525.Az

"Sülhməramlı qüvvəllər bölgədə öz missiyalarına uyğun davranmırlar"


 

"Sülhməramlı qüvvəllər bölgədə öz missiyalarına uyğun davranmırlar"<b style="color:red"></b>

“Qarabağdakı qondarma cinayətkar rejim, həmçinin Ermənistandakı müəyyən siyasi-hərbi dairələr belə təxribatların baş verməsində maraqlıdır. İlk növbədə həmin dairələr iki ölkə arasında davam edən sülh prosesinə mane olmağa çalışırlar. Eyni zamanda, biz son zamanlar Qarabağ bölgəsində müşahidə olunan bu təxribatlarda Rusiya sülhməramlı qüvvələrinin roluna da diqqət çəkməliyik. Bölgədə əmin-amanlığın təmin olunmasında əsas məsuliyyət daşıyan tərəf Rusiya və onun bölgədəki sülhməramlı missiyasıdır. Təəssüf ki, sülhməramlı qüvvəllər bölgədə öz missiyalarına uyğun davranmırlar. Əgər ermənilər bu təxribatları rahat edə bilirlərsə, deməli sülhməramlılar öz funksiyalarını həyata keçirmirlər”.

525.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib. M.Məmmədlinin sözlərinə görə,təəssüf ki, yalnız təxribatlar deyil, ümumiyyətlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir sıra bəndləri də hələ ki, Ermənistan tərəfindən həyata keçirilməyib:

“Bölgədə qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğunun dayandırılması, kommunikasiyaların açılması və digər məsələlər də daxil olmaqla Ermənistan həmin bəyanatın bir sıra bəndlərini həyata keçirməkdən bu günə qədər boyun qaçırır. Bu gün də Qarabağda təxribat törədənlər məhz Ermənistana və yaxud bölgədəki qondarma cinayətkar rejimə aid olan erməni hərbi birləşmələridir. Bunun məsuliyyətini Ermənistanla bərabər həm də müəyyən mənada rəsmi Moskva da daşıyır. Görünür ki, Rusiyada müəyyən bəlli dairələr davamlı olaraq Qarabağda belə təxribatların olmasında maraqlıdır. Onlar hesab edirlər ki, bölgədə iki ölkə arasında problemlərin həlli və davamlı sülhün əldə olunması Rusiyanın regionla bağlı maraqları ilə ziddiyət təşkil edir. Düşünürlər ki, belə olan halda kənar dövlətin burda hər hansı hərbi-siyasi iştirakına da ehtiyac qalmayacaq. Bizim isə prinsipial mövqeyimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan arasında imzalanmış sənədlər tam olaraq həyata keçirilməlidir. Bunlar baş verməyəcəksə bölgədə vəziyyət təhlükəli olaraq qalmaqda davam edəcək”.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et