525.Az

"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirildi


 

"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirildi<b style="color:red"></b>

Noyabrın 17-də ADA Universitetində "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib. Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.

Tədbirin əvvəlində Humay Quliyeva haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib. Filmdə Humay Quliyeva ilə birlikdə təhsil almış, çalışmış dostları xatirə və təəssüratlarını bölüşüblər.

ADA Universiteti prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva təhsilə yardım göstərən ictimai institut və xeyriyyə fondlarının Azərbaycanın təhsil sisteminə böyük töhfə verdiyini bildirib.

Humay Quliyevanın fəaliyyətindən danışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koyiç onun Ukrayna və Kolumbiyada Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi öz işinin öhdəsindən ləyaqətlə gəldiyini qeyd edib: "Humay bizim hər zaman can atdığımız insanlıq nümunəsi idi. Onun gözəl qəlbi vardı".

Fondun prezidenti, Humay Quliyevanın anası Şəhla Vəzirova qızı ilə bağlı xatirələrini bölüşüb: "Humay hələ məktəbdə ikinci sinifdə oxuyurdu, bir gün gəlib dedi ki, bizim sinifdə bir qız var, atası ölüb, qız çox qəmgin idi, mən ona dedim ki, mənim atamın nə atası var, nə də anası, ancaq o, həmişə şəndir. Sən də şən olacaqsan. Təsəvvür edin, balaca uşaq idi, onun yaşıdları oynayır, əylənirdi, o isə sinif yoldaşının halını hiss edir, ona təsəlli verməyə çalışırdı".

Fondun fəaliyyətinin əsas prinsiplərindən danışan Şəhla Vəzirova deyib ki, "Huma quşu" Təhsilə Yardım Fondu kommersiya məqsədi güdməyən, qeyri-hökumət təşkilatıdır: "Əsas məqsəd imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına, cəmiyyət üçün faydalı insanların, Humay kimi xeyirxah, vətənpərvər gənclərin yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa, Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmalarına və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərəcək. Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın təhsilə, kitaba, oxuyub-öyrənməyə sonsuz məhəbbəti ilə bağlıdır. Fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir. Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. Fondun fəaliyyətinin həyata keçirilməsində Humayın qohumları, yaxın dostları və rəfiqələri könüllülük prinsipi əsasında təmənnasız şəkildə iştirak edirlər".

Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə fondun fəaliyyət istiqamətləri haqqında danışarkən bildirib ki, qərarlar kollegiallıq, dürüstlük və Nizamnamədə əksini tapan digər prinsip və meyarlara əsasən qəbul edilir. O vurğulayıb ki, fondun təhsilə dəstək və təqaüd proqramları, o cümlədən, 2023-cü ilin magistr təqaüd proqramı var.

Tədbir çıxışlarla davam edib.

Tədbirdə jurnalist kimi iştirak etdiyimdən hələlik bu xəbər mətni ilə kifayətlənirəm. Ancaq Şəhla xanım Vəzirovanın gözlərində gördüyüm kədər, dostlarının, onu sevənlərin Humay haqqında danışdığı xatirələr yəqin ki, məni nə vaxtsa bu mövzuya yenidən qayıtmağa vadar edəcək. İndi isə tədbirdə keçirdiyim hissləri öz feysbuk statusundakı yazısı ilə mənə yenidən yaşadan dəyərli alimimiz, professor Solmaz Rüstəmova-Tohidinin fikirlərindən bəzi məqamları oxucuların diqqətinə çatdırmaqla yekunlaşdırıram:

"Humayın "Huma quşu"

 

"...Günəşin qırmızı-narıncı şəfəqlərinə oyanmış şəhərə yetişən bir Qadın olmaq istəyirəm...

Qatarda, pəncərə tərəfdəki oturacaqda, yüngül qafa, pərvazlanan ruh, amma yorğun ayaqlarla...

Bütün gecəni Nina Simone dinləyərək rəqs etmiş.

Divarımdakı şəkildən görünən dişi aslan kimi nəfis Okavanqo Delta, Botsvanadakı mövsümi seli qətiyyətlə yarıb keçən, əzəmətli.

Mətbəxdə Öz Sehrbazı kimi bir qadın!

...Elə bir qadın ki, ədvalar inqilabını xalqlar inqilabı tək ram etsin.

Axı, hər şeydən əvvəl bütün həyatını yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım:

HUMA!"

Bu fikirlər müasir Azərbaycan gəncliyinin ən parlaq simalarından biri Humay Quliyevanın ingilis dilində yazdığı şeirindən parçalardır... Dostu Türkər Qasımzadə tərcümə edib. ADA Universitetindəki bugünkü təqdimat mərasimində bu şeir parçasını da özü yox, dostları səsləndirdi. Çünki bu gün ad gününü keçirməli olan  Humayın Huma quşu artıq iki ilə yaxındır ki, uca ənginliklərdə pərvaz edir...

Həyatdan vaxtsız getmiş, amma "Günəşin qırmızı-narıncı şəfəqləri" kimi işıqlı bir ömür sürmüş gənc Humayın ekranda canlanan gülümsər sifəti, zəkalı, məntiqli, səlis nitqi, yüksək ruh aşılayan fikirləri zaldakı bütün insanları dərhal öz cazibə dairəsinə alıb. Uşaqlıq və gənclik dostlarından tutmuş xarici həmkarlarının, o cümlədən, vaxtilə onunla birgə müxtəlif beynəlxalq qurumlarda, xüsusilə "Qırmızı Xaç" təşkilatının xətti ən təhlükəli nöqtələrdə çalışmış insanların canlı və ya video-çıxışlarını eşitdikcə Humayın öz qısa həyatında bu qədər real işlər görməyə, müxtəlif millətlərdən olan insanların xatirində bu qədər dərin izlər buraxmağa, bir neçə dildə hekayələr, şeirlər yazmağa, tərcümələr etməyə, ətrafındakı adamların həyatını bayrama çevirməyə, ağır duruma düşmüş binəsiblərə arxa durmağa və s. və s. ... - necə macal tapdığına heyrət etməyə bilmirsən.

...Azərbaycanın, daha sonra Türkiyə və Amerikanın ən prestijli universitetlərini bitirən iqtisadçı kimi Azərbaycanın Milli Bankında işə başlayan, daha sonra fəaliyyətini Nyu-Yorkda "Dünya" bankında davam etdirən, qarşısında böyük imkanlar açılan gənc qızın, birdən-birə bütün karyera perspektivlərindən imtina edərək, "Qırmızı Xaç" Cəmiyyətində işləməyə başlaması da artıq xarakterdən, güclü ədalət hissindən, xeyirxahlıq, başqasının ağrısını azaltmaq kimi daxili tələbatdan irəli gələn addımdır.

... "Qırmızı Xaç" təşkilatının çex əsilli məsul işçisi çıxışına öz kiçik yaşlı oğlunun Humayı ilk dəfə ağ paltarda görərkən onu qucaqlayıb "Sən mələksən?" sualı ilə başlayarkən birdən doluxsunur, sonra  Humayla artıq işğal altında olan Donbasda hansı şəraitdə ukraynalı vətəndaşlara yardım etdiklərindən, bu zaman Humayın hətta öz maaşını belə ehtiyacı olan yaşlı insanlara xərclədiyindən danışır və çıxışını "Humay doğrudan da mələk idi! Əsl Mələk!" deyə bitirir...

...Humay haqqında söhbəti, söylənən xatirələri burada bitirirəm, çünki yazdıqca bütün varlığı ilə işıq saçan, pozitiv enerji paylaşan, səmimiyyət və inam təcəssüm etdirən bu gənc, gözəl, hər mənada istedadlı qızın bu gün bizlərin yanında olmadığı ağrısı daha da artır.

Bu ağrını bizlərdən qat-qat dərin yaşayan və yəqin ki, heç vaxt unutmayacaq Azərbaycanın görkəmli dövlət xadimi, diplomat, ədəbiyyatşünas alim, nəhayət böyük ziyalı Vilayət Quliyev və Qarabağın tanınmış Vəzirovlar nəslinin nümayəndəsi Şəhla xanım Vəzirova, sözsüz ki, özlüyündə artıq bir mükəmməl bir şəxsiyyət olan övladlarının xatirəsini əbədiləşdirmək üçün çox mühüm bir addım atıblar. Humayın "Qırmızı Xaç" cəmiyyətində işləyərkən əmək haqqı hesabında yığılan pulları əsas baza olmaqla "Huma quşu" adlı Təhsilə dəstək fondu yaradıblar. Fondun məqsədi  ehtiyacı olan, az təminatlı ailələrin, eləcə də şəhid və qazi ailələri övladlarının respublika və xarici ölkə universitetlərində təhsil almalarına yardım etməkdir.

...İlk nəzərdə, vaxtsız itirdikləri övladlarının işıqlı xatirəsi qarşısında bir valideyn borcu kimi qəbul edilə bilən "Huma quşu" Fondu əslində bir çox məqamlardan böyük əhəmiyyət daşıyır. Xeyriyyəçiliyin daha çox "tarixi" aspektdə xatırlandığı müasir cəmiyyətimizdə bu Fond konkret şəxslər - bir Ailə tərəfindən aztəminatlı ailələrinin uşaqlarının təhsilinə ünvanlanmış və bu gənclərin taleyini dəyişəcək uzaqgörən bir addımdır. Nümunədir!

Bu Xeyriyyəçi Ailənin həm də tanınmış Ziyalı ailəsi olması özlüyündə bir Hadisədir! Presedentdir!

Azərbaycan cəmiyyətində son zamanlar yaşanan "ziyalı, yazıçı, alim" problemləri bucağından isə Vilayət Quliyevin verdiyi Örnək xüsusilə qiymətlidir..."

Aytac SAHƏD

 





19.11.2022    çap et  çap et