525.Az

Truman sindromu - Dünya bizi izləyir? - Şahanə Müşfiq yazır


 

Truman sindromu - Dünya bizi izləyir? - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Əgər xatırlayırsınızsa, ən yaxın keçmişimizdə bütün dünyanın ortaq dərdinə çevrilən COVİD-19 virusu yayılarkən həm dünyada, həm də ölkəmizdə bəzi insanlar virusun aradan qaldırılması üçün kəşf edilən peyvəndi dünyanı idarə edən gizli güclər tərəfindən insanların bədəninə yeridilmiş "çip" olduğunu, bu "çip" vasitəsiylə hər birimizin həyatının idarə ediləcəyini iddia edirdilər. Hələ indinin özündə də bu fikrə inananlar heç də az deyil.

Bu günlərdə qarşıma çıxan bir sindromun əlamətlərini oxuyarkən yadıma məhz həmin insanlar düşdü. Sən demə, bu, son dövrlərdə dünya insanları arasında çox yayılan Truman sindromudur ki, buna da səbəb texnologiyanın sürətli inkişafı, dünya gedişinin anbaan dəyişimidir.

Bəs Truman sindromu nədir və hardan qaynaqlanır?

Dünyaca məşhur aktyor Cim Kerrinin baş rolunda oynadığı və 1998-ci ildə yayımlanan "Truman Şou" filmini çoxlarınız xatırlayar, yəqin ki. Filmdə baş qəhrəman Truman hələ anasının bətnindəykən bir şirkət tərəfindən övladlıq alınaraq 24 saat boyunca hər anı izlənən bir "şou" qəhrəmanına çevrilir. Maraqlıdır ki, bu şou çox böyük bir studiyada gerçəkləşdirilir. Sihaven adı verilən, dəniz kənarındakı bir qəsəbə görünüşlü studiyada baş verən hər şey bir oyunun, davamlı canlı yayımla göstərilən bir şounun parçasıdır. Günəş belə göy üzünü andıran şəffaf tavanda çıxarılıb, batırılır. Bu studiyadakı hər kəs də xüsusi qulaqlıqlar və mikrofonlar vasitəsiylə ssenari əsasında idarə olunurlar.

Bütün bu oyundan bircə Trumanın xəbəri yoxdur. O, özünün gerçək, özəl həyatını yaşadığını zənn edir. Lakin xəbəri yoxdur ki, düz 30 il davam edən və bütün dünyada maraqla izlənən bu proqramdan çox böyük məbləğlərdə pullar qazanılmaqdadır. O, yaşadığı qəsəbənin xüsusi studiya, valideynlərinin seçilmiş aktyorlar olduğunu, evləndiyi qadının əslində öz seçimi olmadığını, ən yaxın dostunun ağzından çıxan hər sözü qulaqlıqda bir başqası tərəfindən deyildiyini bilmir. Hətta o, oyundan çıxa bilməsin deyə, onun bu adadan gedişinin dəfələrlə süni əngəllər vasitəsiylə qarşısı alınıb. O, heç zaman tanımadığı dünyada milyonlarla fanatının olduğunu da bilmir. Beləcə, bu insanın şəxsi həyatı milyonlarla insanın maraqla izlədiyi şou proqrama çevrilir.

İzlərkən belə insanı özündən şübhəyə salan film davamında Truman adlandırılan sindromun yaranmasına səbəb oldu. Bu psixoloji sindromdan əziyyət çəkən insanlar həyatlarının hər küncə quraşdırılmış kameralar, əlimizdəki telefonlar, qoşulduğumuz sosial şəbəkələr vasitəsiylə kimlərsə tərəfindən izləndiyinı və idarə edildiyinə inanır, özlərini hansısa şou proqramının qəhrəmanı kimi hiss edirlər. Onlar hər hadisənin bir oyun, ətrafındakı hər insanın maaşlı aktyor olduqlarını zənn edirlər.

Psixoloqlar bu sindromun insanlar tərəfindən iki cür görüldüyünü iddia edirlər. Birinci növdə insan özünü "mən mərkəzli" hesab edir və hər şeyin, hər kəsin onun ətrafında döndüyünə, özünün seçilmiş şəxs olduğuna, hər kəsin ona xidmətə borclu olduğuna, o ölərsə, dünyanın yox olacağına inanır.

İkinci tip insanlar isə "xaric mərkəzli"lərdir. Bu insanlar dünyanı kapitalın idarə etdiyinə, hər hadisənin onların mənafeyi üçün baş verdiyinə, müharibələrin, xəstəliklərin, bütün sosial medianın onların maraqlarına xidmət etdiyinə inanırlar. Onlar özləri də daxil, bütün insanların müəyyən güclər tərəfindən idarə edildiyini və bunun üçün texnoloji imkanlardan istifadə edildiyini düşünürlər.

Əlbəttə, bu, təkcə bir filmin təsiri deyil. Müasir dünyada, xüsusən, böyük şəhərlərin küçələrində, az qala hər yerdə quraşdırılan izləmə kameraları, sosial medianın həyatımızın hər yerinə sürətli sirayəti, cibimizdəki mobil telefonların bildiyimiz, bilmədiyimiz üst funksiyaları, təbii ki, insanlarda narahatlıq yaradır. Əsasən də, psixoloji problemi olan, şübhəçi insanlarda bu narahatlıq Truman sindromu adlandırılan psixi pozuntuya səbəb olur. Hətta psixoloqlar bəzi gizli güclər tərəfindən idarə edildiyini düşünən, beyninə onu idarə etmək üçün xüsusi cihazlar yerləşdirildiyinə inanan, hansısa kosmik varlıqlar tərəfindən yönləndirildiyi fikrinə qapılan psixi xəstələrlə qarşılaşdıqlarını da deyirlər.

Bu cür ciddi psixi pozuntular çox zaman insanların bu və ya digər dərəcədə zərərli ola bilməsinə gətirib çıxarır. Belə ki, onlar ya intihar edir, ya da ətrafındakı kimlərəsə zərər verirlər. Məsələn, Avstraliyada bir xəstə ailəsinin onu gizli kameralarla çəkib bütün dünyaya izlətdiyinə inanaraq atasını və bacısını öldürmüşdü.

Təəssüf ki, dəyişən və sürətlə inkişaf edən dünyamız bu sindromun daşıyıcılarının yaxın gələcəkdə daha çox artacağını "vəd edir". Yazımın əvvəlində qeyd etdiyim hadisə də dünyada tam Truman sindromunun əlamətlərini daşımasalar da, fərqində olaraq, ya da olmayaraq, truman simptomlarını daşıyan insanların olduğunu göstərdi. Bu simptomlarıdan qurtulmağın yolu isə azadlığın əldən alınmadığı, kasıb-varlı uçurumunun olmadığı, ədalətə inancın sarsılmadığı bir dünyanın bərqərar edilməsindən keçir.

 





20.11.2022    çap et  çap et