525.Az

Təbəssüm əskik olmayan sima - İlham Namiq Kamal yazır


 

TANINMIŞ TEATRŞÜNAS VƏ DRAMATURQ ÇİNGİZ ƏLƏSGƏRLİNİN 70 YAŞI TAMAM OLUR

Təbəssüm əskik olmayan sima - <b style="color:red"> İlham Namiq Kamal yazır</b>

İlham NAMİQ KAMAL
"Şöhrət" ordenli Xalq artisti, professor

 

 

Üzündən təbəssüm əskik olmayan, optimist təbiətli, nikbin insan olan Çingiz Ələsgərlini mən həmişə belə görmüşəm. O, gülərüz və müsbət enerjili şəxsdir. Gülərüz, müsbət auralı insan kimi o, daim ətrafındakılara da müsbət enerji ötürür. Problemsiz insan olmaz, deyirlər. Bəzən elə insanlarla rastlaşırıq ki, onlar öz problemlərini açıqlamaqla çoxlarını narahat etdiklərinin fərqində olmurlar. Çingiz isə problem olanda belə bunu ətrafdakılara hiss etdirmir.

Beləliklə, noyabrın 19-u yazıçılıq qabiliyyətinə, istedad və bacarığına hörmətlə yanaşdığım teatrşünas və dramaturq Çingiz Ələsgərlinin doğum günüdür və bu gün onun 70 yaşı tamam olur. O, mənim yaradıcılığım haqqında xeyli sayda məqalə yazsa da, mən onun həm teatrşünaslığı, həm də dramaturgiyası haqqında heç vaxt, heç nə yazmamışam. Buna heç ehtiyac da olmayıb. Çünki yazıçılıq onun, aktyorluq və rejissorluq isə mənim peşəmdir. O, daim mənim yaradıcılığımı izləyib, uğurlarıma sevindiyi kimi, mən də onun yaradıcılığını maraqla izləyib, uğurlarına sevinirəm. Mən onun doğum gününə sürpriz olaraq, portret məqalə yazmağı düşünmüşdüm. Amma sonra fikrimdən daşındım və bu haqda ona dedim. Əvvəl tərəddüd etsə də, sonra razılaşdı.

Oxuculara bir sirr açım. Mən bəzən yazmağa ehtiyac duyub, ürəyim istəyən mövzulara müraciət edirəm. Deyilənə görə, pis də alınmır. Bu dəfə də belə oldu. Düşündüm ki, 40 ilə yaxın bir müddətdə mədəniyyət sahəsində yorulmadan çalışan, külüng çalan, qələmini bu günə qədər yerə qoymayan, zəhmətkeş və işgüzar, ən əsası isə gülərüz bir insan haqqında yazmasam, düz olmaz. Mən Çingizi, yalan olmasın, hardasa dörd onilliyə yaxın bir müddətdir ki, tanıyıram. Adətən, illər istər-istəməz insanları dəyişir, hətta bəzən tanınmaz edir. Amma bu dəyişmələr bizim yubilyara aid deyil. Çingiz 40 il bundan əvvəl necə idisə, bu gün də elədir. Zaman dəyişsə də, o, dəyişmir.

Teatrşünas və dramaturq dostum bu günə qədər müxtəlif idarə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəridir. Bildiyimiz kimi, bu vəzifədə vaxtı ilə Cəfər Cabbarlı və daha neçə-neçə yazıçılar çalışıb. Mən bu insanda, harda və hansı vəzifədə işləməsindən asılı olmayaraq, heç vaxt təkəbbür, özündən razılıq, özünü dartmaq, kiməsə yuxarıdan baxmaq və sair keyfiyyətləri görməmişəm.

Bizim uşaqlığımız iki və ya üç küçə ilə bir-birindən ayrılan məhəllələrdə keçib. O, Təzə Pir məscidinin yuxarı hissəsində, keçmiş Şors, indiki Bəşir Səfəroğlu küçəsindəki 46 №li ata-baba mülkündə, mən isə məscidin aşağı hissəsində keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsindəki 121 №li ata-baba mülkündə yaşamışıq. Evlərimiz yaxın olsa da, biz, çox-çox sonralar, təsadüfən hansısa tədbir və ya tamaşada rastlaşıb, teatr sənəti haqqında söhbətləşmişdik. Həmin söhbət maraqlı olduğu üçün uzandıqca uzanmışdı. Mən bu söhbət əsnasında teatrşünas olaraq Çingizin teatr haqqında dərin bilik və savadını bəyənmişdim. Elə həmin vaxtdan, daha dəqiq desək, keçən əsrin 80-ci illərindən bu günə qədər dostluğumuz davam edir.

Mübaliğəsiz deməliyəm ki, bu gün Çingiz Ələsgərli imzası teatr və jurnalistika aləmində tanınan imzadır. Bu imza ilə yazan dostum məqalələrində hər zaman dürüst olub, "düzü düz, əyrini əyri" yazıb və yazır. Məhz bu səbəbdən, həm mən, həm qardaşım Cəfər yubileyimizlə bağlı yazılacaq kitablarımızın yazılışını ona həvalə etdik və peşman da olmadıq. Çingiz Ələsgərli mənim 65 illik yubileyimə "Sənətkar ömrü", qardaşım, Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə isə "Tale yazısı" kitablarını yazdı. Hər iki kitabda o, bizim yaradıcılığımızın oxşar və fərqli cəhətlərinin elmi-nəzəri araşdırmasını apararaq, maraqlı və oxunaqlı əsərlər ortaya qoydu. Elə buna görə də hər iki kitab çox qısa bir müddətdə geniş yayılaraq, oxucuların rəğbətini qazandı.

O, neçə-neçə aktyor və rejissor yaradıcılığına həsr olunmuş kitabların redaktoru və müəllifidir. Bunlardan "Məhərrəm Haşımov-100", "Hökümə Qurbanova-100", kuklaçı aktyor Ruslan Həsənovun yaradıcılığına həsr etdiyi "Xəzana dönmüş ömür və ya Kuklaçının nağılı", Mükafat Abbasovun "Sevənləri aldatmayın", Mehdi Məmmədov və Zəfər Nemətovun "Rejissor işi haqqında" (yeni redaktədə), Azərbaycan Televiziyasının veteran diktoru Natəvan Hacıyeva barədə "Televiziya mənim dünənim, bu günüm və sabahımdır", Xalq artisti Mərahim Fərzəlibəyovun 70 illiyinə "Səhnəyə sığmayan arzular" və daha neçə-neçə maraqlı əsərləri nümunə göstərmək olar.

Çingiz Ələsgərli dramaturgiya sahəsinə də müraciət edərək, maraqlı nəticələr əldə edib. Onun dram əsərlərinin hər biri qeyri-adi və maraqlı süjet xətti, obrazların bütövlüyü, dramatik vəziyyətin gərginliyi, konfliktin kəskinliyi, hadisələrin gözlənilməz düzüm xətti ilə rejissorların diqqətini cəlb edə bilib. Əgər səhv etmirəmsə, onun yazdığı dram əsərləri və səhnələşdirmələrin sayı artıq 40-ı keçib və bu əsərlərin 35-i müxtəlif dövlət dram teatrlarında tamaşaya qoyulub. Pozitiv, gülərüz insan olan teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli yorulmaq bilmədən daim yazır, daim yaradır. Hər dəfə onunla görüşəndə və ya zəngləşəndə o, mütləq yeni bir məqaləsi, ya kitabı və ya dram əsəri haqqında danışaraq, məni həm heyrətləndirir, həm də sevindirir.

Mən də ona vaxtı ilə yaratdığım "İlham" miniatür teatrı və Şamaxıda yaratmaq istədiyim teatr üçün günümüzlə səsləşən, insanları düşündürən dramatik əsər və səhnəciklər sifariş etmişdim. O, çox qısa vaxtda mənim istədiyim mövzuları yazdı və çox da xoşuma gəldi. Heyiflər olsun ki, birinci teatr binasızlığın, ikinci isə laqeyd münasibətin qurbanı oldu. Amma mən hələ də ümidimi üzməmişəm. İnanıram ki, yaxın gələcəkdə ya "İlham" miniatür teatrında, ya da Şamaxıda yaranacaq teatrda Çingiz Ələsgərli ilə müştərək yaradıcılıq işimizi nümayiş etdirə biləcəyik. Sağlıq olsun.

Hazırda isə ölkəmizin bir çox teatrlarında Çingiz Ələsgərlinin dram əsərləri uğurla nümayiş olunur. Akademik Milli Dram Teatrında "Qətibə İnanc" (M.S.Ordubadinin "Qılınc və qələm" romanı əsasında), Bakı Bələdiyyə Teatrında "Şanlı Vətən" və "İmadəddin Nəsimi" (İ.Muğannanın "Nəsimi" romanı əsasında), Azərbaycan Dövlət İrəvan Dram Teatrında "Nağıl" və sair. Bildiyimə görə, daha iki və ya üç teatrda da onun əsərləri tamaşaya hazırlanır.

Bu yaxınlarda Çingizin 1993-cü ildə yazdığı "Şahidə çevrilən şəhid" əsəri Xaçmaz Xalq teatrında tamaşaya qoyulub. Çingizin dediyinə görə, 1993-cü ildə yazdığı və 2006-cı ildə çapdan çıxmış "Pyeslər" toplusuna daxil edilmiş dramatik novellanı Xaçmaz Xalq Teatrının rejissoru İlham Tağızadə oxuyub və əsərə yozum vermək istəyib. Haşiyə çıxıb qeyd etməliyəm ki, "Xaçmaz" Xalq Teatrının yaradılmasında mənim də müəyyən əməyim olub.

Tamaşanın ilk baxışına Çingiz məni də dəvət etmişdi, təəssüf ki, o vaxt çəkilişlərimlə bağlı iştirak edə bilmədim. Amma eşitdiyinə görə, tamaşa yüksək səviyyədə, anşlaqla keçib. Bölgənin Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşada Xaçmaz rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Çingiz Ələsgərli, qeyd etdiyim kimi, neçə-neçə maraqlı dram əsərlərinin müəllifidir. Yaxşı yadımdadır, "İxtira" adlı ilk pyesi, 1986-cı ildə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və maraqla qarşılanmışdı. İlk qələm təcrübəsindən sonra o, "Milyon ilin sevgisi", "Şahidə çevrilən şəhid", "Düzlük", "Yabançı dostlar", "İnsan ömrünün nağılı", "Həyat oyun olanda", "Tənbəl Əhməd", "İbrət dərsi", "Ana intiqamı", "Qaçaq Kərəm", "Nəsrullah fenomeni", "Xacə şah", "Yeni ilə az qalanda", "İnam olanda", "Rüşvət", "Mənim müasirlərim", "Çipollinonun sərgüzəştləri", "Pinokkionun sərgüzəştləri", "Qətibə İnanc", "Şanlı Vətən", "Dörd payız yarpağı", "Nəsimi", "Tahir və Zöhrə", "Adəm və Həvva", M.İbrahimbəyovun eyniadlı əsəri əsasında  "Bütün yaxşılıqların əvəzinə ölüm", "Sürpriz","Rəssamın əbədi sevgisi" və digər əsərlər yazıb. Adları çəkilən əsərlərin əksəri, qeyd etdiyim kimi, müxtəlif dövlət teatrlarının səhnəsində uğurla nümayiş olunub və olunur.

Üzündən gülüş əskik olmayan dostum teatrşünas və dramaturq kimi yaxşı tanınsa da, son dövrlərdə ssenari sahəsində də qələmini uğurla sınayıb. Onun Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr etdiyi "Aləmdə səsim var" (Ə.Cəfərzadənin eyniadlı əsəri əsasında) ssenarisi əsasında çəkilən film Azərbaycan televiziyasında uğurla nümayiş olunub. İlk kino işindən sonra Çingiz Ələsgərli Nurəngiz Günün "Tanrı bəşər övladıdır" povesti əsasında "Qırmızı kərpicli evin Tanrısı" ssenarisini yazır. Bu ssenari əsasında çəkilmiş film də Azərbaycan televiziyasında nümayiş olunur. Daha sonra dramaturq dostumuz H.Mirələmovun "Cəza" povesti əsasında eyniadlı ssenari yazır. Adı çəkilən ssenari əsasında çəkiləcək filmin də yaxın gələcəkdə tamaşaçıları sevindirəcəyinə əminəm.

Mən istedadlı insana, peşəkar teatrşünasa və dramaturqa, bu yaşına qədər hələ də layiq olduğu fəxri adını almamasına görə narahatlığımı bildirəndə, Çingiz bu narahatlığımı özünəməxsus sakitlik və təbəssümlə qarşıladı. Gülümsəyərək dedi ki, gec və ya tez haqq yerini tutar və problem həllini tapar. Əlaqədar təşkilatların bu məsələnin həllinə tezliklə yardımçı olacaqlarına əminən. Mənə elə gəlir ki, geniş teatr cameəsində çoxları mənim bu arzuma qoşular və Çingiz Ələsgərli layiq olduğu fəxri ada bu 70 illik yubileyi münasibətilə, nəhayət, layiq görülər.

Dostum Çingiz Ələsgərlinin 70 illik yubileyində ona daha möhkəm cansağlığı, daha uzun ömür arzu edirəm. Dostumuza olduğundan daha artıq pozitivlik, daha artıq təbəssüm və daha bol-bol gülüş arzulayıram. Qoy gülüş və təbəssüm heç vaxt onun simasını tərk etməsin. Qoy hələ neçə-neçə illər teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli mükəmməl əsərləri ilə milli teatr prosesinin inkişafında öz sözünü desin. 

 





20.11.2022    çap et  çap et