525.Az

Florensiya şəhəri və Mediçi sülaləsi - Telman Orucov yazır


 

Florensiya şəhəri və Mediçi sülaləsi - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 San Kroçe kilsəsinin içərisi Cotto tərəfindən freskalarla bəzədilmişdi. Erkən dövrlərdən florensiyalılar bu kilsədə dəfn edilmişdilər, beləliklə, kilsə tədricən tam qəbiristanlığa çevrilmişdi. Bu qəbirlər, onlara malik olan şəxsiyyətlər Stendala çox şeyi demiş, onların  obrazları onunla tanışlıq yaratmışdılar. Kübar Florensiya ailələrinin üzvləri hələ sağ olan vaxtı buraya gəlib, özlərinə əbədi sığınacaq axtarırdılar.

Firentse meydanı şəhərin gözəl tipik meydançalarından biridir. Buradakı Barcello sarayı və qüllə XIII əsrdə tikilmişdir. Saray indi Milli Muzey kimi fəaliyyət göstərir. Muzeydə Donatellonun "Gənc David" və "Müqəddəs Georgi", "San Covanni", Mikelanceonun "Vakx" heykəlləri nümayiş etdirilir. Buranı həm də Mikelanceonun "Brutun büstü" və "Madonna və uşaq" heykəlləri daha da zənginləşdirir.

Mark muzeyində "Çarmıxa çəkilmə" və "Çarmıxdan düşürülmə" tabloları yerləşir. Akademik qalereyada isə Mikelancelonun çox məşhur "David" heykəlinin orijinalı durur. Florensiya respublikası Mikelanceloya Vekkio sarayının qarşısında qoyulacaq azadlıq simvolunun yaratmağı etibar etmişdi. İndi orada yalnız heykəlin kopiyası qoyulmuşdur.

Bu işi 26 yaşlı sənətkar gördü. O, 1501-ci ildə heykəli yaratmağa başlayıb, onu dörd ilə başa çatdırdı. Bu nəhəng gənc adamın fiqurası çox gözəl olmaqla, fiziki füsunkarlıq və kübarlılıq ifadələri yaradır. Məğrurluğu və mərdliyi ilə seçilməklə bizə Mikelancelonun bunu necə başa düşdüyünü ifadə edir. Qalereyadakı papa II Yulinin qəbri üçün Mikelancelonun yaratdığı "Əsir" heykəli və "Pallestrina fəryadı" heykəltəraşlıq əsərləri nümayiş etdirilir.

Şəhərin baxış meydanına aid olan ərazi Mikelancelo meydançası adlanır. Burada da "David" heykəlinin bir kopiyası qoyulmuşdur. Aşağıda isə şəhərin gözəl mənzərəsi açılır, bütün arxitektura abidələri öz möhtəşəmliyi ilə göz önündə canlanır. Şəhərin panoramasını Arno çayı iki yerə bölür və bu ərazini təpələr əhatə edir.

 

Bank işi, Mediçi ailəsinin yüksəlməsi

 

Florensiya şəhəri XV əsrdə bank işində xeyli irəli getdi. Bu, birinci növbədə Mediçi ailəsinin fəaliyyətinə borclu idi. Mediçilər parça istehsalını genişləndirərək, kommersiyaya, daşınmaz əmlaka və bank işinə keçdilər. Həmin əsrdə mövcud olmuş ailənin ən yaxşı günlərində Mediçi Evi Avropada ən böyük bank idi, onun qolları (filialları) Venetsiyada, Milanda, Romada, Avinyonda, Brüsseldə, Londonda və Lionda fəaliyyət göstərirdi. Bununla yanaşı, ailə yun və ipək parça manufakturalarına və zəy mədənlərinin sənaye işlərinə nəzarət edirdi. Axırıncı mineraldan toxuculuq mallarının boyadılması üçün istifadə olunurdu.

Qısa dövr istisna olmaqla, Mediçilər həmçinin, papaların əsl bankirləri hesab ovunurdular, bu mövqe onlara böyük gəlir gətirməklə yanaşı, həm də Papa sarayına təsir göstərmək imkanı yaradırdı. Erkən vaxtlarda və XV əsrin ortalarınadək bu fəaliyyətin böyük uğur qazanmasına baxmayaraq, Mediçilər bankı əsrin sonunda qəflətən əziyyət çəkməli oldu, bu vəziyyət pis liderliklə, pis borc vermələr seriyası ilə, xüsusən, hökmdarlara verilən borcların qaytarılmaması ilə əlaqədar idi. Əslində, onlar ümidsiz borclara çevrilmişdilər. 1494-cü ildə Fransa Mediçiləri Florensiyadan qovdu və onların mülkiyyətini müsadirə etdi. Bu vaxt Mediçilərin maliyyə evi süqut etdi.

Lakin Florensiya öz reputasiyasını itirməməyə, qoruyub saxlamağa çalışırdı. Mediçilər isə incəsənət növlərinə xüsusi maraq göstərmələri ilə fərqlənən xüsusi adamlar idi. Onlar təkcə ideyalar barədə formulalar yaratmır, həm də yüksələn mədəni davranışın muxtar formalarını tətbiq edirdilər. Bəzən isə məcburiyyətə qarşı qiyam qaldıraraq, cəmiyyətin davranışını dəyişdirməyə cəhd etməklə, həm də onu müzakirədən keçirməklə özününkünə çevirirdi.

Bu kontekstdə bir fərd üçün başqalarından kənarda dayanmaq asan olurdu. Professional uğur iqtisadi qələbəyə çevrilir və görünməmiş rəqabət meydana gəlirdi. Bu resurslardan istifadə etməkdə anarxiyadan qaçmaq üçün hökmən nizamlanmaya ehtiyac yaranırdı. Xatırlanan səbəblərə görə Florensiya artıq fərdiyyətçilik şəhəri idi. Aralarındakı dağıdıcı rəqabətdən uzaqlaşmaqdan başqa xalq heç bir əlavə resursa malik deyildi. Bu da yalnız geniş yayılmaqla və sərt xarakter daşımaqla nəzarət və özünə nəzarət mexanizmləri ilə baş verə bilərdi, onun da mahiyyətində həm də müstəsna qaydada tez-tez dönmələr olurdu.

Mediçilərin mənşəyinə gəldikdə, puldəyişənlər gildiyasında olan Mediçi ailəsində faydalı fəallıq hesabına yaranan iqlimdə xüsusi adam meydana çıxdı ki, onu sülalənin banisi adlandırmaq olardı. Həmin Covanni di Biktsi və onun ailəsi Mucello vadisindən gəlmişdi. O, Respublika hakimiyyətindən özünə xüsusi mövqe xahiş etməsə də, onsuz da ona vəzifə verildi və Covanni bunu qəbul etdi.

1413-cü ildə o, razılıq əsasında həmin dövrdəki dünyada istənilən axtarışlara nail olmağa çalışırdı. O, papa XIII Conun maliyyə agenti, başqa sözlə, onun bankiri oldu.

Ümumiyyətlə, razılaşıldı ki, Mediçilər həmin dövrdə ən iri və daha səmərəli iqtisadi və maliyyə təşkilatı olsun. Həmin Covanninin varisi Kozimo dünyada az qala ən varlı adama çevrildi, həm də əsasən, ona görə ki, ailə Papa Sarayının biznes işlərinə cəlb olunmuşdu.

Ailə bankın qollarını Venetsiyada, Romada və Neapolda açdı, papa V Martininin maliyyə işini davam etdirdi və həm də daim siyasi kompromisin bütün areallarından məsafə saxlamağa borclu idi. Buna baxmayaraq, çox sayda sürgün olunmuş dostlarını himayə etmək üçün özünü ağıllı qaydada şəhərin ictimai işlərinə də təqdim etdi.

Xatırladıldığı kimi, onların maraqları, əlbəttə, yalnız siyasi həyatda mərkəzləşmirdi. Və həm də 1418-ci ildə 8.300 dukat məbləğindəki gözə çarpan pulu papa XXI Conu azadlığa çıxarmaq üçün girov haqqı kimi verdi. XXIII Con kilsə tərəfindən papa əleyhinə gözlənilən hərəkat başlamamışdan əvvəl, 1419-cu ildə öldü. Mediçilər onun xatirəsinə həsr olunmuş abidə qoydular və onun qəbri Baptisteriyada indiyə qədər qalır.

1421-ci ildə gonfalonier və ya bayraqdar - popolon könüllülərinin başçısı seçildi, bu, aydın şəkildə və həlledici qaydada biznes dünyasından kənara çıxırdı. 1426-cı ildə və kadastr institutunu yaratmağa qadir oldu, bundan Kommuna da fayda götürürdü və o vaxtdan varlı torpaq sahibləri üçün mülkiyyət vergisi qoyuldu. Beləliklə, o, zəiflərin marağı naminə hətta özünün ziyanına da fəaliyyət göstərirdi.

1427-ci ildə nəticədə Kozimo Sinyoriya daxilində kiçik şirkətlərin sayını azaltmağa və kübarları, seçkini nizamlama qaydalarından uzaqlaşdırmağa cəhd etdi. O, qüdrətli kübarların davranışına əks olan fəaliyyətinin xalq tərəfindən bəyənilməsini əldə etdi. O, təkcə öz nüfuzuna və imperiyal aktlarının olmamasına arxalanırdı. Bununla  həm də özünün  siyasi cəhətdən qabiliyyətli olduğunu göstərirdi.

Bu davranış lakin müəyyən demaqoqluq xətti də əmələ gətirdi, bundan Mediçilər sonrakı illərdə daim maksimum siyasi razılıq əldə etmək üçün  istifadə etdilər. Bu onları ehtiyatlı və ağıllı strategiya üzrə siyasət aparmağa, demək olar ki, mütləq hakimiyyət dərəcəsini tələb etməyə qadir etdi.

Sonralar da ölkədə başqa kozimolar olduğuna görə o, Böyük Kozimo kimi adlandırıldı.

Özəl vətəndaşlar tərəfindən həmin illərdə həyata keçirilən başlıca hadisə, şəhərin mədəni mayasının artan sayda rəsm əsərlərində olması idi. 1419-cu ildə İpək Gildiyasından varlı Françesko Datini İnnosentlər ("Günahsızlar") hospitalının tikilməsini maliyyələşdirdi. Altı il sonra başqa bir gildiya San Covanni Baptisteriyası üçün "Cənnət qapısı"nı yaratmaq üçün heykəltaraş Gilbertiyə sifariş verdi. XIX əsrdə böyük fransız heykəltaraşı Oqyüst Reden bu ənənəyə uyğun olaraq özünün yeni şedevri olan "Cənnət qapısı"nı yaratdı. Karmina kilsəsi üçün freskalar tsikli işlənib hazırlandı, interyeri isə "Müqəddəs Pyotrun həyatından səhnələr" tablosu bəzədi.

Covanni di Biktsi həmçinin, görkəmli patron olmaqla, San Lorentso kilsəsini yenidən qurdurmuşdu, bu tezliklə Medisi kilsəsinə, əslində isə, demək olar ki, ailə məbədinə çevrildi.

1429-cu ildə Covanni öləndə kilsənin tikintisini tamamlamağa yaxın idi. O, öz oğlu Kozimoya tapşırdı ki, tikintini başa çatdırsın.

Mediçi ailəsinin Florensiyanın tarixi inkişafında böyük xidmətləri olduğu üçün, bu qalereyanın personajlarına ayrılıqda baxmaq, onların mövqeyini və fəaliyyətini araşdırmağa maraq və ehtiyac yaranır, çünki əslində onların hər biri diqqət obyekti olmağa layiqdir.

 

Böyük Kozimo

 

Bu da bir fakt idi ki, Kozimo ailənin taleyi barədə qətiyyətli hərəkət etdi, həm də şəhərin özünün aşağı təbəqəsini idarə etməklə yanaşı, öz maraqlarını  həyata keçirməyi də yaddan çıxarmırdı.

Böyük Kozimo  Covanni Bikstinin varisi olmaqla, güclü xarakterə malik idi. Bu tezliklə onun ailə işlərini idarə etməsində aydın şəkildə üzə çıxdı. O, həm də öz intellektual maraqlarına görə, xüsusən də fəlsəfə sahəsində daha çox xatırlanırdı.

Papa tərəfindən o, mömin adam kimi tanınırdı, onun yeganə səhvi bastard (haramzada) Karloya atalıq etməsi idi. O, Kozimonun qul qadınla intim yaxınlığının nəticəsi idi, lakin onu öz qanuni doğulan oğlu kimi sevirdi.

Kozimo ilk döyüşdə özünü xalqa yaxınlaşdırmışdı və bunu etməklə Florensiya kübarları tərəfindən aristokratik qaydada ona müxalif münasibət yaranmışdı. Kozimo xalqın narazılığından fayda götürürdü, beləliklə özünü müxalifətin başçısı etdi. Hakimiyyəti, hətta respublika rejimində də öz əlinə keçirdi. Lakin o, şəhər institutlarını rəsmi qaydada ləğv etmədi.

Sürgündən (bu cəza tədbiri Mediçilər üçün sonralar da baş vermişdi) qayıtdıqdan sonra Kozimonun başçılığı altında Mediçi ailəsi 1434-cü ildə şəhərin və bütün Toskananın suverenliyinə doğru irəlilədi, əslində, bu, bütöv əsr ərzində işlərə nəzarəti əl keçirmək demək idi.

O, müəyyən paternalist xarakterli münasibət nümunələri göstərdi,1469-cu ildə öləndə onun qəbri üzərində həmin başqalarından fərqli  meyli əks olundu. Qəbir daşındakı yazıda onu "ölkənin atası" adlandırmışdılar.

İncəsənətə marağı və məhəbbəti, onun həyata keçirdikləri, bu qeyri-adi şəxsin xarakterini başa düşməkdə bizə xeyli kömək edir.

1456-cı ildə o, bir müzakirə dairəsi yaratdı, bununla faktiki olaraq, Platonik Akademiyanın əsasını qoydu. O, mühüm əhəmiyyəti olan əsərlər toplusunu bir yerə yığdı, o da gələcəkdə Mediçi - Lavrenti kitabxanasının nüvəsinə çevriləcəkdi. Onun kitabxanaçısı, gələcəkdə  papa V Nikolasa çevriləcək alim idi və  öz növbəsində o da Vatikan kitabxanasını yaratdı.

Kozimo həmçinin, rəssamlıqla maraqlanırdı, onun yanına rəssamlar gəlirdi. O və qardaşı Lorentso rəssam Gilbertiyə sifariş vermişdilər ki, qadın monastırı üçün qiymətli şeyləri saxlamaqdan ötəri mücrü düzəltsin.

Onun sevimli heykəltəraşı Donatello idi. O, sənətkara göstəriş vermişdi ki, "David" və "Yudif və Olofern" heykəllərini yaratsın. Axırıncı əsər qrup şəklində idi. O, San Lorentso kilsəsindəki bürünc kafedranı qurmağı da Donatelloya etibar etmişdi.

O, hətta arxitektorlara böyük ehtiram bəsləyirdi. Çoxtərəfli fəaliyyəti, biznesdəki uğurları ona siyasət aləmində də fayda gətirirdi. Bankın gəliri hesabına heç kəsin köməyi olmadan, iki imperatoru dəbdəbəli qaydada qonaq etməyə qadir olmuşdu. Onlar Müqəddəs Roma imperatoru III Fridrix (o həm də Almaniya kralı idi), və Bizans imperatoru İoann Paleoloq idi.

Üstəlik, beynəlxalq əlaqələr hesabına o, Ferraradan Şuranı Florensiyaya köçürmüşdü.

Fərəhli cəhət ondan ibarət idi ki, bütün incəsənət üçün fəallığın güclü stimulları yarandı. Rəssamlar insan fiqurlarını təəssürat yaradan qaydalarda təsvir edirdilər. Santa Mariya Novella kilsəsindəki "Daşqın" freskası orta əsrlərdən bu dini məkanın simvolu hesab edilirdi: Kozimo, Mediçi ailəsinin nüfuzunu yüksəltmək naminə fəaliyyəti daxilində həm də öz hakimiyyətini vurğulamaq istəyirdi.

 (Ardı var)   

 





23.11.2022    çap et  çap et