525.Az

"Əlcəzairlilər Azərbaycana böyük maraq göstərirlər"


 

SƏFİR ABDELOUAHAB OSMAN:  "NAZİRLƏR KABİNETİNİN SİYAHISINDAN ƏLCƏZAİRİN ADININ TEZLİKLƏ ÇIXARILACAĞINA ÜMİD EDİRİK"

"Əlcəzairlilər Azərbaycana böyük maraq göstərirlər"<b style="color:red"></b>

Son günlər Azərbaycanla Əlcəzair arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün bir sıra mühüm addımlar atılır. Bu yaxınlarda Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri və bu ölkədə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı baxımından yeni bir səhifə oldu. Hazırda bir çox sahələr üzrə hazırlanan yeni sazişlər imzalanma mərhələsindədir.

Əlcəzairin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman "525-ci qəzet"ə müsahibəsində ilk növbədə Prezident İlham Əliyevin səfərinin əhəmiyyətinə diqqət çəkib:

 

- Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına ilk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq dəvət edilmişdi. Prezident İlham Əliyevin dəvəti qəbul edib Əlcəzairə gəlməsi bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Çünki İlham Əliyev 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatının sədridir və onun Əlcəzairə səfəri olduqca əhəmiyyətli və vacib idi. Qoşulmama Hərəkatı çox mötəbər bir təşkilatdır, onun məqsədlərinin, ümumiyyətlə, fəaliyyətinin, Prezidentinin mandatının icra olunmasında Əlcəzair də önəmli ölkələrdən biridir, həm hərəkata, eləcə də onun Sədri Prezident İlham Əliyevə dəstək verir. Belə bir diplomatik əhəmiyyətli siyasi tədbirin Əlcəzairdə keçirilməsi həm Qoşulmama Hərəkatının məqsədlərinin icrası, həm də bizim əlaqələrimiz baxımından çox önəmli idi.

Zirvə toplantısına BMT-nin Baş katibi daxil olmaqla, bir çox ölkələrin liderləri və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunmuşdu. Prezident İlham Əliyevin səfərinin Əlcəzairlə Azərbaycan arasında əlaqələrin inkişafında çox böyük əhəmiyyəti, təsiri var. Bildiyimiz kimi, cənab Prezident Əlcəzairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdi. Həmin muzeydə müstəmləkəçilik, milli bütövlük uğrunda Əlcəzair xalqının əsrlər boyu apardığı mübarizə əksini tapıb. Prezidentin muzeyi ziyarət etməsinin Əlcəzair üçün çox böyük əhəmiyyəti var idi. Həmçinin, İlham Əliyev Şəhidlər abidəsini də ziyarət etdi ki, bu da Azərbaycan və Əlcəzair arasında qardaşlıq münasibətləri baxımından çox önəmlidir. Çünki sırf bunlar Əlcəzairin mübarizəsini, həmçinin, insanların əsrlər boyu çəkdiyi əziyyəti əks etdirir. Bu da cənab Prezident tərəfindən böyük bir addımdır.

- Cənab səfir, Əlcəzair və Azərbaycan qaz istehsal edən ölkələridir. Hazırda iki ölkə arsında bu sahədə hansı əməkdaşlıq var? Eyni zamanda, Ukrayna-Rusiya müharibəsinə görə dünyada qaza tələbat var. Bu istiqamətdə Əlcəzair hansı addımları ata bilər?

- Əlcəzair Avropaya, Avropa İttifaqına qazı təmin edən ölkələrdən biridir. Enerji sahəsində əməkdaşlığa gəlincə, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqust ayında Azərbaycana səfər etmişdi. Həmin səfər zamanı cənab nazirin azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü oldu. Onda da neft-qaz sahəsində əməkdaşlığa dair müzakirələr aparıldı, həmçinin, yüksək səviyyəli məsləhətləşmələr həyata keçirildi və saziş layihəsi təklif olundu. Bu saziş layihəsi üzərində bir müddətdir ki, işlənilir. Yaxın günlərdə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Əlcəzairə səfəri gözlənilir. Səfər çərçivəsində güman edilir ki, neft-qaz sahəsində əməkdaşlığa dair saziş layihəsini müzakirə etmək və imzalamaq fürsəti olacaq. Yəni iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığa dair işlər gedir. Saziş layihəsində əsas nəzərdə tutulan iki dövlətin rəhbərliyi arasında sırf məsləhətləşmələrin aparılmasıdır, eyni zamanda neft və qazın istehsalı, satışı və ixracı və s. barədə yüksək səviyyəli məsləhətləşmələrin aparılmasıdır. Çünki həm Əlcəzair, həm Azərbaycan "OPEC+plus"un (OPEC- ə üzv və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.), həmçinin, Qaz İxrac edən Ölkələr Forumunun üzvləridir (Əlcəzair üzv, Azərbaycan müşahidəçi statusunda - red.). Hər iki ölkə arasında bu sahədə məsləhətləşmələrin aparılması vacibdir. Gələn il - 2023-cü ildə Əlcəzairdə Qaz İxrac edən Ölkələrin Forumu təşkil olunacaq. Ümid edirik ki, Azərbaycan həmin tədbirdə yüksək səviyyədə təmsil olunacaq.

- Əlcəzairlə Azərbaycan arasında qarşılıqlı ticarət mübadiləsi barədə də soruşmaq istəyirəm. Bu sahədə vəziyyət necədir? Ölkələrin idxal və ixracını nələr təşkil edir?

- İki ölkə arasında iqtisadi sahədə razılaşma hələ ki, yoxdur və bu məsələ üzərində işlənilir. Bu məqsədlə bir sıra görüşlər keçirilir. İki ölkə arasında paylaşacaq, bölüşəcək çox şey var. Müxtəlif sahələrdə saziş layhələri təklif səviyyəsindədir. İqtisadi və digər sahələrdə saziş layihələri imzalandıqdan sonra bu barədə daha dəqiq məlumat vermək mümkün olacaq.

- Əlcəzair Azərbaycan bazarına nə çıxara bilər?

- Bir çox məhsullar var ki, hansı ki, burdan Əlcəzairə ixrac oluna bilər və yaxud bizim ölkəmizdən Azərbaycan bazarı üçün ixrac oluna bilər. Yaxın günlərdə Azərbaycanda "Medinex" Beynəlxalq Tibb İnnovasiyaları sərgisi keçirildi. Orda Əlcəzairin 7 şirkəti iştirak edirdi. Həmin sərgidə Azərbaycanın səhiyyə naziri ilə qısa söhbətimiz oldu. Əczaçılıq sahəsində əməkdaşlıq üçün səhiyyə naziri ilə müzakirələrin aparılması nəzərdə tutulub. Bu sahədə Əlcəzairin təcrübəsi çoxdur və Azərbaycan bazarına çıxarılacaq məhsullarla da bağlı müzakirələr aparılır. Qeyd etdiyim kimi, Əlcəzairin XİN rəhbəri avqustda Azərbaycana səfəri zamanı həmkarı Ceyhun Bayramovla görüşdə siyasi məsləhətləşmələr sahəsində saziş layihəsi imzaladılar. Bu, ilk dəfə idi və mühüm əhəmiyyət kəsb edirdi. Adıçəkilən sahədə də əlaqələri gücləndirmək niyyətindəyik. Siyasi məsləhətləşmələr, ümumiyyətlə iki ölkənin bütün münasibətləri baxımından əhəmiyyətlidir. Çünki bu, həm mədəniyyət, həm arxiv sənədləşmə, yəni bütün sahələrdə iki ölkə arasındakı münasibətləri nizamlamaq üçün həm də əsas mexanizm kimi təklif olunub.

Hazırda bir çox sahədə, ilk növbədə mədəniyyət, milli arxiv sahəsində əməkdaşlıq üçün saziş layihəsi üzərində işlənilir. Onların bəziləri artıq qəbul olunub, bəziləri işlənmə mərhələsindədir. Əlcəzair və Azərbaycan İslam ölkələridir, bizim mədəniyyətimizdə də ortaq məqamlar çoxdur. Çünki burda həm də türk Osmanlı imperiyasından qalan miraslar var - hansı ki, Azərbaycan və Əlcəzair üçün də ortaqdır. Hətta cənab Prezident İlham Əliyev Milli Mücahidlər Muzeyini ziyarət edən zaman qeyd etmişdir ki, bizim mədəniyyət sahəsində oxşar məqamlar çoxdur. Biz bu məqamı səfirlik yeni binaya köçərkən də müşahidə etdik. Binanın şəkillərini Əlcəzairə göndərərkən onlar təəccüb etmişdilər ki, sanki bu bina Əlcəzairdədir. Çünki bütün dizaynı və üslubu ilə Əlcəzair mədəniyyətinə çox yaxındır. Onlar buna həm də ortaq cəhətlərimizin, mədəniyyətimizin olmasına görə sevinmişdilər.

İdman sahəsində də əlaqələrimiz inkişaf edir. Xüsusilə vurğulamaq istəyirəm ki, güləş sahəsində Azərbaycanın böyük təcrübəsi, çox təcrübəli idmançıları var. Onlar beynəlxalq yarışlarda yüksək yerlər qazanırlar. Əlcəzair Azərbaycanın bu təcrübəsindən yararlanır və hətta yaxın zamanda güləşçilərimiz məşq üçün Bakıya gələcəklər. İki ay müddətində onlar Bakıda təlim-məşq keçəcəklər. İdmançılarımıza azərbaycanlı məşqçilər təyin olunacaq.

İyul ayında da güləşçilərimiz Bakıya gəldi, üç həftə burda qalıb təlim-məşqlər keçdilər, geri dönərkən Oran şəhərində təşkil olunan yarışda üç qızıl medal qazandılar. Bu, onu göstərir ki, Azərbaycan məşqçiləri çox yüksək ixtisaslı, təcrübəlidirlər və onların məşqləri Əlcəzair yığmasına çox böyük uğurlar qazandırdı. Azərbaycanın gənclər və idman naziri ilə görüşdə idman sahəsində əməkdaşlıq üçün saziş layihəsinin hazırlanmasını və imzalanmasını təklif etmişik ki, hər iki ökə idman sahəsində bir-birinin uğurlarından və peşəkarlığından faydalansın. Bir sözlə, münasibətlərimiz hər sahədə inkişaf edir.

- Cənab səfir, münasibətlərin genişlənməsində xalqlar arasında əlaqələrin artması da mühüm rola malikdir. Bunun üçün isə qarşılıqlı gediş-gəliş vacibdir. Bu sahədə vəziyyət necədir?

- Əlcəzair Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Biz 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıq. Əlcəzairin Azərbaycanda diplomatik nümayəndəliyi 2015-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə isə Əlcəzair səfirliyi açıldı. Əsas məqam odur ki, hər iki ölkənin səfirlikləri qarşılıqlı fəaliyyət göstərir və münasibətlərimiz daha da möhkəmlənməkdədir. Ümumi maraqlarımız, istəklərimiz çoxdur. Siyasi iradə var. Eyni zamanda, biz keşmiş nəslin də nümayəndələrinin təmsil olunduğu assosasiya yaratmaq istəyirik. Çünki sovet dövründə burda təhsil alan əlcəzairlilər var ki, onlar keçmişdən gələn köklərlə iki ölkənin əlaqələrinə öz töhfələrini verə bilərlər. İki ölkənin parlament səviyyəsində də dostluq münasibətləri inkişaf etməkdədir. Azərbaycan parlamentində Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

- Əlcəzairin özünəməxsus qədim mədəniyyəti var. Bu mədəniyyəti azərbaycanlılara tanıtmaq üçün hansı planlar var?

- Bir müddət əvvəl Azərbaycanın mədəniyyət naziri ilə görüşdə mədəniyyət sahəsində təcrübələri bölüşmək təklif olundu. Nizami Gəncəvi Beynəlxalq Forumunda Əlcəzairin mədəniyyət nazirinin iştirakı nəzərdə tutulmuşdu. Eyni zamanda nazirə Bakıda Əlcəzair mədəniyyət həftəsinin keçirilməsi təklif olundu. Bu tədbirdə Əlcəzairin musiqisi, rəqsi, milli geyimləri, bir sözlə, zəngin mədəni irsi Azərbaycanda təqdim olunacaqdı. Lakin forum təxirə salındı.

- İki ölkə arasında birbaşa hava yolunun açılması gündəmdədir? Bilirsiniz ki, bu, turizm əlaqələrin inkişafı üçün əhəmiyyətlidir...

- Bir ay əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüm, turizm, viza məsələlərini müzakirə etdik. Əvvəllər əlcəzairlilər Azərbaycana gəlmək üçün vizaya görə onlayn müraciət edirdilər. Pandemiyadan sonra artıq əlcəzairlilər onlayn viza üçün müraciət edə bilmirlər. Çünki burdan xüsusi dəvətnamə göndərilməlidir ki, onlar viza üçün müraciət edə bilsinlər. Əlcəzair ümid edir ki, tezliklə Azərbaycanın Nazirlər Kabinetinin qərarında bununla bağlı dəyişiklik ediləcək və Əlcəzair siyahıdan çıxarılacaq. Eyni zamanda iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq və turistlərin qarşılıqlı səfərlərinin təşkilinin təmin edilməsinə çalışılacaq. Əlcəzairlilər səyahət etməyi sevirlər və Azərbaycana da böyük maraq göstərirlər.

Əlcəzairə səfər hələ ki, yalnız İstanbul vasitəsilə həyata keçirilir. Biz başlanğıc mərhələsindəyik. Mən və Azərbaycanın Əlcəzairdəki yeni səfiri, təcrübəli diplomat  Tural Rzayev də çalışır ki, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirək. Münasibətlərimizin möhkəmləndirmək üçün əlimizdən gələni edirik.

 

 





24.11.2022    çap et  çap et