525.Az

İranın bitməyən Ermənistan sevgisi


 

İranın bitməyən Ermənistan sevgisi<b style="color:red"></b>

 Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən bu yana, 30 ildən çoxdur ki, İran bütün antitəbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı məkrli addımlar atır, nifrət yağdırır. Azərbaycanın Vətən müharibəsində qələbəsindən və ərazi bütövlüyünü bərpa etməsindən sonra isə molla rejimi artıq açıq müstəvidə öz qərəzini, düşmənçiliyini nümayiş etdirdi, eyni zamanda ölkəmizin daxili işlərinə qarışmağa cəsarət etdi. "Qırmızı xətlər" barədə bəyanat verən molla rejimi işğal müddətində olduğu kimi indi də məscidləri, islam abidələrini təhqir edən, dağıdan Ermənistanı yanında olduğunu göstərdi. Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90-cı illərdə İran Ermənistan üçün bir nəfəslik olub. İran Ermənistana böyük dəstək göstərib və bu gün də göstərməkdə davam edir. İran İslam dinini təhqir edən Ermənistanı özünə çox yaxın dövlət, dost  hesab edən Tehran hansı İslam dəyərlərindən, İslam həmrəyliyindən danışa bilər? Ümumiyyətlə buna haqqı çatırmı?! Əlbəttə ki, yox.

Bu ölkədə 40 milyona yaxın azərbaycanlıya molla rejiminin münasibəti də məlumdur. İran milyonlarla həmvətənimizin bütün hüquqlarını əlindən alıb.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, BMT-nin İnsan Hüquqları Şurasında 24 noyabrda "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda sessiya keçiriləcək. Bu sessiyanın əsas təşəbbüskarları İslandiya və Almaniyadır və 44 dövlət bu təşəbbüsdü dəstəkləyib.

O bildirib ki, Cənubi Azərbaycanda olan soydaşlarımızın hüquqlarının sistematik şəkildə pozulması xüsusilə vurğulanmalıdır. Soydaşlarımızın assimiliyasiya edilməsi istiqamətində fəal siyasət aparılır. Eyni zamanda, Urmiya gölünün qurudulması və azərbaycanlılara məxsus sərvətlərin talançılığı icra olunur. Urmiya gölünün qurudulmasına qarşı çıxan şəxslər təqib olunur, siyasi repressiyalara məruz qalır, həbs edilir və müxtəlif formalarda cəzalandırılır.

"Azərbaycanlıların ana dilində oxumaq, yazmaq, təhsil almaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları tam məhdudlaşdırılır. Regionda müsəlman dövlətləri ilə əhatə olunan və islam dəyərləri üzərində dövlət idarəediciliyi həyata keçirən İran İslam Respublikası yalnız Ermənistanla yaxşı münasibətlərdədir. İraqda, Suriyada, Livanda və Yəməndə müxtəlif terrorçuluq hərəkətlərinin icrasında terror qruplaşmalarının silahlandırılmasında, eləcə də ideoloji müharibənin icrasında İranın qanlı əməlləri var. İran Yaxın Şərqin qan gölməçəsinə çevirilməsində fəal rol oynayır. Bütün bunlara baxmayaraq, İran tərəfi eyni zamanda Rusiyaya pilotsuz uçuş aparatlarının verilməsi ilə bütün dünyada gedən xaosa və anarxiyaya da dəstək olur", - politoloq vurğulayıb.

Əlavə edib ki, Tehran rejimi dünya siyasətində gərginliyin artması istiqamətində rəsmi fəaliyyət göstərir: "Yerləşdiyi regionda mənfi addımlar atmasına, insan hüquqlarının pozulmasına rəğmən, həm də öz coğrafi bölgəsindən kənarda da destruktiv hərəkətlər icra edir. Buna görə də İnsan Hüquqları Şurasında bu məsələlər gündəliyə qalxmalıdır və bizim İranda olan soydaşlarımızın hüquqları ilə bağlı məsələlər də əsas prioritet təşkil etməlidir. Çünki insan hüquqları İranda kobud şəkildə pozulur və 35 milyondan çox soydaşımız daim təqiblərə məruz qalır. Bu xüsusda məhz BMT-də azərbaycanlıların məsələsi də gündəliyə qalxmalıdır və bu beynəlxalq təşkilat da İranı qınayan qətnamə qəbul etməlidir".

Beynəlxalaq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətovun sözlərinə görə, son dövrlər İranın Azərbaycana qarşı yönəltdiyi siyasət bundan xəbər verir ki, İran Azərbaycanın güclənən nüfuzunu qəbul edə bilmir. İran daxilində baş verən proseslər Cənubi Azərbaycan faktorunun ortaya çıxması və s. Tehran rejimini narahat edən məsələlərdir: "Hesab edirəm ki, belə olan halda İranın indiki vəziyyətdə ölkə daxilindəki proseslərdən fikrini yayındırmaq üçün ən optimal variant Azərbaycana qarşı belə təxribat hallarını artırmaq və bu proseslərdən istifadə edərək ölkə daxilində fikri yayındırmaq, bunu Azərbaycana tərəf fokuslandırmaqdan ibarətdir. Bununla paralel olaraq Ermənistana yaxşı görünməyə çalışır. Çünki İranın Ermənistan sevdası artan xətt üzrə davam edir və orada Qafanda açdığı konsulluqdan sonra İran tərəfinin Ermənistana dron satmaqla verdiyi dəstək, bunların hər biri, əslində, bu və digər formada İran Azərbaycan münasibətlərinə ciddi zərbə vuran amillərdən hesab oluna bilər".

S.Hümbətov söyləyib ki, Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarına sahib çıxması da İranı ciddi narahat edən səbəblərdir. İran ərazisində yaşayan 40 milyon Cənubi Azərbaycan türkü var və bu da onu narahat edir: "Həmçinin, Fransa əzəli və əbədi formada anti-Azərbaycan, antimüsəlman mövqeli bir dövlətdir. Hazırda Ermənistanla münasibətləri yüksək səviyyədədir və bu ondan xəbər verir ki, Fransa, əslində, erməni lobbisinin təsiri altında olmaqla bərabər, həm də öz nifrətini bu formada Ermənistan üzərindən yağdırmağa çalışır.

Düşünürəm ki, belə bir hərəkətin edilməsi Azərbaycana ciddi təsir edən amillər deyil. Lakin sözügedən dövlətlərə ciddi təsir edən amillərdir. Bu isə o deməkdir ki, bu proseslər gələcəkdə onlar üçün daha böyük problemləri yaradacaq".

 

 





19.11.2022    çap et  çap et