525.Az

Rusiyaya dəstəyin cəzası


 

Rusiyaya dəstəyin cəzası<b style="color:red"></b>

Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın iştirakı artıq sübuta yetirildiyi üçün növbə Tehranın cəzalandırılmasına çatıb. Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Avstraliya İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Siyasi şərhçilər bu sanksiyaları İrana qarşı qadağaların yeni dalğası kimi dəyərləndirirlər. İrana qarşı sanksiyalar 1979-cu il İslam inqilabından dərhal  tətbiq olunmağa başlayıb. İran bu sanksiyalara qarşı "müqavimət iqtisadiyyatı" adlı iqtisadi konsepsiyası ilə cavab verdiyini iddia etsə də, sanksiyalar öz təsirini göstərməkdədir. Zəngin neft-qaz ehtiyatlarına baxmayaraq İran özünü neft məhsulları ilə təmin etməkdə çətinlik çəkir. Bu isə Tehranın "özünü təminetmə siyasəti"nin nəticə vermədiyini göstərir. Bunun nəticəsidir ki, son illər sosial-iqtisadi tələblərlə etirazlar İranı sirkələyir. Sentyabr ayının ikinci yarısından başlayana etirazlar kütləvi xarakter alması da sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə bağlıdır.

İndi isə Qərb dövlətləri Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozduğuna və ya təhdid etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Rusiyanın hərbi cinayətlərinə görə cəzasız qalmayacağı kimi, ona yardım edənlər də məsuliyyətdən yayına bilməyəcək. İranın Rusiyaya hərbi yardımı Tehranın xarici banklarda "dondurulmuş" 120 milyard dollarlıq maliyyə aktivlərindən istifadə etmək imkanlarının da yolunu bağlayır.

Rusiyaya hərbi yardımına görə İrana qarşı tətbiq olunan sanksiyalar inflyasiya və milli valyutanın devalvasiyasını sürətləndirib. Bu isə işsizliyin artmasını, sosial-iqtisadi böhranı daha kəskinləşdirir. İranla əməkdaşlıq edən tərəflərin sanksiyaya məruz qalma riski də artdığı üçün ticarət dövriyyəsi azalır.

İranın bütün bu problemləri gözə alıb Rusiyaya nəyin müqabilində hərbi yardım etməsi məlum deyil. Bəzi məlumatlara görə bu yardım Rusiyanın İranın nüvə proqramına yardım etməsinin müqabilində olunur. CNN-in məlumatına görə, Rusiya İran nüvə yanacağının istehsalı üçün materialların əldə edilməsi və Tehranın nüvə silahı proqramının sürətləndirilməsinə yardım göstərə bilər. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana son səfəri zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşdiriləcəyini bildirib.

İranın siyasi elitasında Rusiyaya qarşı müəyyən etimadsızlıq olsa da, Tehran rejimi Moskva ilə "eyni qayıqda" olduğu qənaətindədir. Buna görə də Qərblə qarşıdurmanın dərinləşdirməsindən çəkinmir. Bir neçə ay öncə İran Qərbə qarşı koalisiya yaratmaq təklifi ilə Rusiyaya müraciət etmişdi. Lakin Rusiya bu təklifi qəbul etmədi. Moskva Qərblə sərt qarşıdurmada olduğu bir vəziyyətdə İranla yaxınlaşmaya görə İsrail və ərəb ölkələri ilə münasibətlərin pozulacağından ehtiyatlanır. Əgər İsrail Rusiyanın İranın nüvə proqramına yardım etdiyinə əmin olsa, Ukraynanı müasir silahlarla təmin etməkdən çəkinməyəcək. Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri isə neft hasilatını artırmaqla Rusiyanı cəzalandıra bilərlər. OPEK üzvü dövlətlərin neft hasilatını artıra biləcəkləri haqqında qeyri-rəsmi məlumatlar da məhz Moskvaya verilmiş mesajlardır. Rusiyadan fərqli olaraq İrana yönəlik daha ciddi addımlar atıla bilər.

 





24.11.2022    çap et  çap et