525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

Bu vaxt Yunanıstanın daxili vəziyyəti Makedoniyanın müdaxilə etməsi üçün əlverişli idi. Yunanlar bir-birləri arasında daim müharibə aparırdılar, afinalılar hətta öz müttəfiqləri ilə, spartalılar isə Peloponnesdəki dövlətlərlə müharibə aparırdılar.

Çar Filipp yunanların ixtilaflarından istifadə etdi, onun hər yerdə tərəfdarları və agentləri var idi. Lazım gələndə çar, adamları pulla ələ almaqdan da çəkinmirdi. Filipp deyirdi ki, "Belinə qızıl yüklənmiş eşşək istənilən qalanı tuta biləcəkdir".

Əvvəlcə Filipp Fessaliyanı özünə tabe edib, Şimali Yunanıstanda möhkəmləndi. Bu, hələ başlanğıc idi. Bir neçə vaxtdan sonra makedoniyalılar Frakiyada olan bütün Afina torpaqlarını tutdu və hazırlaşdılar ki, Orta Yunanıstana müdaxilə etsinlər.

Filippin tez başa gələn uğurları həm də ona görə asanlıqla baş verirdi ki, bütün Yunanıstan varlılar və kasıblar arasında iki barışmaz cəbhəyə bölünmüşdü. Hər yerdə yoxsullar varlıların torpaqlarının və əmlaklarının bölünməsini tələb edirdilər. Varlı quldarlar isə Filippə, hücum edən yoxsullardan onları xilas edən bir varlıq kimi baxırdılar. Onlar öz sərvətlərini xalqa verməkdənsə, Makedoniyaya tabe olmağı seçməyi daha üstün sayırdılar. Onlar düşünürdülər ki, Makedoniya ağalığında öz əmlaklarına və qullarına sərbəst surətdə sahib olacaq, xalq üsyanlarından daha qorxmayacaqlar.

Demosfen Makedoniya və onun çarının Afina və Yunanıstan üçün necə böyük təhlükə olduğunu anlayırdı və Filippin əleyhdarları olan vətənpərvərlər partiyasına başçılıq etdi.

Afinada bu vaxt hakimiyyət Makedoniya tərəfdarlarının əlində idi. Makedoniyapərəst partiyanın başında Evbul və məşhur natiq Esxin dururdu. Evbul, nə olursa olsun, sülh tərəfdarı idi. O, Makedoniya çarından gələn təhlükəni görmək istəmirdi. O, ümid edirdi ki, dövlət mədənlərində çıxarılan təbii sərvətdən alınan pulları xalqa paylamaqla, xalq kütləsini sakitləşdirmək mümkün olacaqdır. Demosfen Evbulla mübarizə aparıb, vətənin xilası naminə xalqı, ona verilən əyri məqsədli pullardan imtina etməyə çağırırdı. O deyirdi: "Varlılar xalqı satın almaq üçün dövlət hesabına onlara pul atırlar, özləri isə dövlət mükəlləfiyyətindən yayınırlar". Natiqə xalqı inandırmaq mümkün oldu ki, dövlət pulu Makedoniya ilə mübarizəyə lazım olacaqdır və onu vaxtından əvvəl sərf etmək olmaz.

Demosfen bu vaxt daim alovlu nitqlərlə çıxış edirdi, çalışırdı ki, afinalılarda vətənpərvərlik hisslərini oyatsın. Onun çar Filippə qarşı məşhur nitqləri filippikalar adlanırdı (sonralar Siseron Mark Antoniyə qarşı ifşaedici nitqlərini filippika adlandırmışdı, indi də ehtiraslı ittiham nitqləri, həmçinin, çox vaxt filippikalar adlanır).

Frakiyanı tutduqdan sonra Filipp Xalkadikidə ən böyük şəhər olan Olinfi hədələməyə başladı. Afinaya olinfli səfirlər gəldi ki, kömək barədə xahiş etsinlər. Demosfen olinflilərə möhkəm dəstək verirdi, xalq yığıncağında Olinfə dəstək barədə üç çıxış etdi. Lakin kömək barədə qərar gec qəbul olundu. Çar Filipp şəhəri tutub, sakinləri qul olmağa satdı.

Sonra Filipp afinalılara sülh təklif etdi. Afina səfirləri Filokrat və Esxin çar tərəfindən pulla ələ alınmışdılar, Demosfenin müqavimətinə baxmayaraq, b.e.ə. 346-cı ildə Afina üçün faydalı olmayan şərtlər əsasında sülh bağlandı. Bundan bir qədər sonra bağlanmış sülhə baxmayaraq, Filipp Afinanın müttəfiqi olan Fokidanı darmadağın etdi.

Bu vaxt, nəhayət, afinalılar Makedoniyaya həlledici dəfetmə cavabı verməyə hazırlaşdılar. Demosfen birinci strateq seçilmişdi və dövlətin başında durdu. Bir əsr əvvəl Perikl 15 il ərzində Afina şəhər-dövlətinə başçılıq etmişdi. Fürsətdən istifadə edib, Filokratı xəyanətdə ittiham etməklə, qiyabi olaraq onu ölümə məhkum etdilər. Demosfen həm də digər səfir olan Esxinə qarşı çıxış etdi, onu xəyanətdə və satqınlıqda ittiham etdi. Esxin ustalıqla özünü müdafiə etdi və bəraət qazandı, baxmayaraq ki, bu, çox az səs çoxluğu ilə əldə edilmişdi. Bu mərhələ Demosfenin daha böyük müvəffəqiyyətlər və şöhrət qazanması dövrü idi.

Afinalılar qorxulu düşmənlə təkbaşına bacarmazdılar, ona görə də Demosfen Makedoniyaya qarşı ümumyunan ittifaqı yaratmağa cəhd etdi. Afina səfirliyinin başında o, çox sayda yunan dövlətlərini gəzdi, hər yerdə ehtiraslı çıxışlar edirdi və yunanları birləşməyə həvəsləndirirdi. O deyirdi: "Makedoniyalıların gücü yunanların zəifliyində və parçalanmasındadır, əgər bütün yunanlar vahid olsalar, Filipp bizə hücum etməyə cəsarət etməz". Yunan şəhərlərinin əhalisi böyük natiqə heyranlıqla qulaq asırdılar və tezliklə Peloponnesin bir neçə şəhəri Afina ilə ittifaqa girdi.

Bu vaxt Filipp Yunanıstandakı vəziyyəti diqqətlə müşahidə edirdi. Hələ birləşmək barədə danışıqlar gedəndə, Filippin Orta Yunanıstana soxulması barədə pis xəbər gəldi. Mübarizənin həlledici anı gəlib çatdı. Çox şey Fivanın kimin tərəfində olacağından asılı idi. Demosfen səfirliklə Fivaya gəldi ki, təklif etsin ki, şəhər-dövlət Filippə qarşı ittifaqa girsin. Lakin Filipp artıq onu qabaqlamışdı. Ancaq Demosfen parlaq uğur qazandı. O, ilhamlı çıxışında mərdliyə çağırdı və Yunanıstanın şöhrətini və namusunu yada saldı. Fivalılar Afina ilə ittifaqa  irməyə qərar verdilər. Yunanıstan bir daha birləşib başını qürurla dik tutdu.

B.e.ə. 338-ci ilin yayında Afina yaxınlığında döyüş getdi. Onun nəticəsindən Yunanıstanın taleyi asılı idi. Filippin ordusu 30 min piyadadan və 2 min atlıdan ibarət idi. Müttəfiqlərin qoşunu isə xeyli az idi. Sübh şəfəqi başlayanda hər iki ordu bir-birinin üstünə gəldi. Filipp sağ qola, oğlu Aleksandr isə sol flanqa komandanlıq edirdi. Həlledici uğuru gələcək böyük sərkərdə Aleksandr əldə etdi, onun döyüşçüləri afinalıların "müqəddəs dəstəsinə" tar-mar edici zərbə vurdu. Filipp afinalılarla döyüşü təpə üstündən müşahidə edəndə demişdi: "Düşmən döyüşməyi bacarsa da, qalib gəlməyi bacarmır". O, özü afinalılara hücum etdi və yunan qoşunu geri çəkilməyə başladı.

Demosfen sıravi hoplit kimi vuruşurdu və qoşunla birlikdə döyüş səhnəsindən geri çəkildi. Afina xalqı ona qarşı olan böhtana inanmadı, Esxin onu qorxaqlıqda ittiham etmişdi. Demosfenə etimad əlaməti olaraq, xalq ona həlak olanların dəfni üstündə onların xatirəsinə həsr olunmuş nitq söyləməyi həvalə etdi. B.e.ə. 431-ci ildə Periklə Peloponnes müharibəsində həlak olanların dəfn mərasimində parlaq çıxış etmişdi, iki min ildən çox müddət keçsə də, həmin çıxış yüksək nitq mədəniyyətinin etalonu olmasını özündə saxlayır. Demosfenə də belə etibar yüksək şərəf göstərməyin ifadəsi idi.

Xeroneyadakı məğlubiyyət barədə xəbər afinalılara olduqca pis təsir göstərdi. Xalq yığıncağı kişiləri gecikmədən müdafiəyə hazırlaşmağa çağırdı. Kimsə təklif etdi ki, qullar azad edilsin və əcnəbilərə vətəndaşlıq hüququ verilsin, onlar Afina uğrunda vuruşacaqdılar. Lakin hətta bu təhlükəli anda da Afina xalq yığıncağı belə kənar tədbirə əl atmaq istəmədi.

Demosfen öz tərəfdarları ilə şəhərin müdafiəsini təşkil etdi, vətəndaşların hamısını silahlandırdı, şəhərin divarını möhkəmləndirdi.

Qorxulu təhlükə, xoşbəxtlikdən, keçib getdi, tezliklə nisbətən məqbul şərtlərlə Filipplə sülh bağlandı. Makedoniya çarı Afina donanmasına toxunmadı və bütün əsirlər qaytarıldı.

Yunan dövlətləri azadlıq və müstəqilliyini itirdi, hər yerdə hakimiyyət Makedoniyaya rəğbət bəsləyən varlıların əlinə keçdi.

Afinada Filippin açıq və gizli tərəfdarları baş qaldırdılar. Onlar, demək olar ki, hər gün demokrat və xalq partiyasının üzvlərinə qarşı ittihamlar qaldırırdılar.

Çar Filipp isə bu vaxt Korinfdə ümumyunan ictimai qurultayını yığdı, burada öz rəhbərliyi altında yeni ümumyunan ittifaqının yaradılmasını təntənəli şəkildə elan etdi. Yeni, Korinf ittifaqının başlıca məqsədi yunan-Persiya döyüşləri vaxtı Yunanıstanı yoxsullaşdırılmasının qisasını almaq idi. Buna hazırlıq görülməsinin qızğın çağında, b.e.ə. 336-cı ildə Filipp öldürüldü.

Demosfen Filippin öldürülməsi haqqında xəbəri, hələ xalq bunu bilməyəndə aldı. O, xalq yığıncağına gəlib, sevinclə elan etdi ki, afinalılara böyük səadət bəxş edilməsi barədə yuxu görmüşdür. Tezliklə Filippin ölüm xəbəri gəldi. Xalq yığıncağı allahlara qurban verilməsi qərarını qəbul etdi. Böyük natiq həmin gün xalq yığıncağına bayram paltarında, başında çələng gəlmişdi, baxmayaraq ki, onun ailəsində faciə baş vermişdi, bir neçə gün əvvəl qızı ölmüşdü. Lakin xalqın sevincini Demosfen öz şəxsi dərdindən yuxarı qoyurdu.

Demosfen yenidən hakimiyyətə çağırıldı. Yunanıstanın bütün şəhərlərində makedoniyalılar əleyhinə hərəkat qalxdı və azadlığa ümid yarandı. Afina həm də perslərlə əlaqəyə girdi ki, Filippin oğlu Aleksandrla tezliklə müharibə başlamağa onları qızışdırsın. Demosfen güman edirdi ki, "oğlan uşağı və səfehcik" adlandırdığı Aleksandrın öhdəsindən asanlıqla gəlmək mümkün olacaqdır. Gözlənilənin əksinə, Aleksandr tezliklə Makedoniyadakı və Fessaliyadakı öz əleyhdarlığını susdurmağı bacardı və Korinfdə yunanları məcbur etdi ki, onu Persiyaya yürüş üçün yaradılmış ümumyunan qoşunun başçısı kimi tanısın.

Aleksandrın Persiyaya hücuma hazırlaşmaqla məşğul olmasından istifadə edib, əvvəlcə fivalılar, onlardan sonra isə digər yunan dövlətləri üsyana qalxdı. Fivalılar şəhərlərində olan Makedoniya qarnizonunun əsgərlərini qırdılar. Gözlənilmədən Aleksandr öz qoşunu ilə Fivanın divarları qarşısında göründü. Şəhər bütünlüklə dağıdıldı. Təkcə böyük, yunan şairi Pindarın vaxtilə yaşadığı evə dəymədilər. Sağ qalmış 30 min sakin qul olmaq üçün satıldı.

Afinada dəhşətli qarışıqlıq başladı ki, Aleksandr şəhəri müsadirə edəcəkdir. Lakin qalibdən aman diləyib, almaq mümkün oldu. Aleksandr yalnız Demosfenin və Makedoniyanın digər əleyhdarlarının verilməsini tələb etdi.

Demosfen xalq yığıncağına gəlib, xalqa öz itlərini canavara təhvil verən qoyunlar barədə təmsili danışdı. Bundan sonra qoyunlar çox asanlıqla qurbana çevrildilər. Özünü və öz yoldaşlarını o, itlərlə müqayisə etdi, Aleksandrı isə canavar adlandırdı. Xoşbəxtlikdən, Makedoniya çarının diqqəti Persiya yürüşünə dikilmişdi və o,  Demosfenin ona təhvil verilməsi barədəki öz tələbinin üstündə durmadı. Demosfen və onun dostları bu fürsətdən istifadə edib, Afinada qaldılar.

35 minlik piyada və 5 minlik atlıdan ibarət qoşunu ilə Aleksandr Persiyaya yürüş edib, b.e.ə. 334-333-cü illərdə Qranik yaxınlığındakı və İssdəki döyüşlərdə perslərə qalib gəldi. Sonra o, Qavqamola yaxınlığında pers qoşununu darmadağın etdi, Babilə və pers çarlarının nəhəng sərvətlərinə sahib oldu.

Bu vaxt Afinada hakimiyyətə yenidən makedoniyapərəst partiya gəldi. İndi Demosfenin əleyhdarları onunla haqq-hesab çəkməyin vaxtı gəldiyini hiss etdilər. İş orasında idi ki, bir neçə il əvvəl Xalq partiyasının bir tərəfdarı təklif etmişdi ki, vətən qarşısında böyük xidmətlərinə görə Demosfen qızıl əklillə təltif edilsin. Xalq yığıncağı bu təkliflə razılaşmış və Demosfeni təltif etməyi qərara almışdı.

Makedoniya tərəfdarları etiraz etmişdilər, Esxin isə hətta andiçənlər məhkəməsinə bu qərara görə şikayət etmişdi. O sübut edirdi ki, Demosfen belə yüksək təltifə layiq deyildir.

Demosfen özünü müdafiə etməyə məcbur oldu. Məhkəmə Afinanın iki ən görkəmli natiqləri arasında döyüşə çevrildi. Demosfenin düşmənləri, xalqdakı onun müstəqillik tərəfdarı olması barədəki əhval-ruhiyyəsini də nəzərə almamışdılar.

Məhkəmə xalqın nəhəng sayda iştirakı ilə başladı. Esxin Demosfenə ədalətsiz hücumlardan ibarət olan ittiham nitqinə başladı. Özünün məşhur müdafiə nitqi olan "Əklil haqqında" böyük natiq xalqın rifahına yönəlmiş bütün fəaliyyəti barədə danışdı və Esxinin satqınlıq davranışını olduqca parlaq şəkildə təsvir etdi. Əleyhdarları tərəfindən təzyiqlərə baxmayaraq, hakimlər ədalətli qərar çıxardılar. Esxinə pul cəriməsi edildi və o, sürgünə getməli idi. "Əklil haqqında" nitqin müvəffəqiyyəti təkcə Demosfenin qələbəsi deyildi, həm də Afinadakı və bütöv Yunanıstandakı vətənpərvər qüvvələrin təntənəsi idi.

(Ardı var)   

 





20.11.2022    çap et  çap et