525.Az

Hüseyn Cavid: mühit, müəllif, mətn kontekstində - Lütviyyə Əsgərzadə yazır


 

Hüseyn Cavid: mühit, müəllif, mətn kontekstində - <b style="color:red"> Lütviyyə Əsgərzadə yazır</b>

 (Əvvəli ötən sayımızda)

 

Ədəbiyyatda "bambaşqa bir cihan" yaradan seçdiyi mövzulara, tarixi hadisələrə münasibət bildirən ədib, 1917-ci il Fevral burjua inqilabının qələbəsini alqışlamamışdı, hətta qalibləri deyil, məğlubları, onların düşdüyü ağır və acınacaqlı vəziyyəti, keçirdiyi psixoloji halları, onların maddi və mənəvi cəhətdən iflasını ("Knyaz") ədəbiyyata gətirmiş, bolşevik Anton obrazının nümunəsində bolşevikləri təqdim etmiş, oxudub "Mühəndis yamağı" etdiyi Antonun timsalında bolşeviklərin iç üzünü açıb tökmüşdü. Knyaz adı ilə yaşamağı sərsəm həyatdan üstün tutan, əsil-nəcabətinə xain çıxmayan Knyaz Rusiyanı və bu imperiya ərazisində yaradılmış yeni müstəqil dövlətləri içinə almaqda olan inqilabı düzgün qiymətləndirə bilmir (Cavid əfəndi də inqilabı anlamamaqda çox suçlanıb) ölkəsini tərk etmək məcburiyyətində qalan və ağır böhran keçirən, Berlində də nümayiş səsləri, inqilab mahnıları eşidən Knyaz: "Yox, onlara təslim olamam mən", - deyərək intihar edir. Həyatda səfil, sərsəm, tanınmaz bir adla yaşamaqdansa, Knyaz adını daşıyaraq ölümü seçir. Əsərdə Knyazın dilindən səslənən: "Mən ulu Knyaz, Hər baldırı çılpaq məni duymaz" - sözləri sanki Cavid əfəndinin onu duymayanlara cavabı kimi səslənir. Və ya ədib "Azər"indəki bu misralarla o illərin ədəbi tənqidində boy göstərən, sənətkara "əxlaq dərsi verməyə yeltənənlərə" ünvanlayıb sanki:

"Nə əcayib sürü yahu bunlar,

Öndə rəhbərlik edir meymunlar,

Kəndi əxlaqı sönüklər həpsi,

Yeltənir verməyə əxlaq dərsi".

Filosof şairin "avtobioqrafik epopeya" sayılan "Azər"ini bilmədən, Cavidi bilmək, tam dərk etmək, həyat və yaradıcılıq yolunu bütövlüyü ilə anlamaq mümkün deyil. Müəllif yazır: "Azər" yorğun bir dimağın məhsuludur. Daha doğrusu, bir taqım qırıq-tökük təəssüratdan başqa bir şey deyildir. "Azər"i mütaliə edənlər yalnız müəllifin əczini görmüş olurlar".

Cavidin əsərlərində yaratdığı Peyğəmbər, Filosof, Aşiq, Fateh və sair kimi bir-birinə zidd, ancaq hamısı da həqiqət axtaran insanlar cərgəsində türk təfəkkürü ilə düşünən və yaşayan qəhrəmanları arasında Azərin yeri bir başqadır. O, Şərq həyatını, Şərq mənəviyyatını, idrak və psixoioji-mənəvi xüsusiyyətlərini özündə əks etdirən bioqrafik obrazdır. Azər düşünür, Azər səyahət edir, gəzir... Həyatı, düşüncəsi, ümumiyyətlə, bütün ömrü axtarışda olan Azər rast gəldiyi hər sinifdən bir fərd alır, o fərdin şəxsiyyətində bütün sinfi təhlil edir.

Həqiqət axtarışlarında Cavid əfəndiyə daha çox bənzəyən Azəri akademik İsa Həbibbəyli "Şairin müasiri, daha çox isə özünün (Cavidin) proobrazı" kimi dəyərləndirərək yazır: "Şairin cəmiyyəti və insanı yeniləşdirmək düşüncəsinin daşıyıcısı", yeni dünyagörüşə malik olan Azər obrazını şair "ümumiləşdirilmiş şəkildə yeniləşməyə möhtac olan cəmiyyətə və gəncliyə örnək kimi təqdim etməyə çalışmış, Azərin simasında keçən əsrin iyirminci illərindən gəncliyin nümayəndəsi kimi təqdim olunan "komsomol" obrazlarına alternativ olan yeni tipli Azərbaycan gəncliyinin obrazını yaratmağa nail olmuşdur".

Şair Azərin dili ilə cəmiyyət həyatına, dövrün mürəkkəb məsələlərinə nəzər salıb, onlara qiymət verib. Yaradıcılığı boyu bu tendensiyaya əməl edən ədib, bunu mövzusu "Şahnamə"dən alınan "Səyavüş" faciəsində də davam etdirib. Əsərin qəhrəmanı Şərq poeziyasında "talesiz insan" rəmzi kimi məşhur olan Səyavuşdur. Səyavuşla tale bənzərliyi yaşayan Cavid əfəndi də həyatı yazdığı faciələrdən də faciəli olan insan kimi xatırlanır.

Keykavusla Xubçöhri izdivacından doğulmuş Səyavuşun anası turanlı, atası iranlıdır. Saraydan çox xalqa bağlı olan Səyavuş saraylara nifrət edir, bu mühit ona yaddır. Analığı Südabənin qorxunc iftirasına, babası Keykavusun qəzəbinə düçar olan Səyavuş özünü böhtanlardan qorumaq üçün Turana - dayısı Əfrasiyaba pənah aparsa da, orada da üzü gülmür. Tarixən yaranmış İran-Turan mücadiləsinin davamı atası Keykavusla dayısı Əfrasiyab tərəfindən davam etdirilir.

Ömrünün bir qismi İran, bir qismi Turan sarayında keçən Səyavuş sarayların iç üzünü görür, dərk edir ki, "fitnə-fəsad" ocağı olan sarayda həqiqət axtarmaq düzgün deyil: "Keykavus bir cəllad, sən də bir cəllad" - deyərək saraylara lənət oxuyur. Ruhundan acı fəryad kimi qopan bu sözlər sanki Səyavuşun deyil, Cavid əfəndinin bağrından haqsızlığa, ədalətsizliyə qarşı qopmuş lənət kimi səslənir. Sanki İranda və Türkiyədə yaşamış Cavid əfəndi Səyavuşun dilindən səslənən bu lənətlə üstüörtülü olsa da, yalnız Keykavus və Əfrasiyab səltənətinə deyil, sovet rejminə lənət oxuyur, çünki onun yaşadığı dövrün sarayı da Keykavus və Əfrasiyab sarayından seçilmirdi. Bəlli, hökmdarlar, saraylar, yəni zaman və məkan dəyişir, lakin sarayların yürütdüyü siyasət heç zaman dəyişmir. İstər Əfrasiyab sarayı olsun, istər Keyxosrov sarayı Səyavuşa münasibət eynidir, çünki Səyavuş Turanda iranlı, İranda turanlıdır. Cavid də İran-Turan məsələsinə görə az tənqid edilməyib İstanbul müməssil. Ədibin Səyavuşun dili ilə lənətlədiyi Keykavus sarayı ilə yaşadığı dövrün Kreml sarayının o qədər də fərqi yox idi. Bu mənada, tədqiqatçı Azər Turanın təbirincə desək "Səyavuş"u Cavidin ən böyük savaşı, "bir sıra hallarda 30-cu illər Azərbaycanının faciəsini və problemlərini incələyən bir əsər kimi də dəyərləndirmək olar." Mütəfəkkir Cavidin Altayın dili ilə söylədiyi:

Yetər çıldırdınız, hökumət!- deyə,

Evləri yıqdınız, ədalət!- deyə.

Söylə, öyündüyün ədalət bumu?

Hükümət dediyin rəzalət bumu?

- sözləri birbaşa yaşadığı dövrün sarayına - "süngü üstündə dayanan hökumətə" ünvanlanıb.

Bəllidir ki, Cavid əfəndi yenidən qurula, yeniləşə bilməyib, bəziləri kimi, dilini, üsulunu, üslubunu dəyişdirməyib. Onun yenidən qurula bilməməsi tənqidi çox məşğul edib. Məsələn, 1937-ci il martın 27-də "Ədəbiyyat" qəzetində S.Şamilov yazırdı: "Bir neçə kəlmə də Cavidin yenidən qurulması barədə deməliyik. Hüseyn Cavid, Əhməd Cavad deyildir. O, burjua məktəbini keçmiş böyük bir yazıçıdır. Onun özünün yenidən qurması nə qədər çətin olsa da, hər halda müşahidə olunur. Onun "Ömər Xəyyam" əsəri müsabiqədə mükafat almışdı. Hüseyn Cavid üçün müəyyən dərəcədə yenidən qurulmalıdır. Cavid Azərbaycan şairdir. Lakin Azərbaycan həyatından çox az yazır. Neçə ildir ki, Azərbaycan xalqının xoşbəxt həyatı uğrunda gedən mübarizə, qadınlığın yüksəlişi haqqında yalnız bir əsər: "Şəhla" yazmışdı, halbuki xalqımızın səadəti, mübarizəsi, xalqımızın yüksəlişi Hüseyn Cavid yaradıcılığında əks edilməlidir. Oktyabr revolyuosionunun XX ildönümü gəlir. Cavid deyir ki, faşizm əleyhinə yeni əsər yazmışdır. O, bu əsərində ölkəmizin tələbini nə dərəcədə ifadə edə bilmişdir? Hər halda onun yaradıcılığı haqqında tənqidimiz olduqca zəif və dayazdır. Onun yeni əsəri haqqında ciddi məqalə yoxdur. Bu isə bizim nöqsanımızdır (əsəri şairi həbs etmək üçün gələn NKVD əməkdaşları müsadirə edib götürmüşdür)".

Şair özü ilə üz-üzə dayanıb. Dəyişmək, yenidən qurulmaq naminə faşizm əleyhinə əsər yazdığını bəyan etsə də, əsəri ortaya çıxarmaq, yenidən qurulmuş kimi özünün təqdim etməyə ürəyi əl verməyib. Nədən və necə yazacağını bilən, qələmin məsuliyyətini dərk edən Cavidi "yaşadığı sistem" özündən ayıra bilməyib. Şair üçün bolşeviklər və onların özləri ilə gətirdikləri "natanış idi, yad idi."

"Yurdu sarmış qabalığı", "yaltaqlığı" (Stalinə, Leninə, "mazutlu şalban"a şeir yazanları və yazmayanların aqibətini), "Pək yaxın dostların düşman" olduğuna şahid olmasına rəğmən, bir şeiri onlardan əsirgəyən, bir misrasını belə onlara qıymayan Cavid əfəndi özü öz ölüm fərmanını imzalayıb.

İki əsrin, üç mühitin (Naxçıvan-Təbriz-İstanbul) övladı olan, qəhrəmanlarının yaşı Hz.Adəmə, Həvvaya dayanan, İstanbulda təhsil illərində II Əbdülhəmidin taxtdan endirilməsi, Sultan Rəşadın taxta gətirilməsi, Birinci Dünya müharibəsinin başlaması, Oktyabr inqilabı, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və bolşeviklərin Azərbaycanı işğal etməsi kimi bir çox tarixi hadisələrə şahidlik edən, böyük sələfləri kimi qlobal düşüncəli mütəfəkkir sənətkarın əsərlərini görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev "bəşər və dünya tarixinə çəkilən illüstrasiyalar", Cavidi - planeti görən və planetdəki bütün qütblərdən görünən sənətkar" adlandırır. Düşüncədə, sənətdə, inanc və milli mübarizədə özünəməxsus təfəkkür üfüqünə sahib olan Cavid əfəndi hətta bolşeviklərin "ölülərin belə yuxusunu pozduğu" o qorxunc illərdə "sənətkar vicdanına xəyanət etməyib", inadla böyük ədəbiyyat yaradıb. Dönəm şairi olmayıb. Ədəbiyyatımızın Allahsızlığı ilə qürurlandığı, Peyğəmbərə dil uzadıldığı məlum 20-30-cu illərdə "Peyğəmbər"də Peyğəmbər, "Şeyx Sənan"da Şeyx Sənan, "Topal Teymur"da Əmir Teymur, "Xəyyam"da Xəyyam, "Səyavuş"də Səyavuş, "Azər"də Azər obrazları yaradaraq düşüncələrini, fəhmlə duyduqlarını bəyan edib. Həbs olunub. 2 iki il bir ay çəkmiş istintaq prosesi sonucunda 1939-cu ildə 8 il müddətinə azadlıqdan mərhum edilib. Sibirə sürgün edilmiş şair 1941-ci il, dekabrın 5-də Tayşet rayonunun Şevçenko kəndində, əlillər xəstəxanasında, 59 yaşında vəfat edib. sanki gedişi əyan olduğu kimi, dönüşü də əyanmış Cavid əfəndiyə:

"Bana gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər üçün qorxulu gün.

O zaman iştə ölənlər dirilir,

Kim nə yapmışsa cəza çəkdirilir".

Sibirə sürgün edilən Cavid əfəndi Vətəninə bir də 100 yaşında qayıtdı. Doğrudur, digər repressiya qurbanları kimi, 1956-cı ildə Cavid əfəndiyə də bəraət verilib. Lakin ona əsl bəraəti 1982-ci ildə böyük siyasi xadim, Azərbaycanın rəhbəri Heydər Əliyev keçmiş SSRİ-də anoloqu olmayan tarixi bir qərara imza atması ilə verdi. Şairin cənazəsi "Sibirdəki katorqa məzarlığından Azərbaycana gətirilərək, doğulduğu Naxçıvanda torpağa verildi. Cavid əfəndini Sibirə sürgün etmək asandı, onu oradan vətənə gətirmək isə çox çətindi. "Milli dəyərlərimizə sədaqət göstərən Heydər Əliyevin Türkçülərin ən dahisini 41 il sonra, 100 yaşında vətənə gətirtməsi yalnız Cavidin vətənə dönüşü deyildi, bu, milli duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsinin, ruhunun, öz doğma vətənlərinə - Azərbaycana qaytarılmasıydı" (R.Hüseynov).

Hüseyn Cavid ən çox oxunan, tədqiq edilən sənətkarlardandır. Filosof-şairi misra-misra, ilmə-ilmə öyrənmək lazımdır. O, hər pillədə, hər ilmədə yenidir, tazədən kəşf olunası bir cahandır. Şairin yaradıcılığı, bütövlükdə, "şairin özünüdərk çağrışları və təlqinləridir". 1918-ci ildə "İblis"i yazan sənətkar, 1922-ci ildə "Peyğəmbər" faciəsini yazır. "İblis"dən bir neçə il sonra Cavid əfəndinin "Peyğəmbər"i yazması təsadüfi deyildi. İblisə uymuş bəşəriyyətin Allah kəlamına ehtiyacı vardı. Cəmiyyətdə gedən dəyişikliklər: dəyişən formasiyalar, gömülən əski, alqışlanan yeni, milli deyilən hər şeyin üstündən xətt çəkilməsi, ədalətsiz idarəçilik, iblisanə siyasət, iblis-insanın hökmranlığı və balaca iblislərin sayının artması, bəşərin faciəsini yaradanın insanın özü olması fikri, filosof şairin ruhunu incidirdi. Dünya dövlətlərinin bir-biri ilə savaşa girdiyi bir zamanda sulh və barış problemi nə qədər aktualdırsa, Cavid əfəndinin ehtiva etdiyi "gözəllik və sevgi", "insanlara sülh və barış", iblisə ölüm çağırışı da bir o qədər əhəmiyyətlidir. İllər öncə Cavid əfəndinin "Qurandakı açar ayələrin və Məhəmməd Peyğəmbərin hədislərindəki sözlərin poetik ədəbi izharı ilə süslədiyi" "Peyğəmbər" əsərindəki bu sözlər insanoğlunu düşünməyə, doğru yola gəlməyə, Ona tapınmağa səslənişidir: "Qapanın səcdəyə hörmətlə butün, O, böyük eşq ilə yalnız övünün!" Bütövlükdə mütəfəkkir sənətkarın yaradıcılığı, xüsusən, "Peyğəmbər" və "İblis" faciələri insanları doğru yola çağıran, qəlblərini xeyirə vermələrini tövsiyə edən əxlaq dərsliyidir.

 





24.11.2022    çap et  çap et