525.Az

“Qətər Dövləti dünya çempionatına ən yüksək səviyyədə hazırlaşıb”


 

SƏFİR: "İNKİŞAF ETMİŞ SİVİL DÖVLƏT OLARAQ HƏYATA KEÇİRDİYİMİZ BÜTÜN BEYNƏLXALQ LAYİHƏLƏRDƏ BƏŞƏRİ DƏYƏRLƏR ƏSAS GÖTÜRÜLÜR"

“Qətər Dövləti dünya çempionatına ən yüksək səviyyədə hazırlaşıb”<b style="color:red"></b>

Noyabrın 20-dən dekabrın 18-dək Qətər Dövləti futbol üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək. Məlumata görə, oyunlar ən müasir tələblərə cavab verən 8 stadionda keçiriləcək. Stadionların hər biri Qlobal Davamlılığın Qiymətləndirilməsi Sistemi (GSAS) sertifikatı alıb, üç stadion dörd ulduz, digərləri isə beş ulduz kateqoriyasına layiq görülüb. Elə dünya çempionatının bu günlərdə paytaxt Dohada təqdim edilən loqosunda "səkkizlik" formasında olan işarə də stadionların sayını və sonsuzluq simvolunu göstərir.

Dünyanın ən mötəbər idman yarışının keçiriləcəyi Qətər Dövləti xeyli müddətdir ki, diqqət mərkəzindədir. Ölkə ilə bağlı bəzi iddialar irəli sürülüb, ev sahibliyinin alınmasına dair çağırışlar olub. Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab "525-ci qəzet"ə müsahibəsində ölkəsinin DÇ-2022-yə hazırlığı, səfər edəcəyi gözlənilən azarkeşlərin sayı, yuxarıda qeyd etdiyimiz bəzi iddialara aydınlıq gətirib.

 

- Cənab səfir, yaxın günlərdə bütün dünyanın diqqəti futbol üzrə dünya çempionatının keçiriləcəyi Qətərə yönələcək. Ölkəniz dünya çempionatına necə hazırlaşıb?

- Futbol üzrə dünya çempionatının keçirilməsi dünyada baş verən ən mühüm hadisələrdən biridir. Qətər bu idman növündə yerləşdiyi regionu təmsil edir. Bu, onu göstərir ki, Qətər ərazicə kiçik olsa da, dünya səviyyəli böyük bir layihəni həyata keçirməyə qadirdir. Dünya çempionatının başlanmasına sayılı günlər qalıb. Biz bütün dünyanın səbrsizliklə və həvəslə gözlədiyi ən böyük idman tədbirinin keçirilməsi ərəfəsindəyik. Qətər Dövləti bu möhtəşəm çempionata ən yüksək səviyyədə hazırlaşıb. Belə ki, Qətər 12 il əvvəl - 2010-cu ildə çempionata ev sahibliyi qazandıqdan sonra ölkə tarixində bütün sahələrdə görünməmiş səviyyədə böyük işlər görülüb. İnfrastrukturun inkişafı məqsədilə irimiqyaslı layihələr həyata keçirilib. Hesab edirik ki, Yaxın Şərqdə ilk dəfə bir ərəb ölkəsində baş tutacaq bu çempionat bütün dünyaya ərəb-İslam qonaqpərvərliyini nümayiş etdirmək üçün bir fürsət verəcəkdir.

- Qətər həm də ən bahalı dünya çempionatına ev sahibliyi edəcək. Bunun üçün 200 milyard dollardan çox vəsait sərf olunduğu barədə məlumatlar var. Xərcin belə böyük olmasının səbəbi nədir?

- Bəli, qeyd etdiyiniz kimi bu çempionata hazırlıq məqsədilə Qətər Dövlətinin 200 milyard dollar həcmində  vəsait xərclədiyi deyilir. Əslində isə dünya çempionatına xərclənən vəsait təxminən 6 - 6,5 milyard dollar civarındadır. Qalan xərclər isə Qətər Dövlətinin inkişafı ilə əlaqədar "Qətər 2030" çərçivəsində nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə sərf olunub. Bu inkişaf proyekti bütün ölkə boyu yüksək tələblərə cavab verən müasir texnologiyaların da tətbiq olunduğu və onları özündə əks etdirən körpü və yolların çəkilməsi, metro xətləri və stansiyalarının salınması, ən müasir avadanlıqlarla təmin olunmuş xəstəxana və müalicə ocaqlarının inşası və yenidən qurulması, "Hamad" Beynəlxalq Hava Limanının tikilməsi və işə salınmasını əhatə edir. Sadəcə dünya çempionatı bu layihənin icrasını sürətləndirdi.

- Futbol oyunlarını izləmək üçün ölkəyə nə qədər turistin gələcəyi proqnozlaşdırılır?

- FİFA-nın təsdiq etdiyi məlumata görə, bu günə kimi DÇ-2022 oyunlarına təxminən 3 milyon bilet satılıb. Oyunları izləmək üçün ölkəyə gələcək futbol azarkeşlərinin sayına gəlincə, onların sayının təxminən 1,5 milyon nəfər olacağı gözlənilir. Yəni bu, o deməkdir ki, Qətərə gələcək azarkeşlərin bir çoxu bir neçə oyunu izləmək üçün artıq bilet alıblar.

- Sizin futbola marağınız və azarkeşlik etdiyiniz komanda barədə fikirlərinizi eşitmək də maraqlı olardı...

- Mənim idmana marağım uşaqlıq illərindən başlayıb. Bu maraq idmanın futbol növünü mənə sevdirib. Kiçik yaşlarımdan başlayaraq klublarda futbolla məşğul olmuşam. Sevdiyim və azarkeşlik etdiyim futbol klubu isə Barselonadır.

- Azərbaycan və Qətər arasında viza rejimi tələb olunmur. Oyunları izləmək üçün səfər edəcək turistlərə ölkəyə girişlə bağlı digər hansısa tələb varmı?

- Bildiyiniz kimi, Qətər və Azərbaycan vətəndaşları hər iki ölkəyə səfər edərkən viza tələbindən azaddırlar. Lakin indi çempionatın başladığı bir dövrdə ölkəmizə giriş icazəsi yalnız bilet almış şəxslərə verilir.

- Cənab səfir, zaman-zaman dünya çempionatına ev sahibliyinin Qətərdən alınmasına dair bəzi ölkələrin siyasətçilərinin fikirlərinə rast gəlindi. Buna münasibətiniz necədir?

- Bəli, Qətərin 2010-cu ildə bu tədbirə ev sahibliyi edəcəyi məlum olduqdan bu günə kimi ölkəmizə qarşı müxtəlif iddialarla belə çağırışlar olub. İstər tikintidə işləyən fəhlələr, istərsə də digər məsələlərlə bağlı daim bizə qarşı müəyyən tənqidlər səsləndirilib. Bu, təbiidir, ancaq eyni zamanda bunların hamısı iqtisadi maraqlara xidmət edir. Heç də reallığı özündə əks etdirmir. Qətər bu dövr ərzində tikinti işlərində çalışanların hüquqlarının qorunması ilə bağlı çox böyük islahatlar keçirdi. Ölkəmizdə beynəlxalq səviyyədə ofislər açıldı və onların vasitəsilə orda çalışanların hüquqlarının qorunması təmin edildi. Qətər işçi qüvvəsi əməyinin qiymətləndirilməsi baxımından dünyada birincilər sırasındadır. Beynəlxalq təşkilatların, o cümlədən FİFA, Beynəlxalq Əmək Təşkilatı tərəfindən təqdim olunmuş hesabatlar da bunların əsassız olduğuna sübutdur. Qətər inkişaf etmiş bir sivil dövlət olaraq həyata keçirdiyi bütün beynəlxalq layihələrdə bəşəri dəyərləri əsas götürür.

- Qətər komandasının dünya çempionatında  şanslarını necə qiymətləndirirsiniz?

- Qətər yığmasının futbol çempionatında şansları ilə bağlı nikbin düşüncədəyəm. Çünki son zamanlar Qətər yığması həqiqətən yüksək səviyyəli oyun nümayiş etdirir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, Qətər 2019-cu ildə keçirilmiş futbol üzrə Asiya kubokunun qalibi olub. Futbol üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək Qətər Dövləti, 2023-cü ildə həmçinin, futbol üzrə Asiya kuboku yarışlarına da ev sahibliyi edəcək. Sonda Qətərin sahib olduğu dünya səviyyəli infrastruktur və təşkilatçılıq qabiliyyəti sayəsində hər iki çempionat üzrə yarışların yüksək səviyyədə təşkil olunacağına əminliyimi vurğulamaq istəyirəm.

 

 

 





19.11.2022    çap et  çap et