525.Az

Plagiat, oğurluq, yoxsa kriptomneziya? - Şahanə Müşfiq yazır


 

Plagiat, oğurluq,  yoxsa kriptomneziya? - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Plagiat, başqa sözlə, ədəbi oğurluq təkcə dünya incəsənətində deyil, Azərbaycan ədəbiyyatında və incəsənətində də tez-tez rast gəlinən hallardandır. Xüsusən, çağdaş dövrümüzdə texnologiyanın, sosial medianın inkişafı ilə bu kimi vəziyyətlər daha tez aşkarlanır. Bəzən hansısa mövzunu, misranı və ya ədəbi nümunəni mənimsədiyi iddia edilən müəlliflər bunu etiraf etmir, ya da həqiqətən də belə bir niyyətinin olmadığını deyirlər. Bəs onlar bu özünümüdafiədə nə dərəcədə səmimidirlər?

İnsan beyni öyrənildikcə dərinləşən, hələ çox qatlı sirlərə malik mexanizmdir. Beynimizin bizə oynadığı oyunlardan biri də kriptomneziyadır (kryptos - yunanca "gizli" deməkdir). Kriptomneziya başqasının başına gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan yaddaş pozuntusudur. Bu sindromun daşıyıcıları bildikləri, eşitdikləri hadisələrin kimə məxsus olduğunu, nə vaxt baş verdiyini unudaraq onları öz adına çıxır, keçmişdəki hadisələri isə təzə baş vermiş hadisə kimi qələmə verirlər. Başqa sözlə, kriptomneziyada məlumatın mənbəyi və vaxtı unudulur. Bunun üçün şəxs həmin hadisələri öz başına gələn hadisə kimi yadına salır. Bu halı şüursuz plagiat da adlandıra bilərik ki, xüsusən, yaradıcı işlərlə məşğulsunuzsa, çox güman, sizin də başınıza gəlmişdir.

Ən məşhur kriptomneziya örnəyi dünya şöhrətli ingilis musiqiçi Corc Harrisona aiddir. Onun 1969-cu ildə yazdığı "My Sweet lord" mahnısı bütün dünyada böyük əks-səda qazandı, xitlərdə birinci sıraya keçdi. Bundan sonra 1963-cü ildə "He's so fine" adlı musiqi ilə xitlərdə zirvəni qazanan "Çiffsons" musiqi şirkəti onu məhkəməyə verir. Belə ki, onlar Harrisonun mahnısının plagiat olduğunu iddia edirdilər. Musiqi, demək olar ki, tamamilə eyni idi. Harrison sözü gedən musiqini dinlədiyini etiraf etsə də, həmin musiqini kopyaladığını qəbul etmir. Nəticədə hakim bunun qeyri-iradi baş verdiyi qənaətinə gəlir. Amma bilərək, ya da bilməyərək, ortadakı fakt kopyalamaqdır. Buna görə də Harrison yarım milyon dollar müəlliflik haqqı ödəməyə məhkum edilir. Daha sonra Harrison "He's so fine" adlı mahnının bütün müəlliflik hüquqlarını alır.

Kriptomneziya anlayışı ilk dəfə parapsixologiya və ruhsallıq haqqında kitablar yazan isveçrəli professor Teodor Flurnua (1854-1920) tərəfindən elmə gətirilib. O, bu termindən ilk olaraq 1901-ci ildə nəşr edilən "Hindistandan Mars planetinə" adlı kitabında istifadə edib.

Mütəxəssislər kriptomneziyanın meydana gəlməsini yaddaşımızın bir anlıq kəsilməsi kimi izah edirlər. Bir mövzunu və ya hadisəni xatırlayarkən onu harada və necə öyrəndiyimizi unuduruq. Buna görə də başqasının bizə danışdığı hadisəni üstündən müəyyən zaman keçdikdən sonra öz başımıza, ya da tanışımızın başına gəlmiş kimi danışa bilirik. Və bu hadisələrin eyni olduğunun fərqinə varmırıq.

Ədəbiyyatda da kriptomneziya halına tez-tez rast gəlinir. Məsələn, amerikan yazıçı və aktivist Helen Keller hələ 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Onun 11 yaşında yazdığı "Şaxta kralı" adlı hekayəsi yerli mətbuatda çap olunandan sonra diqqətləri öz üzərinə çəkir. Lakin sonradan bu hekayənin Marqaret Kanbinin "Şaxta pəriləri" adlı hekayəsinə bənzədiyi ortaya çıxdı. Keller həmin hekayəni dinlədiyini, lakin xatırlamadığını etiraf edir.

Ədəbiyyat tarixində ən məşhur kriptomneziya mübahisələrindən biri də 1955-ci ildə rus-amerikan yazıçı Vladimir Nabokov tərəfindən yazılmış "Lolita" romanı ilə bağlıdır. Zamanında bu romanın mövzusunun orijinal olub-olmadığı uzun müddət müzakirəyə səbəb oldu. Mixail Maar adlı başqa bir yazıçı mövzunu "İki Lolita" adlı kitabında araşdırır və mövzunun 1926-cı ildə alman yazıçı Heinz Von Licberq tərəfindən yazılmış bir hekayə ilə eyni olduğunu deyir.

Lakin Maar Nabokovu plagiatlıqda günahlandırmır, yazıçının bu hekayəni illər əvvəl oxuduğunu, sonra isə özünün fikriymiş kimi yaza biləcəyini deyir. Lakin Nabokovun "Lolita" əsəri bu günə kimi ədəbiyyat tarixinin oğurluq olub-olmadığı danışılan əsəri olaraq qalmaqdadır.

Əlbəttə, günümüzdə hər saniyədə məruz qaldığımız informasiya selini nəzərə alsaq, beynimizin bizi bu cür yanıltması təbii haldır.

Plagiat, təsirlənmə, köçürmə ədəbi aləmdə çox tez-tez rastlanan və gündəmi məşğul edən bir mövzu olsa da, sübut edilməsi də çətindir. Hər hansı bir əsərdə kriptomneziyanın olub-olmadığını bilmək isə daha çətindir. İncəsənət tarixinə nəzər salsaq, az qala, bütün mövzular bizdən çox-çox əsrlər öncədən işləndiyindən, demək olar ki, sonradan yaradılan bütün sənət nümunələrini kriptomneziya nümunəsi hesab etmək olar. Bəzi əsərlər mütləq plagiat olsa da, bir çox insan bunu bilməyərəkdən edir. Belə halda müəlliflərin özünümüdafiəsinə diqqət etmək lazım gəlir.

 





23.11.2022    çap et  çap et