525.Az

Məhkum Rusiya - Xaqani Cəfərli yazır


 

Məhkum Rusiya - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya siyasi təcrid və iqtisadi sanksiyalarla yanaşı məhkəmə hökmləri ilə məhkum olunmağa başlayıb.  Noyabrın 17-də Amsterdamdan Kuala-Lumpura MH17 reysi ilə uçan, Malayziyaya məxsus Boeing sərnişin təyyarəsinin vurulmasının tam səkkiz il dörd ayı tamam olub. Həmin gün də Haaqa Dairə Məhkəməsi MH17 işi üzrə hökmü elan edib. 

Haaqa Dairə Məhkəməsi separatçı "Donetsk Xalq Respublikası"nın keçmiş "müdafiə naziri" İqor Qirkini 2014-cü ildə "Boeing" sərnişin təyyarəsinin vurulması işi üzrə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Bu işdə adı keçən daha iki şəxs qiyabi olaraq oxşar cəzalar alıb. Rusiya Müdafiə Nazirliyinin Baş Kəfiyyat İdarəsinin zabiti Sergey Dubinski və Leonid Xarçenko da eyni cəzaya məhkum ediliblər. Rusiya Hərbi hava desant qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Oleq Pulatova isə bəraət verilib. Qirkin, Dubinski və Xarçenko sərnişin təyyarəsinə raket zərbəsi atan "Buk" zenit-raket kompleksini Rusiyadan separatçı bölgəyə gətirməkdə və istifadə etməkdə təqsirli biliniblər. Məhkəmə belə qənaətə gəlib ki, məhz onların birgə hərəkətləri MH17 reysi ilə uçan 298 sərnişinin ölümü ilə nəticələnib. Buna görə də onlar ömürlük həbs cəzasına və həlak olanların yaxınlarına 16 milyon avro təzminat ödəməyə məhkum olunublar.

Qeyd edək ki, Hollandiya prokurorluğu ittiham olunların hamısına  ömürlük həbs cəzası verilməsini tələb edirdi.

MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Malayziyaya məxsus Boeing-in 2014-cü iyulun 17-də Donbas səmasında vurulması nəticəsində təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu. Boeing-in vurulması ilə bağlı istintaqı Hollandiya Baş Prokurorluğunun rəhbərlik etdiyi Birgə İstintaq Qrupu aparırdı.

Məhkəmə MH17-nin qondarma "DXR"in nəzarətində olan Pervomayski kəndi yaxınlığındakı sahədən atılan "Buk" raketi ilə vurulduğunu təsdiqləyib. Məhkəmə sübut kimi dinlənilmiş telefon danışıqlarını, qəza yerində və peyklərdən çəkilmiş video və fotoşəkilləri göstərib. Təyyarənin qalıqları arasında raket parçaları da tapılıb. Çoxsaylı ekspertiza onların "Buk"a aid olduğunu müəyyən edib. Məhkəmənin qərarında o da göstərilir ki ki, fəlakət zamanı bu əraziyə ümumi nəzarət Rusiyada olub. Məhkəmə həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslərdən ən azı biri Rusiyanın rəhbər şəxsləri əlaqə saxlayıb. İqor Qirkinin Rusiya prezidentinin o zaman köməkçisi olan Vladislav Surkovla əlaqə saxladığını müəyyənləşdirib.  Bundan əlavə, "DXR"in Rusiyadan maliyyələşməsi də sübut olunub. Bütün bunlar Rusiyanın 298 nəfərin ölümündə iştirakını təsdiq edir. Beləliklə də Haaqa Dairə Məhkəməsinin qərarı həm də Rusiyaya qarşı yönəlib. Məhkum edilən şəxslər 14 gün ərzində hökmdən apellyasiya şikayəti verə bilərlər.

Rusiya isə istintaqla əməkdaşlıq etmədiyi kimi, məhkəmənin də qərarını şübhə altına alıb.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Haaqa Dairə Məhkəməsi Ukraynanın münaqişə bölgəsində hava məkanını qəza günü natamam bağlamasını araşdırmamaqla Ukraynanın "günahına" göz yumub.

Rusiyanın obyektivliyini şübhə altına aldığı məhkəmə prosesi açıq keçirilib və  ictimaiyyət məhkəmə prosesini canlı izləmək imkanına malik olub. Həlak olanların qohumlardan 155 nəfəri məhkəməyə gəlmək hüququndan istifadə edib, 52 nəfər isə yazılı ifadə verib. Həlak olanların qohumları bildiriblər ki, istintaq sənədlərində adı keçən dörd nəfər MH17 faciəsində əli olanların hamısı deyil. Eyni zamanda, zərərçəkmişlər əmindirlər ki, bu sonuncu məhkəmə deyil və yenisi də olacaq. Haaqa Dairə Məhkəməsinin qərarı 298 nəfərin ölümünə görə Rusiyaya qarşı qaldırılmış mülki iddianın da təmin edilməsinin yolunu açacaq.

Bu ilin martında Hollandiya və Avstraliya MH17 reysinin qəzaya uğramasına görə Rusiya ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) birgə şikayət ediblər. Avstraliyanın xarici işlər naziri Maris Payne bildirib ki, onlar Rusiyanı məsuliyyətə cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Haaqa Dairə Məhkəməsinin qərarı Hollandiya və Avstraliyanın Rusiyanı məsuliyyətə cəlb etmək imkanlarını artırır.

Haaqa Dairə Məhkəməsi İqor Qirkin, Sergey Dubinski və Leonid Xarçenkonu ömürlük həbsə məhkum etsə də, onları cəzalarını çəkməyə cəlb etmək çətin olacaq. Çünki Rusiya onları Hollandiyaya ekstradisiya etməyəcək. Rusiyanın Konstitusiyası ölkə vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasını qadağan edir.

Lakin Ukrayna, Hollandiya və Avstraliya Haaqa Məhkəməsinin məhkum etdiyi şəxslərin cəzasını çəkməsi üçün müxtəlif vasitələrdən istifadə etməkdə qərarlıdırlar. Ukrayna Müdafiə Nazirliyi Girkinin ələ keçirilməsinə görə 100 min dollar məbləğində mükafat elan edib. Oxşar təşəbbüslərin olacağı da istisna deyil. Avropa ədliyyə sistemi günahkarların cəzalarını çəkməsi üçün mümkün olan hər şeyi edəcək. Haaqa Dairə Məhkəməsinin qərarı hüquqi nəticələrlə yanaşı siyasi nəticələr də doğuracaq.

 

 





20.11.2022    çap et  çap et