525.Az

"Azərbaycanın müstəqilliyini bərpa etməsi İranın qara günü sayılırdı"


 

MƏHƏMMƏD RƏHMANİFƏR: "MOLLA REJİMİ SARSILMIŞ VƏZİYYƏTDƏDİR, ÇÜNKİ QARŞISINDA HEÇ NƏDƏN QORXMAYAN GƏNCLƏRİ GÖRÜR"

"Azərbaycanın müstəqilliyini bərpa etməsi İranın qara günü sayılırdı"<b style="color:red"></b>

İranda etiraz aksiyaları davam edir və genişlənməkdədir. İndiyə qədər rejim etirazçıların hər hansı tələbini yerinə yetirməyib. İran təkcə daxili siyasəti ilə deyil, xarici siyasəti ilə də iflasa uğrayıb. Rejimin Azərbaycana yönəlik siyasəti, təhdid xarakterli son addımları onun ölkəmizə düşmən münasibətini bir daha nümayiş etdirdi. 
Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan tarixçi və siyasi şərhçi  Məhəmməd Rəhmanifər İranda davam edən etiraz aksiyaları, molla rejiminin Azərbaycana yönəlik son addımları ilə bağlı "525"ə müsahibə verib.

 

- İranda üçüncü aya keçib ki, etirazlar davam edir. Bu, İranın tarixində uzun müddətli etirazlar hesab olunur. Sizcə, proseslər necə inkişaf edəcək və nə ilə nəticələnəcək?

- İrandakı hazırkı etirazları əvvəlkilərdən fərqləndirən üç xüsusiyyət, özəllik var. Birincisi, sualda qeyd edildiyi kimi, öncəki etirazlar ən çoxu 8-10 gün davam edirdi və rejim tərəfindən yatırılırdı. Hazırkı aksiyalar isə üçüncü aydır ki, davam edir. İkinci özəlliyi, etirazların coğrafi baxımdan əhatə dairəsdir. İnqilabın ilk illərini nəzərə almasaq, son 30-35 ildəki etirazlar bütün İranı əhatə etmirdi. Yəni hər zaman ölkənin bəlli nöqtələrində etirazlar başlanıb, hakimiyyət onları yatırmağı bacarıb. Ən geniş etirazlar 2006-cı ildə Güney Azərbaycan türklərinin etirazları olub. 2009-cu ildə İranda Yaşıl Hərəkatı deyilən geniş etirazlar oldu, bu da daha çox fars bölglərini əhatə etdi. Yəni onda Azərbaycan bölgələrində ciddi etirazlar görmədik. Bəluclar, ərəblər, kürdlər də həmin etirazlara ciddi dəstək vermədi. Coğrafi baxımdan da hazırkı etirazlar fərqlidir. 
Üçüncüsü, bu aksiyaların aparıcı gücü gənclərdir. Əvvəlki etirazlara bu qədər gənclərin və qadınların qatılmalarına şahid olmamışıq. Son günlər müşahidə etdiyimiz başqa bir məqamı da vurğulamaq istəyirəm. Bu da ondan ibarətdir ki, bu gənclər artıq ölməkdən belə qorxmurlar. Onlar öz yoldaşlarının öldürüldüyünü, həbs edildiyini, döyüldüyünü, edam olunduğunu görürlər, amma geri addım atmırlar. Açıq şəkildə deyirlər ki, bizim itirəcəyimiz nəsə yoxdur, indi də yaşamırıq, ölmüş bir durumdayıq. Onlar digər ölkələrdə gənclərin necə sərbəst yaşadığını, istədiklərini geyindiyini, kafedə bir qızla bərabər otura, kinoya gedə bildiyini görürlər. İranlı gənclər bunların hamısından məhrumdurlar. Saçlarının üç teli çöldə qalanda döyülür, həbs olunurlar. Artıq bu gəncləri dayandırmaq çox çətindir. Molla rejimi sarsılmış vəziyyətdədir, çünki qarşısında heç nədən qorxmayan gəncləri görür.

- Molla rejimi insan haqları pozuntusuna görə bəlkə də dünyada ilk sıradadır. 21-ci əsrdə açıq edamlar edilir, insanlara orta əsr işgəncələri verilir. Sizcə, niyə indiyədək dünya birliyi, insan hüquqları təşkilatları, BMT buna kəskin reaksiya verməyib?

- Bu, həmin dünya birliyi, BMT-dir ki, müvafiq qətnamələr qəbul olunsa da, 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalda qalmasına baxmayaraq, Ermənistana qarşı heç bir ciddi addım atmadı. Həmin təşkilatlardan çox şey ummağına dəyməz. Danışırlar, bəyanat verirlər, amma təəssüf ki, öz qazancları uğrunda fəaliyyət göstərirlər. İnsan haqları da məhz bu məqsədlə istifadə olunur. Məsələn, ABŞ uyğur türklərinə görə Çinə təzyiq edir, amma əslində, ABŞ-ın uyğur türklərinə ürəyi yanmır. Çinə təzyiq etmək istəyir. İnsan haqları məsələsini bəhanə edir. Təəssüf ki, dünyanın gözü bir çox yerlərdə insan haqlarına kordur. Görün, Avropa Ukraynadan olan qaçqınlara necə qucaq açdı, amma Taliban ikinci dəfə hakimiyyətə gələndən sonra əfqanların başına nələr gəldiyini gördünüz. Heç bir ölkə onları qəbul etmədi. Onları ölümlə üz-üzə buraxdılar. Ermənistan illərlə Azərbaycanın maddi-mənəvi irsini məhv edib, dünya qurumları isə susublar. Amma indi görürsünüz ki, Fransa parlamenti ermənilərə görə Azərbaycanın əleyhinə qətnamə qəbul edir. Molla rejimi də dünya birliyi ilə anlaşa bilir. Üzdə bunların arasında ciddi ixtilaf görünməsinə baxmayın. Əslində, bu günə kimi molla rejimi başda ABŞ olaraq dünya super güclərinin regionda maraqlarını gerçəkləşdirən bir ölkə olub. Molla rejimi sözdə İsrailə, ərəb ölkələrinə qarşı təhdid yaradır. Əgər sən İsrailə düşmənsənsə, gərək ərəb ölkələri ilə iş birliyində olasan. Amma hər ikisinə təhdid yaradır. Nəticə bu olur ki, İsraillə ərəb ölkələri tarixdə heç zaman olmadığı qədər bir-birlərinə yaxınlaşıblar. Molla rejimi bu baxımdan İsrailə və Qərbə böyük xidmət edib. Bu günə qədər biz beynəlxalq ictimaiyyətdən molla rejiminə qarşı ciddi təşəbbüs görməmişik.  

- Sizcə, İran niyə nüvə silahı əldə etmək istəyir və niyə beynəlxalq birlik bu məsələdə maneəçilik törətmir?..

- İran sözdə nüvə silahını özünü qorumaq məqsədilə istədiyini deyir. Molla rejimi özünü belə göstərir ki, İsraili məhv etmək istəyirəm, amma İsrail də, Qərb də bilir ki, İran heç vaxt cürət edib İsraili əməldə təhdid edə bilməz. 20 il əvvəl bir söz demişdim, hələ də onun üzərində dururam, İran əslində nüvə silahını Türkiyəyə, xüsusilə Azərbaycana, həmçinin, Güney Azərbaycana bir təhdid olaraq istifadə etmək istəyir. Bunu da dünya az-çox bilir. Bu fikrimin bir sübutu da bu il yarandı. İran dərsliklərinin birinin cildindəki təsvirdə raketlər Azərbaycanı hədəf alıb. Güney Azərbaycan uşaqlarına da bu dərslikdən tədris olunur. İran nüvə silahı ilə özünü qorumaq istəyir, yəni başqa ölkələr qorxub İrana yaxın düşməsin, bir də ən böyük qorxusu Güney Azərbaycanın müstəqilliyidir. Bunun təsdiqini biz İran KİV-ində görürük. 20 il  əvvəl bəlkə bəziləri bu sözümə gülüb, amma gerçəklik budur.

- İranda ən çox haqqı pozulan azərbaycanlılardır. Əgər rejim devrilərsə, Cənubi Azərbaycan üçün hansı ssenarilər var?

- İranda hər hansı bir siyasi dəyişiklik gündəmə gələrsə, Güney Azərbaycan türkləri şübhəsiz ki, müstəqilliyə doğru hərəkət edəcəklər. Güney Azərbaycanda 120 il ərzində Səttərxan hərəkatından bəri siyasi hərəkətlilik var. Bizim 120 illik mübarizə təcrübəmiz mövcuddur. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri,  Şəriətmədari hərəkatı var və son 30 ildə tariximizə arxalanaraq Güney Azərbaycan milli hərəkatı yaranıb. Biz daha öncəki tarixdən dərs alaraq bu dəfə tam müstəqilliyə doğru addım atırıq. Yəni bir çox şəhərdə səslənən "Azadlıq", "Ədalət",  "Milli hökumət", "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" şüarları məhz Cənubi Azərbaycana aid olan şüarlardır. Bunları ölkənin başqa bölgələrində görə bilməzsiniz. Bu onu göstərir ki, Güney Azərbaycan türkləri eyni zamanda başqa millətlərlə mücadiləyə, aksiyalara, inqilaba başlayıblar. Deməli, onların istəkləri fərqlidir. Güneylilər müstəqilliyə doğru gedirlər, bunu bacarıb-bacarmayacaqları isə başqa məsələdir. Yəqin ki, can qardaşımız olan Azərbaycan, Türkiyə yanımızda olsa, bunu bacaracağıq. 

- İranın xarici siyasəti də dünya üçün təhlükəlidir. Bu ölkə terror qrupları, casus şəbəkələri yaradır, onları maliyyələşdirir. Yaxın Şərqdə sabitliyi pozan addımlar atır. Bu barədə sizin fikirləriniz nədən ibarətdir?

- Dediklərinizlə razıyam, bunu danmaq olmaz. İran bölgədə öz maraqları üçün terror qruplarını dəstəkləyir, terror təşkilatları, qrupları təşkil edir, onları Azərbaycanın içinə sızdırmaq istəyir. PKK-ya imkanlar yaradır, onlara ev sahibliyi edir, müalicə imkanları yaradır. Sonra onları Türkiyəyə sızdırır. Suriyada eyni əməlləri törədir. Narkotrafiklə məşğul olur. İran dünyanın və bölgənin baş bəlasıdır. Amma super güclər bu rejimi ortadan qaldırmaq üçün ciddi şəkildə bir iş görməyiblər. Bəlkə də onlara bu günə kimi İranın xeyri zərərindən çox olub. Ərəb dövlətləri bu gün ABŞ-dan, Qərbdən bu qədər silah, hərbi texnikanı İranın qorxusundan alırlar. İsrail və ərəb ölkələri ortaq düşmən sayılan İrana görə bir-birlərinə bu qədər yaxınlaşıblar.

-Tehran rejimi xüsusən Vətən müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik niyyətini açıq nümayiş etdirir. İslam dinini təhqir edən Ermənistana isə qucaq açıb. Molla rejimini qorxudan yalnız Cənubi Azərbaycan faktorudur, yoxsa başqa məqamlar da var?

- Cavabı mükəmməl və qısa olaraq özünüz sualda vurğulamısınız. Molla rejimini qorxudan məhz Güney Azərbaycan faktorudur. Düşünün ki, 10 milyonluq Azərbaycanın ətrafında heç bir türk dövləti yoxdur, həmçinin, Arazın da cənubunda farslar, kürdlər yaşayır, onda şübhəniz olmasın ki, İran müharibədə Ermənistanın deyil, Azərbaycanın yanında yer alacaqdı. Deyəcəkdi ki, siz şiəsiniz, mənim din qardaşımsınız, Azərbaycanda özünə ayaq yeri açmaq üçün özünü dost və qardaş kimi göstərəcək. Azərbaycanın müstəqilliyini bərpa etməsi İranın qara günü sayılırdı. Bunu İranın düşüncə adamlarından eşitmişəm, deyiblər ki, sərhədlərimizin dibində Azərbaycan adlı ölkənin varlığını görmək istəmirik. Səbəb də budur ki, İranın içində 40 milyona yaxın güneyli soydaşımız yaşayır. İranın qorxusu olmasaydı, Azərbaycanla düşmənçilik etməzdi. Onu da nəzərə alaq ki, İranda bir farsçı, irqçi milliyətçilik mövcuddur və bunun 150 illik kökü var. Bunun ana ünsürlərindən biri türk və ərəb düşmənçiliyidir. Bu məfkurə ona arxalanır ki, İslamdan öncə guya böyük imperatorluqlar var idi və İslam gəldiyindən sonra bu tarixi əzəmət aradan getdi. Sonra da türklər gəldilər, qalan hər şeyi əlimizdən aldılar. Əmələ baxdıqda elə ərəblər və türklər bu ölkəni abad ediblər. İranın harasında bir tarixi iz, abidə varsa, hamısı türklərin yadigarıdır. Amma dərsliklərimizdə gerçəyi deyil, mən söylədiyim sözləri anladırlar, hətta güneyli uşaqlara da bunu öyrədirlər. Burda türk düşmənliyi məsələsi ortaya çıxır. İran əslində öz sərhədlərinin içində problem yaşayır. İranın qorxduğu öz içindədir, çölündə deyil. İran, dediyim kimi, Güney Azərbaycanın müstəqilliyindən qorxur. 
 

 





22.11.2022    çap et  çap et