525.Az

Vaşinqton Ukraynaya hərbi yardımı dayandıracaqmı? - Xaqani Cəfərli yazır


 

SENATOR CİM RİŞ: "VYETNAMA GÖRƏ RUSLARA CAVAB VERMƏYİN VAXTI ÇATIB"

Vaşinqton Ukraynaya  hərbi yardımı dayandıracaqmı? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ-da Konqressə keçirilən aralıq seçkidə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında çoxluq əldə etməsi Ukraynaya göstərilən hərbi yardımın dayandırıla biləcəyilə bağlı ehtimalları gündəmə gətirdi. Seçkilər başa çatar-çatmaz bu ehtimalın gündəmə gəlməsinin ciddi əsasları da var. Nümayəndələr Palatasının 11 üzvü qanunvericilik layihəsi hazırlayıb. Qanun layihəsi prezident Co Baydenin iqtidarı  dövründə Ukraynaya göstərilən bütün hərbi, mülki və maliyyə yardımlarının yoxlanılmasını nəzərdə tutur. Qanunvericilik layihəsini  imzalayan 11 nəfər keçmiş prezident Donald Trampın tərəfdarlarının yer aldığı MAGA (Make America Great Again) adlandırılan fraksiyaya mənsubdurlar. Corcia ştatından olan Konqressmen Marjorie Taylor Greenin rəhbərlik etdiyi bu qrup Ukraynaya göndərilən hərbi yardımın dayandırılmasını, bu günə kimi göndərilən yardımın isə auiditinin keçirilməsini tələb edirlər.

Marjorie Taylor Green bəyan edib ki, amerikalıların NATO üzvü olmayan xarici dövlətə yönəldilmiş vəsaitin nəyə xərcləndiyini bilməyə haqqı var. Buna görə də MAGA-çılar ABŞ-ın Ukraynaya göndərdiyi hər bir dolların hara xərcləndiyini yoxlamağı tələb edirlər. Qanun layihəsinin müəllifləri Ukraynanın maliyyələşdirilməsi ilə bağlı bütün sənədlərin qətnamənin qəbulundan 14 gündən gec olmayaraq onlara göndərilməsini istəyirlər. Bu tələb prezident Co Bayden dövründə Ukraynaya göstərilən bütün hərbi, mülki və maliyyə yardımlarına aiddir. Co Baydenin prezidentliyi dövründə Vaşinqton Kiyevə 20 milyard dollardan çox hərbi, 10 milyard dollara yaxın humanitar yardım və təxminən 13 milyard dollarlıq iqtisadi dəstək verib. Marjorie Taylor Greenin başçılıq etdiyi qrup indi bu vəsaitlərin yoxlanılmasını, eləcə də bundan sonra yardımın dayandırılmsını, Ukraynaya ayrılması nəzərdə tutulan vəsaitin ABŞ-ın özünün sərhədlərin qorunmasının maliyyələşdirilməsinə yönəltməyi tələb edir. ABŞ-ın özünün sərhədlərin qorunmasının maliyyələşdirilməsi dedikdə isə keçmiş prezident Trampın Meksika ilə sərhəddə 6 metr hündürlükdə beton hasar çəkilməsi təklifinin maliyyələşdirilməsini nəzərdə tuturlar. Donald Trampın prezidentliyi dövründə Nümayəndələr Palatasında çoxluqda olan Demokratlar hasar tikintisi üçün dövlət başçının tələb etdiyi 5 milyard dolların ayrılmaısnın qarşısını almış, Meksika ilə sərhəddə beton hasar çəkilməsinə imkan verməmişdilər. İndi isə Nümayəndələr Palatasında çoxluqda olan Respublikaçılar Trampın arzusunu həyata keçirmək və Meksika ilə sərhəddə beton hasar çəkilməsinin maliyyələşdirilməsinə nail olmaq istəyirlər.

MAGA-çıların Ukraynaya yardımı dayandırmaq təklifi Rusiyada çoşqu ilə qarşılanıb. Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev Telegram kanalında yazıb ki, "Amerika həmişə dostlarını və "əclaf övladları"nı tərk edib. Gec-tez bu dəfə də belə olacaq".

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin bu arzusunun gerçəkləşmə ehtimalı nə qədərdir?

Son zamanlar qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən keçmiş prezident Dmitri Medvedevin bu açıqlamasının da gerçəkləşmə ehtimalı çox azdır. Çünki Respublikaçıların Nümayəndələr Palatasındakı üstünlüyü çox yüksək deyil. Hazırda Respublikaçıların Nümayəndələr Palatasında 218, Demokratlar isə 212 yerə malikdir. Hələlik beş seçki dairəsi üzrə qalib müəyyən olunmayıb. Çox böyük ehtimalla onlardan ən azı ikisini Demokratlar qazanacaqlar. Beləliklə də Respublikaçılar ən yaxşı halda yeddi səs üstünlüyünə malik olacaqlar.

Digər bir məqam ondan  ibarətdir ki, Respublikaçıların hamısı Trampın tərəfdarı, MAGA-çılardan ibarət deyil. Trampın əleyhdarı olan Respublikaçılar isə MAGA-çılardan fərqli olaraq Ukraynaya hərbi yardımın göstərilməsinin davam etməsini istəyirlər. Respublikaçıların nüfuzlu təmsilçilərindən senator Cim Riş ABŞ-ın Ukraynaya hərbi dəstəyinin azalmasını istisna edib. Senatın beynəlxalq əlaqələr komitəsinin sədri olan Cim Riş bildirib ki, Konqressin hər iki palatasında mütləq əksəriyyət Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdır.  Nüfuzlu senator özü Ukraynaya qırıcı təyyarələr verilməsini də mümkün hesab edir. Senator Cim Riş hesab edir ki, Vyetnama görə ruslara cavab verməyin vaxtı çatıb.

Qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi-siyasi elitasında çox böyük əksəriyyət məhz senator Cim Riş kimi düşünür və Rusiyanın cəzalandırılması üçün Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdır. ABŞ-ın əsas söz sahibi olduğu NATO Parlament Assambleyası Rusiya Federasiyasını və onun rejimini terrorçu dövlət kimi tanıyan qərar qəbul edib. Həmin qərarda NATO-ya üzv ölkələrin hökumət və parlamentləri Rusiyanı terrorçu dövlət kimi tanmağa da çağırıb.

Respublikaçılar Partiyasının donorları arasında Hərbi-sənaye kompleksinə və enerji sektoruna aid şirkətlər əksəriyyət təşkil edir. Co Baydenin hazırki siyasəti isə ABŞ-ın Hərbi-sənaye kompleksinə və enerji sektoruna aid şirkətlərin maraqlarına Trampın siyasətindən daha çox uyğundur. Hərbi-sənaye kompleksinə aid şirkətlər çox böyük sifarişlər almaqdadırlar. Bir çox şirkətlər sifarişləri təmin etmək üçün üç növbəli iş rejiminə keçmək istəyirlər. Rusiyanın dünya enerji bazarlarından təcrid edilməsi də ABŞ-ın enerji şirkətlərinin maraqlarına cavab verir. Belə bir vəziyyətə ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması istisna edilir. Əksinə, NATO Parlament Assambleyasının Rusiyanı terrorçu dövlət kimi tanıması onu göstərir ki, Moskvaya qarşı təzyiqlər səngiməyəcək. NATO-ya üzv ölkələr tərəfindən son günlər Ukraynaya göstərilən hərbi dəstək də bu qənaəti təsdiqləyir.

 





23.11.2022    çap et  çap et