525.Az

"Qız qarğaşası"


 

DÜNYAYA GƏLƏN QIZ VƏ OĞLAN UŞAQLARI ARASINDA FAİZ NİSBƏTİNİN POZULMASI DEMOQRAFİK GƏRGİNLİYƏ SƏBƏB OLUR

"Qız qarğaşası"<b style="color:red"></b>

Neçə illəirdir, Azərbaycanda dünyaya gələn körpələrin statistikasına diqqət yetirəndə qız uşaqlarının sayında azalmalar müşahidə olunuğu görünür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 73 min 177 körpə doğulub. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızlarınkı isə 46,6 faiz olub. 2018-ci ildə doğulanlardan 74 min 224-ü oğlan, 64 min 758-i qız, 2017-ci ildə doğulanlardan 76 min 584-ü oğlan, 67 min 47-si qız uşaqları olub. 2019 və 2020-ci illərdə yeni doğulan körpələr arasında oğlanlar say etibarilə üstünlük təşkil edib. Yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşür. 2022-ci ilin 9 ayı ərzində doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9, qızların xüsusi çəkisi isə 47,1 faiz olub.

Mütəxəssislərin fikrincə, dünyaya gələn hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa, bu, cinsə görə oğlan, əksinə, 103-dən az olarsa, qız uşaqlarına üstünlük verildiyini göstərir.

Çox ailələrdə birinci övlad qız dünyaya gələndə "ikinci oğlan olar" deyib çoxları özünə təskinlik verir. İkinci övladın qız olması isə böyük narazılıqlara səbəb olur. "Bir qız var, bəsdir, ikinci artıqdır" deyib ikinci qız övladının doğulmasına etiraz edirlər. 

İki qız anası Gülsüm Əliyeva deyir ki, birinci qızı dünyaya gələndə həyat yoldaşı və onun valideynləri bunu normal qarşılayıblar. Ürəkdən sevinməsələr də, eybi yox, əsas odur xeyirli övlad olsun, növbəti övlad oğlan olar deyiblər: "İkinci dəfə ana olmağa hazırlaşanda isə dölün cinsiyyəti bir az gec bilindi. Məlum olanda ki, ikinci uşaq da qız olacaq, o zaman hər kəs çox məyus oldu. Onlar ikinci uşağın oğlan olacağına ümid edirdilər. Həkimlər bu ayda uşağı tələf etməyin ana üçün ciddi təhlükə yaradacağını bildirdiyi üçün əlacsız qalıb "qoy doğulsun" dedilər. Övladım doğuldu. Artıq böyük qızdır. Ancaq hər dəfə yoldaşım və ailəsi deyir ki, kaş bu, qız yox, oğlan olaydı, nəslimizin, soyadımızın davamçısı, qız köçəri quşdur, gedib başqa ailənin çırağını yandıracaq, nəslimizi davam etdirən olmayacaq". Birdən üçüncü uşaq da qız olar və bu zaman ailədə qiyamət qopar düşüncəsi ilə daha ana olmaq istəmirəm. Ailədə heç kəs üçüncü qızın dünyaya gəlişinə razı deyil".

Həkim-ginekoloq Aygün Salmanovanın sözlərinə görə, evdə bir qızı olan əksər ailələr üçün ikinci, üçüncü uşağın qız olması arzuolunan deyil. Onlar ikinci uşağın oğlan olmasını istəyirlər: "Dəfələrlə şahidi olmuşam, qadınlar ikinci hamiləlik zamanı uşağın cinsiyyətinin qız olduğunu öyrənən kimi, heç düşünmədən hamiləliyi dayandırır. "Evdə bir qızım var, ikinci qızı nə yoldaşm, nə də onun ailəsi istəyər" deyirlər. Əksər həyat yoldaşları qadınları qız uşaqlarıını tələf etməyə məcbur edirlər. Kişilər nəslin davamçısı kimi oğlan uşağı arzulayırlar. Bu səbəbdən də qadınlar dölün qız olduğunu bilən kimi məcbur qalıb hamiləliyi sonlandırırlar".

İlahiyyatçı Hacı Şahin Həsənlinin sözlərinə əsasən, övlad tanrının insana bəxş etdiyi nemətdir: "Hədislərə görə, qız övladı oğlana nisbətən daha üstün hesab edilir. Bunu həyat təcrübəsi də sübut edir. Qız valideynlərə qarşı daha vəfalı olur, evdə qız uşağı varsa, sevinc daha çox olur. Hədislərdə deyilir ki, üç qız tərbiyə edən insana cənnət vacib olar. Oğlan nemətdirsə, qız rəhmətdir. Bu da Allahın xüsusi hədiyyəsidir. İnsanların cinsə görə övladını öldürməsi vəhşilikdir".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edir ki, ailədə qız uşaqlarının doğulmasına qarşı çıxan və onlara soyuq münasibət bəsləyən daha çox kişilər olur: "Çünki onlar öz nəslinin, soyadının davamçısı kimi oğlanı görürlər. İlk övlad kimi qız uşağı dünyaya gələndə ikincinin oğlan olacağı təsəllisilə ailə başçısı bunu qəbul edir, ancaq ikinci uşaq da qız olanda bununla barışmır, uşaqlarına soyuq münasibət bəsləyir".

M.Zeynalovanın sözlərinə görə, valideynlərin övladlar arasında ayrı-seçkilik qoyması gələcəkdə ciddi fəsadlarla müşahidə olunur: "Əslində, ailələrdə övlada qarşı ayrı-seçkilik cinsə görə uşaqlara fərq qoyulduğu andan başlayır. Cinsi fərqə görə qız uşaqları hüquqlardan tam istifadədə əngəllərlə qarşılaşır, bu isə onları gələcəkdə öz hüquqlarını müdafiə etməkdən çəkindirir. Qız uşaqlarında ciddi komplekslər yaranmaqla yanaşı, stereotiplər baş qaldırır. Qız uşağına qarşı bu ayrı-seçkilik onların təhsil, özünüifadə, seçim etmək, sərbəst qərar qəbul etmək kimi hüquqlarını reallaşdırmaqda maneə törədir. Digər bir tərəfdən, ailələrdə qız uşağı dünyaya gətirən anaya da münasibət əksər hallarda birmənalı olmur. Qız uşağı dünyaya gətirən anadan boşanma və bəzi hallarda ona qarşı zorakılığın kəskinləşməsi mövcuddur. Cinsə görə ayrı-seçkilik edən adətən kişilər olur. Lakin onu inkişaf etdirən analar da az deyil. Burada instinktiv olaraq daha çox özünüqoruma halları aşkarlanır - övladını müdafiədən özünümüdafiəyə keçid. Qadının başqa yolu qalmır, o, özünü müdafiə etmək üçün övladını qurban verir. Mütəxəssislər birmənalı şəkildə bəyan edirlər ki, övladlar arasında ayrı-seçkilik onların gələcək davranışlarında ciddi problemlərə yol aça bilər. Ona görə də valideynlər bu məsələdə diqqətli olmalıdırlar".

Millət vəkili Musa Quliyev isə hesab edir ki, ailədə övladlar arasında fərq qoymaq düzgün deyil: "Təəssüf ki, bəzi ailələr qız uşağına arzuolunmaz övlad kimi baxırlar. Bu, düzgün yanaşma deyil. Qızlarımız başımızın tacıdır, onlar bizim ana və bacılarımızdır".

Millət vəkili bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində doğulan körpələr arasında oğlanlar üstünlük təşkil edir: "Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada tədbirlərin görülməsi də mütləqdir. Amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var".

M.Quliyevin dediyinə görə, yeni doğulanlar arasında qızların sayının azlıq təşkil etməsinə səbəb dölün cinsiyyətinin öncədən müəyyən olunmasıdır. Bu da selektiv abortların sayının artmasına səbəb olur: "Selektiv abortunun qarşısı alınmalıdır, bu əməli edənlər haqda ciddi tədbirlər həyata keçirilməlidir. Bir canlı məhv edilirsə, artıq bunu edən həkim də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mütləq bu əməli törədənlər üçün Cinayət Məcəlləsində dəyişikliklər edilməlidir. Bu cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər".

M.Quliyev vurğulayıb ki, qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulması demoqrafik gərginliyə səbəb olur: "Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Oğlanlar evlənməyə qız tapmayacaq. Subay qalma halları artacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək".

Millət vəkili Məlahət İbrahimqızı deyir ki, qız ilə oğlan arasında fərq qoyulması qəbulolunmazdır: "Azərbaycanda qız uşaqlarına adətən, köçəri quş kimi baxılır, deyirlər ki, qızlar böyüyəcək, ailə qurmaq yaşı çatanda başqa ailəyə köçəcəklər, başqa ocağın çırağını yandıracaqlar. Lakin oğul övladları ailələri ilə birlikdə qalır, valideynlərinə baxır. Bu səbəbdən də ailələr oğlan uşağına daha çox üstünlük verirlər. Bu, keçmişdən gələn bir ənənədir və doğru yanaşma deyil. Əsas odur ki, övlad ailəsinə, cəmiyyətinə, millətinə, dövlətinə faydalı bir vətəndaş olsun".

Mütəxəssislər hesab edirlər ki, doğulanlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsi növbəti illərdə də davam edərsə, gələcəkdə qadınların sayında kəskin azalma yaranacaq. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsir edə bilər.

BMT-nin Əhali Fondunun proqnozuna görə, əgər doğulan uşaqların cins nisbəti 100-ə qarşı 116 və ya artıq olarsa, 2050-ci ilə qədər bizi ciddi problemlər gözləyir. Oğlan uşaqlarının çox, qızların sayının azlığı cəmiyyət üçün ciddi problemlər yaradacaq.

Millət vəkili Kamilə Əliyeva deyir ki, bu gün ölkədə hər 100 qıza 115 oğlan düşür: "Ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur və balans və tarazlıq pozulur. Cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Oğlan övladı arzusu ilə qız övladları tələf olunur. Bu, düzdün deyil. Övladlar arasında ayrı-seçkiliyə yol vermək olmaz. Selektiv abortların aparılması qanunla qadağan edilib. Hətta USM vaxtı cinsiyyəti bildirmək də qanunla qadağandır. Yalnız bəzi irsi xəstəliklərin ötürülməsi riski olduqda bunu həkim göstərişi ilə demək olar. Çünki elə xəstəliklər var ki, cinsiyyətlə bağlı nəslə ötürülür. Bunun qarşısını almaq üçün cinsiyyəti demək olar. Amma təəssüf ki, hələ də bəzi həkimlər qanunazidd olaraq selektiv abortlar edir. Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün əlavə qanuna və ya qanunda hansısa əlavə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, mövcud qanunlara həkimlər tərəfindən riayət edilməli və qanuna necə riayət olunduğuna nəzarət gücləndirilməlidir".

Millət vəkili, professor Hicran Hüseynova hesab edir ki, qız uşaqlarına münasibəti ümumiləşdirmək olmaz. Çünki hazırda bəzi ailələrin övladları ancaq qızlardan ibarətdir. Onlar valideynlərin qayğısı ilə böyüyür, yaxşı təhsil alır, xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edirlər, bir sözlə, ailədə onlar üçün bütün imkanlar yaradılır: "Bununla yanaşı, bir çox ailələrdə problemlər də var, qız uşaqlarına qarşı ayrı-seçkilik edilir. Bildiyiniz kimi, bu sahədə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, eləcə də dövlətin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar çoxlu sayda əhəmiyyətli layihələr həyata keçirirlər. Lakin bu sahədə görülən işlər daha da gücləndirilməlidir. Güclü ictimai qınaq olmalıdır. Bildiyiniz kimi, Nazirlər Kabineti "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nı təsdiq edib. Həmin Tədbirlər Planında uşaqların doğulanadək cins seçiminin qarşısının alınması ilə bağlı müvafiq qurumlar tərəfindən həyata keçirilməli olan tapşırıqlar var. İnanıram ki, aparılan maarifləndirmə işlər nəticəsində qız uşaqlarına qarşı münasibət dəyişəcək".

Sevinc QARAYEVA

 

 





24.11.2022    çap et  çap et