Hələ 1991-ci ildə Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri də İsrail olub. 1992-ci ilin aprelində iki ölkə arasında diplomatik əlaqələr qurulub. Qarabağ münaqişəsi dövrünün müxtəlif mərhələlərində İsrail Azərbaycanın silah-sursatla təmin olunmasına müəyyən yardım göstərib. Sonrakı illərdə də İsrail ilə Azərbaycan arasında müxtəlif sferalarda əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edib, kifayət qədər isti münasibətlər yaranıb. Xüsusilə də Qarabağ məsələsində Azərbaycana dəstək olan ölkələr sırasında Türkiyə və Pakistan qədər İsrailin də önəmli yeri və rolu olub.
İsrail Azərbaycanla əlaqələrin, tərəfdaşlığın daha da inkişaf etməsində maraqlıdır və bunun üçün çalışır. İşğaldan azad olunmuş ərazilərimizdəki quruculuq, abadlıq işlərində İsrail şirkətlərinin də iştirak etməkdə maraqlı olması da buna sübutdur.
Hər iki ölkə arasında əlaqələr nə qədər yüksək səviyyədə olsa belə, müəyyən obyektiv və subyektiv səbəblərdən ötən 30 il ərzində Azərbaycanın İsraildə səfirliyi yox idi. Nəhayət, bir neçə gün öncə Milli Məclisdə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıl və birinci oxunuşda qəbul edildi. Beləliklə, Azərbaycan yaxın zaman ərzində İsraildə səfirliyini təsis edəcək.
Bəs bu tarixi hadisə İranın Azərbaycana qarşı hər hansı təxribata əl atmasına gətirib çıxara bilərmi?
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "525"ə açıqlamasında Azərbaycanın İsraildə səfirliyinin açılması addımının gecikmiş qərar olduğunu bildirib: "Amma əlbəttə, gecikmiş olsa da, bu, olduqca əhmiyyətli addımdır. İsrailin ölkəmizdə səfirliyi varsa, bizim də gərək orada səfirliyimiz olsun. İsraillə münasibətlər qurmaq, səfirlik açmaq Azərbaycanın daxili işidir, buna heç bir ölkə qarışa bilməz. İsraildə səfirlik, Fələstində isə nümayəndəlik açılması balanslaşdırılmış qərar idi. Buna heç bir reaksiya yoxdur, hər hansı reaksiya ola da bilməz. Ərəb ölkələrinin qalxıb buna mane olacaq halları yoxdur, yəni ərəb ölkələri özü son illər İsraillə diplomatik əlaqələr qurur. Biz İranın xarici siyasətinə qarışmırıqsa, İran da gərək bizim xarici siyasətimizə qarışmasın. İranın öz müttəfiqi Ermənistanın belə İsraildə səfirliyi var, buna görə də bizə qarşı İran heç bir irad bildirə bilməz. Hələ ki bu istiqamətdə rəsmi Tehran heç bir açıqlama verməyib. Hətta belə bir açıqlama verilsə də, bu, absurd olar, başqa bir müstəqil dövlətin daxili işlərinə qarışması olar. Azərbaycanın İsraildə səfirlik açması təbiidir, İsrail Azərbaycanın strateji tərəfdaşıdır, biz İsrailə neft ixrac edirik, İsrailin neftə olan tələbatının 40 faizi Azərbaycanın hesabına ödənilir, İsraildən müasir silahlar alırıq, Azərbaycanda Yəhudi icması, İsrail də isə Azərbaycanın icması var. Ona görə də heç bir ölkə Azərbaycanın bu qərarına müdaxilə edə bilməz".
İsraillə münasibətlərin bu səviyyədə inkişafı İrandan başqa hansı bir region ölkəsinin də maraqlarına zidd ola bilərmi?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "525"ə açıqlamasında deyib ki, burada yeganə narazı qala biləcək ölkə Rusiyadır: "Azərbaycanın İsraildə səfirliyinin açılmasına, məncə, İran qədər qısqanclıqla yanaşan ikinci bir dövlət ola bilməz. Çünki dünyada İrandan başqa elə bir dövlət yoxdur ki, İsrailin dünyanın siyasi xəritəsindən silinməsini arzulaya, İsrailə qarşı ölüm şüarı irəli sürə. Lakin region ölkələri arasında İrandan başqa digər ölkələrə nəzər salsaq, məsələn, Ermənistan və ya Gürcüstanın Azərbaycan-İsrail münasibətlərinin güclənməsinə, orada səfirlik açılmasına təsir etmək, ona qarşı çıxmaq imkanları yoxdur. Burada yeganə narazı qala biləcək ölkə Rusiyadır, çünki son vaxtlar İsraillə Rusiya arasında yəhudi cəmiyyətləri ilə bağlı müəyyən anlaşmazlıqlar yaranıb. Hətta İsrail Rusiyaya etiraz notası da verib. Rusiya İsrail-Ukrayna əlaqələrinə görə öz ölkəsindəki yəhudi təşkilatları və yəhudi icmasının liderlərinə təzyiq etməyə başlamışdı, hətta onların bir çoxu ölkədən qaçdı, bəziləri isə hələ də istintaq altındadır. Ona görə də Rusiyadan bu məsələ ilə bağlı müəyyən narazılıq gözləmək olar".
Fərid SANÇAR
çap et