525.Az

"Fransa senatının təsdiqlədiyi sənəd o halda Ermənistanın xeyrinə ola bilər ki..."


 

"Fransa senatının təsdiqlədiyi sənəd o halda Ermənistanın xeyrinə ola bilər ki..."<b style="color:red"></b>

Azərbaycanın ərzilərinin 20 faizi 30 il boyunca düşmən tapdağı altında olduğu müddətdə buna göz yuman, hətta bu məsələdə Ermənistanın yanında yer alan, Azərbaycanın tarixi ədaləti bərpa etməsinə imkan verməməyə çalışan ölkələrdən biri də Fransa idi. Fransa hər zaman Qarabağ məsələsində həm Ermənistan, həm də Azərbaycan arasında tərəf saxlamadan münaqişəni həll etməyə çalışdığını bildirsə də, açıq-aşkar Ermənistanı dəstəklədiyi atdığı hər addımda görünürdü. Xüsusilə də Emmanuel Makronun prezidentliyi dönəmində Fransa Ermənistana daha açıq şəkildə dəstək verib. Məsələn, son olaraq Fransa parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bunun örnəyidir.

Fransanın Azərbaycana mövqeyinin daha da kəskinləşməsi başqa hansı siyasi səbəblərdən qaynaqlana bilər?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Sədrəddin Soltan "525"ə açıqlamasında bildirib ki, Fransa Cənubi Qafqaza öz nüfuzunu kəskin şəkildə itirib, ona görə də indi ermənilərin vasitəsilə bu nüfuzu bərpa etməyə cəhd göstərir: "Fransanın Azərbaycana və Türkiyəyə düşmənlik mövqeyi yeni hadisə deyil. Fransa Napoleonun dövründə də Osmanlı ilə müharibələr aparıb. Həmçinin, Birinci Dünya müharibəsi zamanı Türkiyənin bölünməsi məsələsində Fransa ermənilər və yunanlarla birlikdə türklərə qarşı mübarizə aparırdı. Yaxud da Fransanın Cümhuriyyət dövründə Azərbaycana münasibəti də bəllidir. Habelə ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı apardığı zaman o dəstələrə başçılıq edənlərdən birinin fransız generalı olması və sairə bütün bunlar Fransanın dövlət olaraq türk soyuna, etnosuna qarşı sevgisizliyini göstərir. Bu, bir çox hallarda siyasi müstəviyə də keçir. Heç şübhəsiz, Fransada imkanlı ermənilər çoxdur, onların lobbisi var və bu lobbinin bir sıra məqamlarda Fransa xalqının guya maraqlarına zidd olmayacaq halda fəaliyyətə keçir. Məsələn, həmin qətnaməni qəbul edən fransız parlamentarilər hesab edirlər ki, Azərbaycana təzyiq Fransanın maraqlarına hər hansı problem yaratmaz, çünki bu məsələdən bir müddət öncə Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Fransanın Azərbaycanla heç bir müqaviləsi yoxdur, yəni Fransa Azərbaycandan nə qaz alır, nə neft alır. Ona görə də hesab edirəm ki, Fransa heç bir cəhətdən Azərbaycandan asılı olmadığına görə istənilən pisliyi etməyə hazır görünür. Onun üçün də Fransa parlamentindəki deputatlar lobbinin təlimatı ilə, hətta bəlkə də, lobbinin maliyyə dəstəyi ilə Azərbaycana qarşı ağıllarına gələn cəfəng fikirləri qətnamə adlandırdıqları sənəddə cəmləşdiriblər. 26 maddəli o sənəddə guya ərazi bütövlüyü məsələsi qoyulub. Halbuki Azərbaycan-Ermənistan arasında hələ sərhədlər müəyyənləşməyib. Yəni bu tip cəfəng fikirlər söylənib. Əslində, bu addımların əsasında dayanan başqa bir amil isə Cənubi Qafqazda mövcudluğunu bərpa etməkdir. Həmçinin, burada Fransanın Türkiyə ilə, Rusiya ilə də rəqabət aparmaq cəhdləri də var. Məsələn, Afrikada Türkiyə Fransanı bir çox mövqelərdən sıxışdırıb çıxarıb. Nəticədə Fransa Afrikadakı koloniya siyasətini həyata keçirməkdə çətinlik çəkir və keçmiş müstəmləkə torpaqlarına qayıda bilmir. Bu isə Fransa dövlətini qıcıqlandırır. Bu, həm də Fransanın keçmiş qüdrətinin günü-gündən itməsi ilə nəticələnir. İndi də belə hesab edirlər ki, ermənilərin vasitəsilə Cənubi Qafqaza girə bilərlər, Cənubi Qafqaza girmək həm də regiondakı Rusiyanın hegemonluğuna qarşı çıxış etmək deməkdir. Fransa hesab edir ki, Rusiya Ukrayna müharibəsinə görə zəifləyib və ona görə Ermənistan ABŞ-ın nəzarətinə keçə bilər və sairə. Ona görə də Fransa istəyir ki, Ermənistan digər Qərb ölkələrinin yox, onun özünün nüfuz dairəsi altına düşsün. Yəni Fransa bir növ Cənubi Qafqaza soxulmağa cəhd göstərir. Gürcüstanın yönü artıq bəllidir, Azərbaycanın yönü, himayə etdiyi dövlət bəllidir. Ermənistanın isə perspektivdə Rusiyanın nəzarətindən çıxması məsələsi var ki, Fransa da buna cəhd edir".

Senatın qəbul etdiyi qətnamə Fransa hökuməti tərəfindən təsdiqlənsə, bu, regionda Ermənistanın lehinə hər hansı fərqli bir vəziyyət yarada biləcəkmi?

Ekspert bildirib ki, bu sənəd sadəcə olaraq beynəlxalq arenada Azərbaycana qarşı müəyyən siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər: "Senatın təsdiq etdiyi sənəd o halda Ermənistanın xeyrinə ola bilər ki, Azərbaycan bu sənədlə bağlı geriyə hansısa addım atsın. Azərbaycan üçün isə bu sənədlərin heç birinin hüquqi əsası yoxdur və Azərbaycan başqa bir dövlətin nə deməsindən asılı olmayaraq öz suveren hüquqlarını, ərazi bütövlüyünü qorumaqda müstəsna rola malikdir. Ona görə də Fransa parlamentinin hansı sənədi, necə, hansı şəraitdə qəbul etməsinin Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu, sadəcə olaraq olsa-olsa beynəlxalq arenada Azərbaycana qarşı müəyyən siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan da tək deyil".

Fərid SANÇAR

 





22.11.2022    çap et  çap et