525.Az

"525"-30: Yubiley təbrikləri


 

"525"-30: Yubiley təbrikləri<b style="color:red"></b>

Noyabrın 17-də "525-ci qəzet"in 30 yaşı tamam oldu. Bu günlər yubiley münasibəti ilə qəzetin ünvanına çoxsaylı təbriklər daxil oldu. Ən müxtəlif sosial statusa malik insanlardan gələn bu səmimi, isti təbriklər həm də "525"in ötən 30 illik fəaliyyətinə bambaşqa - qəzetin kollektivinin - bizim görə bilmədiyimiz müstəvidən verilən qiymət idi. Göndərilən və deyilən, içdən gələn, təmənnasız bütün xoş sözlərə görə hər kəsə minnətdarlığımızı bildirir, onlardan bəzilərini oxuculara təqdim edirik.

 

"525-ci qəzet"i Bakıda, Varşavada, Budapeştdə - dünyanın getdiyim, olduğum hər guşəsimdə izləmişəm. İndi də Sarayevoda oxuyuram. Bu qəzet, Heminqueyin sözləri ilə desəm, "həmişə səninlə olan bayram" kimidir. "525"in 30 illik yubileyində möhtərəm Rəşad Məcidə və Komandasına uğurlar, qəzetin ən azı 50 yaşını da birlikdə və cansağlığı ilə, əllərində qələm (daha doğrusu, klaviatura), beyinlərində yeni və cəsur fikirlər, ürəklərində yazıb-yaratmaq eşqi qarşılamağı arzulayıram.

Vilayət Quliyev
Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru

lll

Hörmətli Rəşad müəllim,

Qəzetinizin 30 yaşını təbrik edir, eyni yaşın enerjisi və ilhamı ilə fəaliyyət göstərən dostlarımıza - Sizə, Yusif Rzayevə, Seyfəddin Hüseynliyə və bütün kollektivinizə xalqımızın, dövlətimizin və dövlətçiliyimizin rifahı, əmin-amanlığı və əbədiliyi naminə uğurlarınızın davamını arzulayıram.

Əsgər Rəsulov
Milli Arxiv İdarəsinin rəisi, filologiya üzrə elmlər doktoru, professor

lll

Hörmətli Rəşad müəllim,

17 noyabr Azərbaycan Respublikasının siyasi və mətbuat tarixində əlamətdar bir gündür. Bu gün ölkəmizin siyasi həyatında mühüm yeri olan Milli Dirçəliş Günüdür. Ölkəmizin mətbuat tarixində isə 17 noyabr "525-ci qəzet"in təvəllüd günü olaraq əlamətdardır. "525-ci qəzet" sayca 5-ci yüzlükdə olmasına baxmayaraq, yarandığı gündən Azərbaycan mətbuatının öncüllərindən biri olmağı bacarmışdır. "525-ci qəzet" Azərbaycan mətbuatında məktəb olmağı bacaran qəzetdir. Keçən 30 ildə ölkəmizin ictimai-siyasi, ədəbi, mədəni mühitinə "525-ci qəzet"in güzgüsündə baxmaq hər bir oxucu və qəzetin yazarları üçün olduqca cəlbedicidir. 525-ci qəzet real, obyektiv informasiyanın, dərin təhlilin, insan ruhunun mənəvi tələbatını oxşayan ədəbiyyatın ünvanıdır. Qloballaşma dövrünün bütün dünyada cəmiyyətlərə, xüsusilə də mətbuata gətirdiyi yeni "dəyər"lərin mənfi təcəssümlərindən kənar qalmağı bacaran "525-ci qəzet" qələmi hələ də ədalətli və qərəzsiz dəyərlərə xidmət etməyi bacaran azsaylı mətbuat orqanlarındandır. "525-ci qəzet" milli mətbuatımızın klassik ənənələrini yaşadan novator flaqmanlarındandır.

Bu əlamətdar gün, illərdir gündəlik həyatımızda olan doğma və sevimli "525-ci qəzet"in 30 illik yubileyi münasibətilə Sizi, qəzetin kollektivinin üzvlərini və bütün "525-ci qəzetçiləri" ürəkdən təbrik edirəm. Uğurlarınız davamlı olsun. 

Ərəstü Həbibbəyli
İqtisadiyyat üzrə fəlsəfə doktoru

lll

"525-ci qəzet" mənimçün bir iş yerindən, maaş mənbəyindən daha önəmli əhəmiyyəti olan marka olub. Ordakı iş yoldaşlarım, bu gün də söhbət edərkən mənəvi olaraq rahatladığım can dostlarımdır. İndiyə qədər çalışdığım və ya əməkdaşlıq etdiyim media qurumlarının hamısının, mənfisi-müsbəti ilə, həyatımda yeri olub. Amma "525" onların içində xüsusi yerə sahibdir. Təkcə ona görə yox ki, 30 illik jurnalist stajımın ən çox hissəsi - 12 il yarımı orada keçib. Həm də ona görə ki, mənim daha geniş arenada tanınmağım, lazım gəldiyində söz sahibi olmağım, peşəkar kimi yetişməyim "525"li dövrümə düşüb. Ona görə də hər il "525"in ilk sayının çapdan çıxdığı 17 noyabr, tarixi təbrik gözlədiyim özəl günlərdən biridir.

Səhərdən feysbuk lentimə baxıb "525"ə yazılan təbrikləri oxuyurdum. Oxuduqca da 12 illik xatirələri vərəqləyir, "Əgər yenə orada olsaydım, hələ də "525"in bir parçası olaraq qalar, təbriklərdən pay alardım" - deyə düşünürdüm. Elə bunu düşündüyüm dəqiqələrdə bir baxdım ki, Rəşad müəllimdən votsapıma səsli mesaj gəldi, "İlhamə, bu gün hamı məni təbrik eliyir, mən də səni təbrik edirəm. "525"in 30 yaşında çox sanballı rolun var", dedi.

Vallah, gözlərim doldu. Bilmirəm, qəribçilikdəndir, yoxsa həddindən artıq nostaljiyə qapımağımdandır?!.

Yolu "525"dən keçənlərin hamısını təbrik edirəm. O gün olsun, 17 noyabrlardan birində yenə bir araya yığışmaq qismət olsun...

İlhamə Qasımlı,
Jurnalist

lll

- "525-ci qəzet" - qiymətli dostum və güvən yerim!

Yeni dövrdə qəzetlər qəzet olalı, heç vaxt səviyyəsini enməyə qoymayan peşəkarlıq məbədi - 30 yaşın mübarəkdir!

Mediaya ayaq basdığım gündən söz lazım olub, bu qəzetdən soruşmuşam, redaktor lazım olub, bu qəzetdə axtarmışam, dərdləşmək lazım olub, bura üz tutmuşam, dəstək lazım olub, buradan görmüşəm, DOST lazım olub, "525"də tapmışam.

Bu qəzetin hər zaman özümə qarşı fövqəladə münasibətini duymuşam. Və o dərəcədə doğmadır ki, hərdən özümü "525-li" sayıram.

Rəşad Məcid başqa olmaqla qəzetin bütün kollektivini şərəfli, ləyaqətli və sanballı yolun 30 illiyi münasibətilə təbrik edirəm!

Qəzetinizi də, sizi də sevirəm, dostlar! Uğurunuz bol, yolunuz uzaq, ömrünüz uzun, qələminiz iti, sözünüz kəsərli, adınız uca olsun!..

Səadət Məmmədova
Jurnalist

lll

Bəlkə də çoxlarınız bilmirsiz, amma mənim Azərbaycan mətbuatındakı ilk iş yerim "525-ci qəzet" olub. Uzaq 1999-cu ildə, hələ universitetin 3-cü kursunda oxuyarkən bu redaksiyada işə başladım. O vaxt qəzetlərin çəkisi indikindən çox ağır, sözü isə hədsiz önəmli idi.

Balaca bir tələbə düşünün. Ölkə mediasının əjdaha qəzetlərindən birində imzasını tanıtmağa çalışır. Mətbuat konfranslarına gedirdim, xəbərlər yazırdım. İmzam çıxırdı qəzetdə - universitetdə tələbə yoldaşlarım arasında forsum yerə-göyə sığmırdı. "Mən "525-ci qəzet"də işləyirəm" cümləsini o qədər qürurla deyirdim ki... Kamran Həsənli redaktorumuz idi, Sevda Sultanovanın teletənqid yazıları ölkəyə səs salmışdı. İlhama Qasımlının siyasi müsahibələri.... Ədəbiyyat səhifələri ədəbi cameəni silkələyirdi. Bir sözlə, əfsanə idi "525-ci qəzet".

Bu gün bu əziz, doğma qəzetin 30 yaşı tamam olur. Başda Rəşad Məcid olmaqla bütün kollektivi ürəkdən təbrik edirəm. Azərbaycanın mətbuat tarixində yeri, imzası olan qəzet! Gələcək nəsillər, ölkə mediasını araşdıran alimlər 90-ların sonu, 2000-lərin əvvəlləridə çap mətbuatında sizin bənzərsiz yerinizi kəşf edəcəklər.

Yolunuz uzun olsun. Siz mənim üçün də uğurlu bir başlanğıc oldunuz. Nə yaxşı ki, yolum bu qəzetdən keçib.

Təbriklər!

Sevinc Telmanqızı
Jurnalist

lll

1992-ci ilin noyabrın 15-də universitetə qəbul imtahanı verəndən sonra bir müddət Bakıda qaldım. "525-ci qəzet"lə ilk tanışlığım da o dövrə təsadüf edir. 30 ilin hər bir ilində bu qəzetin nüsxələrini vərəqləmişəm. Eyni zamanda, rəhbəlik də daxil olmaqla qəzetin əksər əməkdaşları ilə tanışlığım yaranıb. Elə bunlara görə "525" mənim üçün doğma qəzetə, kollektivi də doğma kollektivə çevrilib. Əziz "525"cilər, sizə və qəzetinizə uzun ömür arzulayıram...

Uğur həmişə sizinlə olsun!

Anar Cəbrayıllı
Jurnalist

lll

O 525-dən biri mənəm! Təbrik edir, uğurlar arzulayıram. 10 il əvvəlki fikrimdəyəm: Qəzetçiliyə "birdən" başlamışam, amma "birdən-birə" yox, birdən "525"ə.

Təkcə buna görə "525"in - qəribəliyə adından başlayan, sıra sayını ilk dəfə ada çevirən və bütün riyazi məntiqin əleyhinə olaraq, 525-in yerini "birincilər" sırasına çəkib gətirən bu qəzetin doğum tarixinin yaddaşıma yazıldığını desəm, yalan olar. "525" həm də ona görə yaddaşdadır ki, o, Azadlıq meydanının 3-cü ildönümündə, 17 noyabrda oxucuların görüşünə gəlmişdi. Bu yaranışın adı kimi günü də sehrliydi və düz 30 ildir ki, bu sehr özünü göstərməkdədir.

Zaman dəyişir, dövrün tələbləri hazırda başqa cürdür: dünən əllərdən düşməyən qəzetlərə bu gün əllərin uzanmaması normaldır, çünki əllər artıq virtual dünyanın qapılarını açır: "525" əllərdəki mövqeyini uduzsa da, dillərdə və düşüncələrdəki yerini ildən-ilə bərkitməklə məşğuldur.

Yalnız "525"dir ki, sözdə heç vaxt səhv eləmir, necə varsa, elə yazır: sözün düzünü, ifadənin doğrusunu, cümlənin nizamlısını...

Bu gün mədəniyyətin, ədəbiyyatın, incəsənətin ağır yükünü "525" çəkir - "köhnə" mediada, ənənəni yaşatmaqda inadla davam edir.

Günbəgün artan yeni texnoloji imkanlar bizi ənənəvi mediadan uzaqlaşdırsa da, gözümüzü açdığımız, səhifəsini sığallaya-sığallaya çevirdiyimiz çap mediasından ayrılmağımız çox çətindir. Ən azı ona görə ki, ənənəvi medianın xəbəri gün ərzində yerindən "qaçmır", tarix kimi daşlaşıb qalır.

Çap mediasının simvolu kimi "525" sanki unudulmaz "dünəni" hər gün xatırladan bu gündür. "Çap"ın imkanları da elədir - dünən "yeni mediadan" gördüyümüz "ümumi" xəbərlər bu gün səhifələrdə tarixləşir.

Kim öz tarixindən imtina edər? "Ənənə" olmazsa, "yeni"lər köksüz ağac təsiri bağışlamazmı?..

Anar Yusifoğlu,
Jurnalsit

 

 





19.11.2022    çap et  çap et