525.Az

"...Yalanlar tarixinin gerçək üzü" təhlil güzgüsündə - Eynulla Mədətli yazır


 

"...Yalanlar tarixinin  gerçək üzü" təhlil güzgüsündə - <b style="color:red"> Eynulla Mədətli yazır</b>

Hazırda Almaniyada yaşayan, tədris və elmi fəaliyyətlə məşğul olan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu, tarixə, ədəbiyyata və dilçiliyə dair bir sıra tədqiqatların müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rasim Sadiqin təqdim edilən əsəri Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya institutunun və A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şuralarının qərarı ilə nəşrə tövsiyə edilib. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçiləri tarix elmləri doktoru Eynulla Mədətli və tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəflidir. Üç cilddən ibarət olacaq bu tədqiqatın bəhs edilən birinci kitabı erməni yalanlarının elmi tənqidi ilə yanaşı, məlum və naməlum həqiqətlərin də üzə çıxarılması və Avropa oxucularına təqdim edilməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki dünyada erməni yalanlarının ifşası üçün hələ çox az iş görülüb. Müəllif haqlı olaraq qeyd edir ki, son üç yüz ildə ermənilərin dünyaya yaydığı "beş min illik" mifik tarixləri barəsində mülahizələri və onun doğurduğu təsirləri aradan qaldırmaq, əsl həqiqətləri dünya ictimai fikrinə çatdırmaq üçün uzun illər və zəhmətlər lazımdır.

Təqdim edilən monoqrafiyada erməni yalanları və iddiaları tarixi sənədlər və müstəqil xarici mənbələr əsasında təhlil edilir. Müəllif vurğulayır ki, məntiqi cəhətdən qəbul olunması çətin olsa da, erməni-haylar var olmayan bir tarixi hadisənin mahiyyətini dünya tarixşünaslığına təlqin etməyə çalışırlar, həm də bu mahiyyət ildən ilə qol-qanad açaraq şaxələnir və zaman-zaman ötən günlər üçün yeni tarixi hadisələr yazır. Doğrudan da, erməni mənbə və ədəbiyyatlarını izlədikcə onların özlərinə mifik tarix uydurma fəaliyyətlərinin sərhədsiz olduğunu müşahidə etmək olur.

Araşdırmalarında müasir tədqiqat üsullarına daha çox üstünlük verən müəllif həm klassik tarixşünaslığa, həm də hazırkı elmi-texnoloji imkanlara əsaslanaraq erməni-hay tarixinin və erməni kimliyinin özəlliklərini anladır və onun obyektiv elmi tənqidin qarşısında dura bilmədiyini diqqətə çatdırır.

Tədqiqatçı indiyəyək Azərbaycanda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində erməni məsələsi ilə əlaqədar araşdırmaların əhəmiyyətini qeyd etməklə kifayətlənməyərək, erməni-hay tarixinə dair orijinal mənbələrə müraciət edir və bu işin çətinliklərini də diqqətə çatdırır. Çünki ermənilər keçmişdə olduğu kimi, indi də tarixi saxtalaşdırmaqda və dünya ictimaiyyətinə öz istədikləri kimi təqdim etməkdə çox mahirdirlər. Onlar Şərqi Anadoluda və Azərbaycandakı xalqların və dövlətlərin tarixini saxtalaşdıraraq mənimsəmiş və haylaşdırmışlar. Onlar Qədim və orta əsrlər Roma mənbələrini də saxtalaşdırmaqdan və mövcud olmayan fikirlərə istinad etməkdən çəkinmədən özlərinə erməni ideallarına xidmət edən mifik tarix uydurmuşlar. Özlərini "hay", ölkələrini "Hayastan" adlandıran bu xalqın özünü "erməni", ya "Ermənistan" kimi təqdim etməsinin səbəbləri nədir? - sualına müəllif ətraflı cavab verir. Qeyd edir ki, alman alimləri hayların dünyaya səpələnməsinə dair erməni fərziyələrini, yəni onların Suriya ya Mesopotamiyadan çıxdıqlarını qeyri-elmi hesab edirlər (Ermənilər bununla öz tarixlərini Nuhla bağlamağa cəhd göstərirlər. - E.M.)

Müəllif hayların dünyaya yayılmasına dair yunan, rus və digər fərziyələri təhlil edərək onların Hindistan köklü, qaraçı əsilli olduqlarını, dillərinin də qaraçı dili ilə bağlılığını vurğulayır və erməni dilinin Hind-fars dil qrupuna yaxın olduğunu irəli sürən Avropa və ABŞ elm adamlarının haqlı olduğunu qeyd edir.

R.Sadiq hayların "erməni" kimi adlandırılmasına da aydınlıq gətirərək qeyd edir ki, Urartu dövlətinin süqutundan sonra oradakı aborigen ərmən türk tayfalarının ərazisinə farslar "Arminia" demişlər, haylar bu bölgəyə gələndə bu adı mənimsəmiş, artıq oralı olduqlarından "ərmənləşmişlər". O, uydurma Haykın kimliyinə dair M.Xorenatsinın "Tarix" kitabındakı məlumatların tarixiliyinə inanmır, onların Mesopotamiyanın yerli sakini deyil, Hindistadan köç etdiklərinə dair fikirləri doğru sayır. Ermənilərin "zalım Babil hökmdarının zülmündən" qaçıb başqa ölkələrə səpələndiyi haqqında (Haykın başçılığında 300 nəfərlə) erməni fərziyələrini rədd edir.

Təqdirə layiqdir ki, R.Sadiq M.Xorenatsinın "Tarix" kitabındakı ziddiyyətləri də ətraflı təhlil edir və ermənilərin çox sonralar bu kitabı "Ermənistan tarixi" adlandırdıqlarına diqqət çəkir.

Müəllif alman alimi, psixiatrı Emil Kraepelin, isveçrəli psixiatr Oygen Bloyrelin "erməni şizofreniyası" barəsində fikirlərini açıqlayır. Hayların Balkanlara gəlişinin min il əvvələ təsadüf etdiyini dəlillərlə göstərir. İddia etdikləri kimi, Avropa mənşəli olduqlarını onların uydurması hesab edir. Mənbələrə əsaslanaraq qeyd edir ki, Anadoluda isə onlar XI əsrdə Bizans İmperatoru Konstantin Monomaçus tərəfindən Kilikiyaya yerləşdirilmişlər. Bundan öncə haylar Efiopiya ərazisində yaşamış, artıb çoxalmışlar. Oradan Misirə, Balkanlara, Anadolunun bəzi məntəqələrinə   Van ətrafı, Muş və sair yerlərə gəlmişlər. Müəllifin fikrincə, Qafqaz Albaniyasına haylar Roma imperiyasının casusları kimi daxil olmuşlar.

Əsərdə Anadoluda türklərin miladdan min illiklər öncə sakin olduqlarına dair alman alimlərinin, arxeoloqlarının fikirlərinin geniş əksini tapması olduqca əhəmiyyətlidir.

Müəllif vurğulayır ki, ermənilər türk soylu ərmən tayfalarının tarixini saxtalaşdırmışlar. Ərəb istilası zamanı, Əməvilərin hakimiyyətində (661-750) Ərməniyyə adlı ərazi vahidi var idi, amma ərəblər bölgənin ümumi adını Azərbaycan adlandırırdılar. Müəllif, Ərməniyyə kəlməsinin türk ərmən tayfalarının adından əmələ gəldiyi qənaətindədir. M.ö. 521-ci ildə Əhəməni hökmdarı Dara tərəfindən həkk etdirilən Bisütun kitabələrində adı keçən Arminanın haylarla bir əlaqəsi olmayıb.

Müəllif uydurma erməni dövlətlərinin də tarixinə işıq salır. Qeyd edir ki, Urartu dövlətində (m.ö.858-590) Assuriya ilə müharibələrdə erməni əsirlərdən tikinti işlərində istifadə edildiyinə dair məlumatlar heç də onların bu yerlərin yerli sakinləri olduqları anlamına gəlməməlidir. Çünki həm onlar, həm də iqtisadi mülahizələrlə bölgəyə köçürülənlər türk-ərmənlər olmuşdu. Hələ m.ö. Assuriya çarı 1 Tiqaratpalasar (m.ö. 1115-1077) Cənubi Qafqaz və Anadoludan çox sayda türk ərmənləri bu məntəqəyə gətirmişdi.

R.Sadiq Herodotun "Tarix" kitabında işlətdiyi "armenia" adının ermənilərlə heç bir əlaqəsinin olmadığını diqqətə çəkir, onun bir toponim olaraq təqdim edildiyini qeyd edir. Məsələn, "Tarix"in 180-ci qismində belə yazılır: "Bu üsulla Babilin divarları ucaldıldı. Şəhər özü iki hissədən ibarətdir. Onun içindən, mənbəyini Armeniyadan götürən Fərat çayı axır". Burada R.Sadiq vurğulayır ki, əsərində Armenia haqqında müxtəlif məlumatlar versə də, Heredot nə Hayk və haylar, nə onların Babildən Ağrı dağı ətrafında köçləri barədə danışır. Üstəlik, hayların "erməni" adlanması miladın VIII əsrinə, yəni Herodotdan 1100 il sonraya təsadüf edir. Buradan görünür ki, Herodot (480-430, yaxud 490-420 m.ö.) "armen" dedikdə hayları nəzərdə tuta bilməzdi. R.Sadiqin gəldiyi qənaət bundan ibarətdir: "Herodotun və ondan sonra gələn tarixçilərin tez-tez müraciət etdiyi "Armenia" anlayışı əsla vahid dövlət statusu daşımayan və bugünkü ermənilərlə heç bir coğrafi, etnik və tarixi aidiyyəti olmayan, miladdan sonra VIII yüzilliyə qədər əhalisinin əksər hissəsini Azərbaycan türklərinin sələflərinin tərkib hissəsi sayılan ərmənlərin, ərazilərini isə Fərat və Araz çayları arasında Qərbi Azərbaycan "torpaqlarının təşkil etdiyi "Ərməniyyə" toponimidir".

Müəllifin bir nəticəsi də diqqətəlayiqdir ki, türk mənşəli erməni soyadlarının çoxluğu ad sahiblərinin hay əsilli deyil, türk-ərmən əsilli olmağına dəlalət edir. Onlar gəlmə olduqlarından yerli türk etnosunun adlarını qəbul etmişlər. Halbuki erməni köklü heç bir türk-azərbaycanlı soyadına rast gəlmək olmaz.

Qeyd edilməlidir ki, bəzi tarixçilər ərmənləri qıpçaqlarla eyniləşdirirlər. R.Sadiqin fikrincə, bu, elə olsa da, olmasa da, onların hər ikisinin Oğuz türklərinin bir qolu olduğu şübhəsizdir. Ərmənlər xristian dinini qəbul etmişdilər və onlar ərəb istilası və hakimiyyəti zamanında da "öz dinlərində qaldılar. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Qıpçaq Məlik obrazı da buna dəlalət edir.

Müəllifin fikrincə, hayların ərmənlər tərəfindən qeyd-şərtsiz qəbul olunması, bundan sonra ərmənlərin arasında assimilyasiyaya uğraması və bu prosesin həm sürətlə, həm də nisbətən sıxıntısız həyata keçməsi, əsasən hər iki etnik qrupun dini görüşlərinin eyni olmasından irəli gəlir, bu bir, ikincisi, bu işdə ərəb istilasının rolu danılmazdır. Belə ki, ərəblər, etnik köklərindən asılı olmayaraq bu coğrafiyaya məskunlaşmış bütün xristianları "ərməni" adlandırırdılar və bu hal sonrakı dövrlərdə İslam dinini qəbul etmiş türk sülalələrinin haylara və "ərmənlərə olan münasibətinə sirayət edib.

Müəllif 1100-ci ildə Əxlatda (indiki Bitlis vilayətində) qurulmuş Ərmənşah dövlətinin hay dövləti olmadığını vurğulayaraq yazır ki, ilk hökmdarı Sökmən əl-Qutbinin və ondan sonrakı altı hökmdarın türk olduğu bu dövlət hay dövləti ola bilməzdi. Haylar o zaman nisbətən çoxalmış olsalar da, yalnız Atabəy Kutluğ (Atabəy vaxtilə Sökmən bəyin köləsi olmuşdu) adında hay əsilli şəxs 6-cı hökmdar Bədrəddin Ağsunqur şahın vaxtsız ölümündən istifadə edib yeddi gün Ərmənşah taxtına sahib olmuşdu (1197-ci ildə) və yerli türk soylu xalq tərəfindən taxtdan endirilmişdi.

Tədqiqatda ermənilərin "Böyük Ermənistan" xülyaları və hay köçlərinə dair uydurmaları tutarlı faktlarla tənqid edilib.

Sonda R.Sadiq Azərbaycan tarixçiliyinin qarşısında duran ən ümdə vəzifəni tarixi keçmişimizi, o cümlədən, Ərmənlər və Ərmənşah dövlətinin tarixini müxtəlif qaynaqlara dayanaraq Azərbaycan-türk reallığı baxış bucağından öyrənməyi və vahid konsepsiya əsasında dünyaya təqdim etməyi zəruri sayır. Müəllif 300-dən çox, əksəriyyəti xarici nəşrlər olmaqla mənbə, kitab, elmi məqalə və digər informasiyalardan istifadə edərək özünəməxsus nəticələrə gəlib. Bunlardan bəziləri mübahisə obyekti olsa da, yeni fikir və yanaşma sərgilədiyinə görə maraq doğurur. R.Sadiqin haylar və "erməni məsələsi" ilə əlaqədar özünəməxsus fikir və mülahizələrinin gələcək tədqiqatlara da yol açacağı qənaətindəyəm.

 





24.11.2022    çap et  çap et