Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib. Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi btövlüyümüzün bərpasını həzm edə bilməyən İran, ölkəmizi ən son təbrik edənlər sırasında oldu. Eyni zamanda qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətidə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Üçtərəfli bəyanatda Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran rejimi açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Özünün "qırmzı xətlərini" bəyan edir. Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmədi. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi. Azərbaycanda yaratdığı dini-ektremist qrupların, casus şəbəkələrin ifşası İranın necə təhlükəli olduğunu göstərdi.
Azərbaycanın güclənməsini özünün faciəsi kimi qəbul edən rejimin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşdırıb. Bu gün heç bir təzyiq, işgəncə, edam qərarları İranda etirazçıları saxlaya bilmir. İranda yaşayan və bütün hüquqlardan məhrum olan millətlər, o cümlədən, güneyli soydaşlarımız artıq molla rejiminin əsarəti altında əzilmək istəmir və öz haqlarını tələb edirlər. Rejim özü öz sonunu gətirməkdədir.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Cavid Osmanov hesab edir ki, İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər tərəfdən təcavüzkar Ermənistana dəstək verir: "Qarabağ münaqişəsi bitdikdən sonra İranın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyərək, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni etməsi İslamın əxlaq kodeksinə zidd olan əməldir. Həmçinin, İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi İslam dəyərlərinə qarşı xainlikdən başqa bir şey deyil".
Onun sözlərinə görə, riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur: "Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü "İslam dövləti", "müsəlman təəssübkeşi", Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır. Lakin əməldə İranın Azərbaycan sərhədinə qoşun yığaraq hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlməsi açıq təxribatlar və güc təhrikinin göstəriciləridir. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçiriməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. İran daxil hər bir ölkə anlamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir".
Deputat əlavə edib ki, İrandan fərqli olaraq bölgədə əməkdaşlıqda maraqlı olan ölkəmiz İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb, sıx əməkdaşlıq edib: "Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan bu ölkə ilə Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Lakin zamanla İrandan tarixi münasibətlərə və İslam həmrəyliyinə xainlik edildiyi ortaya çıxıb. İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələri, birgə iqtisadi layihələri mövcud olub. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğal altında olan ərazilər həm narkotik becərilməsi, həm də narkotrafik marşrutu kimi istifadə olunub".
Deputat Rauf Əliyev vurğulayıb ki, Azərbaycanın tarixi zəfərdən sonra İran ölkəmizə qarşı münasibətlərdə daha da açıq düşmənçilik mövqeyinə keçib. Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu İranla münasibətləri heç zaman hamar yolla getməyib. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.
Deputat əlavə edib ki, İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb: "Bu, istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyi və mövcudluğunu şübhə altına alan bəyanatlarında, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir. İran qonşu olaraq Azərbaycana qarşı riyakar siyasət yürüdür. 30 il işğal müddətində sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. İran Qarabağ münaqişəsi bitdikdən sonra iki ölkə arasında sülh müqaviləsinin əldə edilməsini açıq-aşkar əngəlləyir".
Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi "nəfəslik" funksiyasını üzərinə götürmüşdü: "Amma ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışır. Bu proses bu gün də davam edir, Tehran hər vəchlə Zəngəzur layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olduğunu bəyan edir. Maraqlıdır ki, cənub qonşumuz Cənubi Qafqazda sərhədlərin toxunulmazlığına bu qədər həssas olduğunu Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə göstərmədi. Əksinə, işğalçı Ermənistanla sərhədlərini açıq saxlayaraq Qarabağın işğal altında qalmasına bilavasitə dəstək oldu, işğala sponsorluq etdi".
Deputat söyləyib ki, İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyəndirməlidir.