525.Az

Yollarda keçən şərəfli ömür yolu


 

Yollarda keçən şərəfli ömür yolu<b style="color:red"></b>

Haqlı olaraq deyirlər ki, yol mədəniyyətdir, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol həm də iqtisadiyyat və həyat deməkdir. İnsanda xoş ovqat yaradan səliqəli, rahat yollar hər bir ölkənin inkişafını, tərəqqisini, iqtisadi gücünü göstərən əsas amillərdən biridir.

Yol həm də geniş məna kəsb edən böyük məfhumdur. Həyat yolu, yaradıcılıq yolu və nəhayət ömür yolu... Elə bu yazımızda da maraqlı bir ömür yolundan  həyatının 70 illik zirvəsinə qədəm qoymuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, Əməkdar mühəndis, cənnət Qarabağımızın fəxarət ünvanı olan Cavanşirlər nəslinin ləyaqətli nümayəndəsi Hidayət Rüstəmovun xalqımız üçün dəyərli,  məhz yollarda keçmiş ömür yolundan söhbət açacağıq.

Hidayət Rüstəmov 1952-ci il noyabr ayının 27-də Ağcabədi rayonunda anadan olub. 1969-cu ildə Şuşa şəhərində Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi bitirərək, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və  Nəqliyyat fakültəsində "Avtomobil yollarının tikintisi" ixtisası üzrə ali təhsil alıb.

Ali məktəbi bitirdikdən sonra gənc mütəxəssis kimi 1974-cü ildə Bakı şəhər İcraiyyə Komitəsinin "Xüsusiləşdirilmiş Yol təmiri və tikintisi" Trestində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə həmin trestin istehsalat-texniki şöbəsinin rəis müavini, 1977-ci ildən isə həmin şöbənin rəisi, 1990-cu ildə Bakı şəhər İcraiyyə Komitəsinin "Yol Təmir-Tikinti" Baş İstehsalat İdarəsinin baş mühəndisi, 2000-ci ildə isə "Yoltəmirtikinti" Baş istehsalat idarəsi rəisinin müavini vəzifəsinə irəli çəkilib.

Hidayət Rüstəmov 2001-ci ildə "Yoltəmirtikinti" Baş istehsalat idarəsinin bazasında "Bakı Yoltikintiservis" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən yeni yaradılmış qurumun İstehsalat-Texniki şöbəsinə rəis, 2004-cü ildə isə Açıq Səhmdar Cəmiyyətinin Baş mühəndisi vəzifəsinə təyin edilib.

Sonrakı illərdə də Hidayət Rüstəmov peşəkarlığı, məsuliyyəti nəzərə alınaraq zaman-zaman vəzifə pillələrində irəliləyib. O, artıq neçə illərdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini kimi məsul vəzifədə çalışır.

Hidayət Rüstəmov uzun illərdir ki, tutduğu irili-xırdalı vəzifələrdə gərgin əməyi ilə iz qoyub. Ötən onilliklərdə metro tikintisi ilə əlaqədar inşa edilən "Bakı soveti" (indiki "İçərişəhər"), "Sahil", "28 may", "Ulduz", "Nərimanov", "Nizami", "Elmlər Akademiyası", "Həzi Aslanov" və s. stansiyalarında yerüstü yolların yenidən qurulmasında, meydançaların asfalt örtüklərinin tikilməsində Hidayət Rüstəmov yaxından iştirak edib. Bakı şəhərinin "Əhmədli", "Günəşli" kimi yaşayış massivlərində bütün magistral yolların tikilməsində, həmçinin, "Gülüstan" sarayına gedən mürəkkəb relyefdən keçən dolama yolun çəkilməsində, N.Nərimanovun, R.Zorgenin, M.Müşfiqin və digər görkəmli şəxsiyyətlərin heykəllərinin ətrafının abadlaşdırılmasında böyük əmək sərf edib. Hidayət Rüstəmov Bakı şəhərində iki böyük qəsəbəni - 8-ci kilometrlə Əhmədli qəsəbəsini, Əhmədli qəsəbəsi ilə və Günəşli qəsəbəsini birləşdirən yolların çəkilməsində, Zabrat-Maştağa yolunun yenidən qurulmasında, Heydər Əliyev Hava Limanında uzunluğu 19 km olan 6 zolaqlı sement-beton örtüklü yeni yolun tikintisində, Nobel və Zığ şosesinin yenidən qurulmasında, Ziya Bünyadov prospektinin və s. tikintisində yaxından iştirak edib.

Ümummilli liderimiz Heydər Əliyevin, həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşlarımızın firavan həyatı naminə avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikilməsinə, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasına, bütövlükdə avtomobil yolu təsərrüfatı sahəsinə diqqət və qayğı göstərməsinə Hidayət Rüstəmov daim əməli işləri ilə töhfələr verib. Onun avtomobil yolu təsərrüfatı sahəsindəki gərgin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Hidayət Rüstəmova Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla "Əməkdar Mühəndis" fəxri adı verilib.

Uzun illər Hidayət Rüstəmovun da qəlbi yağmalanmış Qarabağ üçün sızıldayıb.  Cavanşirlər nəslindən olan ulularının əmanət qoyduğu Şuşanın taleyi 30 ilə yaxın bir zaman kəsiyində Hidayət Rüstəmovun da bütün varlığını sarsıdıb. Hər bir Azərbaycan vətəndaşı kimi, Hidayət Rüstəmov da əmin olub ki,  müqəddəs ziyarətgahları, azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız tezliklə azad ediləcək.

Bəli, Hidayət Rüstəmov yanılmayıb. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi, o cümlədən, Qarabağın tacı sayılan Şuşa şəhərini düşmən tapdağından azad edib. Zəfər dolu tarixi günlər Hidayət Rüstəmova da Azərbaycan xalqı ilə birgə böyük coşğu ilə möhtəşəm qələbənin sevincini yaşadıb. Nəhayət, onun ən böyük arzularından biri reallaşıb. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2020 tarixli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı Hidayət Rüstəmovun əziz Şuşasına yol çəkmək arzularına işıq yandırıb. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlarına uyğun olaraq Şuşa şəhərinə yeni avtomobil yolunun - Zəfər yolunun, həmçinin, işğaldan azad olunmuş digər bölgələrə də yol çəkilməsində Hidayət Rüstəmov gərgin əmək sərf edib.

...Əməkdar mühəndis Hidayət Rüstəmov xalq, vətən üçün mənalı və şərəfli bir ömür yaşayaraq həyatının 70 illik zirvəsindədir. Xoşbəxtliyini, səadətini vətənə, xalqa ləyaqətlə xidmətdə görən Cavanşirlər nəslinin zəhmətsevər övladı bu gün də insanlara rahat və təhlükəsiz yollar bəxş etməsi, Azərbaycanda yol infrastrukturunun bundan sonra da beynəlxalq tələblər səviyyəsində qurulması, beynəlxalq əlaqələri daha da genişləndirən yolların istifadəyə verilməsi üçün bütün qüvvəsi, zəngin təcrübəsi, biliyi, həyatsevərliyi və nəhayət tükənməz vətən sevgisi ilə səfərbərdir.

Hikmət XUDİYEV (CƏMİLZADƏ)

Əməkdar jurnalist, istefada olan polkovnik

 





24.11.2022    çap et  çap et