525.Az

İranda universitetlərdə Məhsa Əmini etirazları davam edir


 

İranda universitetlərdə Məhsa Əmini etirazları davam edir<b style="color:red"></b>

İranda 22 yaşlı Məhsa Əmininin saxlanıldıqdan sonra ölməsi ilə başlayan nümayişlər bəzi universitetlərdə davam edir.

525.az xəbər verir ki, universitetlərə toplaşan tələbələr ölkədə davam edən nümayişlərdə həbslərə, universitetə ​​girişin qadağan edilməsinə və intizam komitəsinin işlərinə dərhal son qoyulmasını tələb ediblər. Ölkənin fərqli şəhərlərindəki Mazenderan, Şəhid Beheşti, Urmiya, Təbriz Tibb Elmləri, Zəhra, Elm və Texnologiya, Noşirevani, Təhsil Müdərris, Kirmanşah Razi, Əllamə Təbatəbayi, Əmir Kəbir, Senendec Tibb Elmləri, Azad, Kürdüstan, Tehran İncəsənət, Həmid Kaderzade universitetlərində tələbələr etiraz aksiyaları keçirib.

İslam Təşkilatları Tələbə Birliyinin "Telegram" səhifəsində yaydığı görüntülərə görə, "Tehran Elm və Texnologiya Universiteti"nin tələbələri şəhərcikdəki hovuzu qırmızı rəngə boyayıb və üzən kağız gəmilərini hovuza buraxaraq, həbsdə olan tələbələrin və etirazlarda həlak olanların xatirəsinə ehtiramla yad ediblər. Görüntülərdə Xacə Nəsrəddin Tusi Universitetində nümayiş keçirən tələbələrlə, Beşiç paramiliter qüvvələrinə mənsub olduqları iddia edilən şəxslər arasında qarşıdurma olduğu görülüb. Tələbələrin verdiyi açıqlamada çox sayda nümayişçinin yaralandığı bildirilib. Kürdüstan Universitetində çəkildiyi iddia edilən görüntülərdə təhlükəsizlik qüvvələrinin silahlı müdaxilə etdiyi, tələbələrin dağa doğru qaçdığı, bəzilərinin yerə yıxıldığı, bəzi nümayişçilərin isə yaralandığı görülüb.

Qeyd edək ki, alınan məlumatlar arasında universitetlərdə keçirilən nümayişlərdə çoxlu sayda adamın saxlanıldığı xəbəri də var.

Məhəmməd Tağıyev

 





20.11.2022    çap et  çap et