525.Az

Rusiya: Ukraynada təyyarə mühərriklərinin istehsal edildiyi obyekti məhv etdik


 

Rusiya: Ukraynada təyyarə mühərriklərinin istehsal edildiyi obyekti məhv etdik<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Ukraynanın Zaporojya şəhərindəki “Motor Sich” zavodunda təyyarə mühərriklərinin istehsal olunduğu obyekt dağıdılıb. 

525.az xəbər verir ki, Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti haqqında məlumat paylaşıb. 

Ukrayna qüvvələrinin Kupyansk, Krasnı Liman və Donetskin cənubundakı hücumlarının dəf edildiyini bildirən Konaşenkov buradakı qarşıdurmalarda 120-yə yaxın Ukrayna əsgərinin zərərsizləşdirildiyini bildirib. Çox sayda hərbi texnikanın da məhv edildiyini iddia edən Konaşenkov: “Ukraynanın Zaporojya şəhərindəki “Motor Sich” müdafiə fabrikində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə mühərriklərinin yığıldığı obyekt Rusiya Hava Qüvvələri tərəfindən məhv edilib", - deyib 

ABŞ istehsalı olan 2 ədəd çoxlüləli HIMARS reaktiv yaylım atəşi raketi və 4 ədəd M777 haubitsasının məhv edildiyini qeyd edən Konaşenkov, Ukrayna ordusuna aid 6 pilotsuz uçuş aparatının da vurulduğunu bildirib.

“Bu günə qədər 333 təyyarə, 177 helikopter, 2538 pilotsuz uçuş aparatı, 388 hava hücumundan müdafiə raket sistemi, 6729 tank və zirehli texnika, 899 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3604 haubitsa və minaatan, 72931 şəxsi hərbi texnika məhv edilib", - mətbuat katibi İqor Konaşenkov deyib.

Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına qarşı hücumlar təşkil etdiyini və ümumilikdə 25 top atdığını vurğulayan Konaşenkov radiasiya vəziyyətinin normal dəyərlər daxilində olduğunu bildirib. O qeyd edib ki, hücum nəticəsində elektrik stansiyasına dəyən ziyan müəyyənləşdiriləcək.

Malik Atilay

 





21.11.2022    çap et  çap et