525.Az

Qlobal istiləşmə Azərbaycanda hansı fəsadlar törədə bilər?


 

EKOLOQ SADİQ HƏSƏNOV: "İQLİM DƏYİŞMƏLƏRİ NƏTİCƏSİNDƏ XƏZƏR DƏNİZİNİN SƏVİYYƏSİ 1,5 METR AŞAĞI DÜŞƏRƏK 28 METR HƏDDİNƏ ÇATIB

Qlobal istiləşmə Azərbaycanda hansı fəsadlar törədə bilər?<b style="color:red"></b>

Dünya birliyi iqlim dəyişikliyi məsələsini qlobal ekoloji problemlər arasında birinci yerə qoyur. Bəşəriyyət tarixində iqlim dəyişikliyi mühitin ən vacib və eyni zamanda, ən təbii xüsusiyyətlərindən biridir. 200 milyon ildir, Yer kürəsində iqlim davamlı olaraq dəyişir, lakin bu dəyişiklik heç vaxt indiki qədər sürətlə baş verməyib. Ötən əsrdə yer üzündə iqlim 0,5 0S istiləşib ki, bu da planetin geoloji tarixində görünməmiş bir faktdır. Son 25 il ərzində havanın orta temperaturu 0,7 0S artıb.

Kəskin iqlim istiləşmələrinə təsir göstərən əsas amillər günəşin aktivliyi, atmosferin tərkibi, ümumi sirkulyasiya və biosferdə gedən proseslərin intensivliyi ilə izah olunur. Son əsrdə, xüsusən də son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə isə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon dioksid, metan, azot oksidi xlorofloro karbonlar kimi günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir.  Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.

Ölkəmizdə baş verən ekoloji pozğunluqların əsas səbəbləri nədir? Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son on illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayında da artım var.

Kimya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Sadiq Həsənov "525"ə açıqlamasında  ölkəmizdəki iqlim dəyişikliklərinin səbəblərindən söz açıb: "İqlim dəyişmələrinin ən böyük təsiri Xəzər dənizinin səviyyəsinin 1,5 metr aşağı düşərək 28 metr həddinə çatmasıdır. Ümumiyyətlə, 1930-cu ildən başlayaraq Xəzər dənizində suyun səviyyəsində düşmə müşahidə olunmağa başlayıb. Ən çox düşmə 1977-ci ildə müşahidə olunub, sonradan suyun səviyyəsi 1997-ci ildə 26,5 metrə qədər artıb. Bu ildən başlayaraq düşmə davam edir və bir ildə, alimlərin, beynəlxalq ekspertlərin hesablamalara görə, 0,4 sm azalma baş verir. Dənizin su səviyyəsinin azalmasında əsas səbəblərdən biri qlobal istiləşmə və iqlim dəyişmələri nəticəsində buxarlanmanın artmasıdır. Beynəlxalq elmi mərkəzlərin, ölkə üzrə mütəxəssislərin fikrincə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi davam edəcək. Dəniz suyunun səviyyəsinin azalması Azərbaycan üçün ciddi fəsadlarla müşayiət oluna bilər. Dəniz obyektlərində və dəniz kənarlarında qurulan infrastrüktur obyektləri yenidən planlaşdırılmalı və tikilməlidir. Dənizdə olan turizm infrastrukturları maliyyə itkisinə məruz qala bilər. Bununla yanaşı, iqlim dəyişmələrinin təsiri ilə su ehtiyatlarının azalması, quraqlıq nəticəsində səhralaşma prosesinin vüsət alması, torpağa antropogen təsirin çoxalması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artıb. Mütəxəssislərin qənaətinə görə, torpaqların tənəzzülə uğraması, əsasən, mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi, torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır. Torpaqların qorunması və bu istiqamətdə fermerlərə yardım edilməsi üzrə Nazirlər Kabinet, Kənd Təsərrüfatı Nazirliyi və bir sıra nazirliklər tərəfindən bir çox işlər görülür. Yaşıllıq ərazilərinin azalmasının da əsas səbəblərindən biri qlobal istiləşmənin təsirindən su ehtiyatlarının azalması və ağacların susuzluqdan qurumasıdır ki, bu da az olan yaşıllıq və meşə ehtiyatlarımızın daha da azalmasına səbəb olur. Ona görə də gələcəkdə yaşıllıq və meşə sahələrinin salınmasında az su tələb edən ağaclara üstünlük verməklə bu növ ağacların və yaşıllıqların sahəsini artırmaq olar".

Bu cür səbəblər müxtəlif xəstəliklərin çoxalmasına, torpaqların münbitliyinin azalmasına və su ehtiyatlarına mənfi təsir edir. Qlobal istiləşmənin təsirindən su ehtiyatlarının azaldığı bir şəraitdə daha az su tələb edən ağacların əkilməsi, yaşıllıq sahələrində bu növlərdən istifadənin stimulaşdırlması üçün təşəbbüslər artırılmalıdır. Bu növ ağacları həm şəhərlərdə, həm də kənd yerlərində əkmək mümkündür və bu cür yaşıllıq sahələri uzun müddət ərzində ölkəmizi yaşıllıqla təmin edə bilər".

Havar ŞƏFİYEVA

 





22.11.2022    çap et  çap et