi - ARAŞDIRMA


 

Süveyş kanalının tarixçəsi - <b style="color:red">ARAŞDIRMA</b>

1869-cu il noyabrın 17-də Misirin şimal-şərqində Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalının açılması ilə bağlı təntənəli mərasim keçirilib. Bortunda III Napoleonun həyat yoldaşı Eugenie və kanalın əsas qurucusu, fransız mühəndis Vikont Ferdinand Mari de Lesseps olan "Aigle" gəmisi tarixə kanaldan keçən ilk gəmi kimi adını yazdıra bilib.

Tikinti işlərinin ilkin mərhələsində Misirdə yoxsulların məcburi əməyindən istifadə etməklə torpaq işləri aparılırdı. Texniki nöqteyi-nəzərdən 11 il çəkmiş tikinti o qədər də mürəkkəb deyildi: bu, sadəcə olaraq 163 km uzunluğunda bir xəndək idi, lakin bu layihə Misiri sözün əsl mənasında məhv etdi deyə bilərik. Belə ki, 1876-cı ildə ölkə müflis elan edildi. Bu daha sonra kreditor dövlətlər - Fransa və İngiltərə tərəfindən ona maliyyə nəzarətinin qurulmasına səbəb oldu.

Kanal dünya ticarətinə dərhal və əvəzolunmaz təsir göstərdi. Birinci Transkontinental Dəmir Yolunun istifadəyə verilməsi və Süveyş kanalının fəaliyyətə başlamasıyla bütün dünyanı rekord müddətdə dövrə vurmaq mümkün oldu. 

Kanal, su nəqliyyatının Afrika ətrafında dolaşmadan Avropa və Asiya arasında hər iki istiqamətdə keçməsinə imkan verir. Kanalın açılışına qədər daşımalar Aralıq dənizi ilə Qırmızı dənizlər arasında boşaldılan gəmilərlə və quru nəqliyyatı ilə həyata keçirilirdi. 

Kanal Afrikanın genişlənməsi və daha da müstəmləkələşdirilməsində də mühüm rol oynayıb. Bu günə qədər Süveyş kanalı Misirin əsas büdcə formalaşdıran layihəsidir. Bəzi ekspertlərin fikrincə, kanal ölkəyə neft hasilatından, inkişaf etmiş turizm infrastrukturundan da çox pul gətirir.

Malik Atilay

 





18.11.2022    çap et  çap et