525.Az

Ramiz Rövşən: “Bəzi cavan şairlər nabələd adamı aldadan taksi şoferləri kimidirlər...”


 

Ramiz Rövşən: “Bəzi cavan şairlər nabələd adamı aldadan taksi şoferləri kimidirlər...”<b style="color:red"></b>

Peşəkarlıq, ustalıq yaxını uzaqlaşdırmaq deyil, uzağı yaxınlaşdırmaqdır. 

525.az xəbər verir ki, Bilmag tv-yə müsahibəsində Ustad Ramiz Rövşən poeziyaya şəxsi münasibətindən danışıb: “Mənim üçün şeir heç vaxt vasitə olmayıb, məqsəd olub...” 

Mürəkkəb və qəliz mətnləri intellektual səviyyə göstəricisi sayanlar barədə şairin fikri belədir:     

“Olur ki, bir qərib tanımadığı şəhərə düşür. Taksiyə “məni filan yerə apar” deyəndə sürücü onu nabələd görüb, çox pul alsın deyə, aldadır, fırlayıb-fırlayıb dolanbac yollarla mənzil başına çatdırır. Halbuki deyilən yer düz qulağının dibindəymiş. Oxuduğum cavanlar arasında da belələri var, bir fikri çatdırmaqçün adamı fırlayır, fırlayır...”

Ramiz Rövşənin fikrincə, ən böyük həqiqətlər də, ən böyük problemlərin həlli də sadə olur:  

“Özüm gənc ikən, atamla xeyli məsələdə razılaşmırdım. Ondan çox oxumuşdum deyə, atamın “həqiqət”lərini qəbul eləmirdim, düşünürdüm, “bu nə primitiv yanaşmadır”?! Zaman keçdi,  atamın həyat haqqında, dostlarım haqqında dedikləri – hamısı özünü doğrultdu. Mənim “ali riyaziyyat”la həll eləyib tapmaq istədiyim cavabları, “kök altı”ndan çıxardığım nəticələri o adi hesabla tapırdı – iki vur iki, eləyir dörd! Müdriklik də elə budur - çox şeylərin sadə olduğunu bilirsən. Qəlizləşdirmək, mürəkkəbləşdirmək, müdriklik əlaməti sayılmaz...” 

Bilmag tv-nin “İstedad və peşəkarlıq” haqqında sualına isə şairin cavabı qısa, aydın və birmənalıdır: 

“İstedad – nə yazmaqdır. Ustalıq – necə yazmaqdır. İstedadlı olub peşəkar olmamaq bir dərddirsə, peşəkar olub istedadsız olmaq da başq bir dərddir...”

 





23.11.2022    çap et  çap et