525.Az

Taliban Rusiyanı hədələdi


 

Taliban Rusiyanı hədələdi<b style="color:red"></b>

Noyabrın 16-da  Rusiya paytaxtında, "Prezident" mehmanxanasında Əfqanıstan üzrə "Moskva danışıqlar formatı"nın dördüncü iclası keçirilib. Tədbirdə Rusiya təmsilçiləri ilə yanaşı Hindistan, Çin, Pakistan, İran və Mərkəzi Asiya ölkələrinin nümayəndələri iştirak ediblər. Tədbirin gündəliyinə Əfqanıstanın hərbi-siyasi, sosial-iqtisadi və humanitar problemləri daxil idi. Əfqanıstanın problemlərinin müzakirə olunduğu tədbirə bu ölkədə hakimiyyəti ələ keçirmiş Taliban hərəkatının nümayəndələri dəvət olunmayıb. Halbuki, bir il öncə eyni formatda keçirilən tədbirdə Taliban təmsilçiləri iştirak etmişdilər. Rusiyanın mövqeyindəki bu dəyişikliyin səbəbi məlum deyil. Ancaq Moskvanın bu addımı Talibanı narazı salıb. Moskvanın bu addımının münasibətlərə mənfi təsir edəcəyi haqqında xəbərdarlıq edən Taliban yaxın keçmişi unutmadıqlarını da bildiriblər.

Ötən ilin avqustunda Taliban Əfqanistanda hakimiyyəti ələ keçirdikdən sonra Rusiya ilə münasibətlərində yaxınlaşma hiss olunmuşdu. Taliban hərəkatının təmsilçiləri Moskvaya səfər edərək Xarici İşər Nazirliyində yüksək səviyyəli görüş keçirmişdilər. Daha sonra Rusiyanın Əfqanistana iqtisadi yardım edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin xəbərlərdə qeyd edilirdi ki, Rusiya Əfqanıstana 5 milyard dollar kredit, güzəştli qiymətlərlə neft və qaz satacaq. Lakin Rusiyanın Ukraynada gözlənilmədən uzun müddətli müharibə ilə üzləşməsi Moskvanı Əfqanıstanla bağlı planlarına dəyişiklik etməyə məcbur edib. Məlumatlara görə, Moskva vəd etdiyi 5 milyard dolların kiçik bir hissəsini, 500 milyon dolları Kabul hökumətinin hesabına keçirib. Taliban hərəkatının müharibə təzminatı kimi baxdığı 5 milyard dolların verilməsinin dayandırılması Kabildə narazılığa səbəb olub. Münasibətlərdə gərginliyin yaranmağa başlandığı bir zamanda isə Talibanın Rusiyaya hücum edəcəyi ilə bağlı məlumatlar yayılır. Belə iddialar var ki, Taliban Rusiyanın Ukraynadakı hərbi uğursuzluğundan yararlanmaq niyyətindədir.  

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Taliban da daxil olmaqla, böyük radikal cihadçı hərəkatların vaxtilə amerikalılar tərəfindən yaradıldığı və hələ də öz geosiyasi məqsədlərinə çatmaq üçün Vaşinqton tərəfindən istifadə edilməsi haqqında açıqlaması da təsadüfi deyil. Belə görünür ki, Talibanın "İslam Əmirliyi" adı verdiyi Əfqanistanın Rusiyaya hərbi müdaxilə edəcəyi ilə bağlı məlumatlar tamamilə əsassız deyil.

Nikolay Patruşevin açıqlamasına cavab verən "İslam Əmirliyi" Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Bəlxi deyib ki, Sovet İttifaqının məğlubiyyətindən sonra yaranan Taliban İslam hərəkatı İslam quruluşu uğrunda mübarizə aparan əfqan xalqı tərəfindən yaradılıb. Bununla Taliban təmsilçisi Moskvaya keçmişlə bağlı xatırlatma ilə həm də üstüörtülü şəkildə təhdid edib. 

Belə görünür ki, Ukraynada ağır itkilər verən Rusiya yeni bir hərbi münaqişə təhlükəsi ilə üzləşib. Əgər tezliklə Rusiya "Islam Əmirliyi"nin tələblərini təmin etməsə, Əfqanıstandan gözlənilən təhlükə artacaq. Rusiya isə Talibanın tələblərini təmin etməkdə çətinlik çəkir. Taliban Rusiyanın ciddi problemlərlə üzləşdiyini, buna görə müqavimət göstərmə imkanlarının az olduğunu bilir. Buna görə də artıq Rusiyanı təhdid etməkdən çəkinmir. Belə görünür ki, Rusiya iki cəbhədə müharibə aparmaq məcburiyyətində qala bilər.

 





21.11.2022    çap et  çap et