525.Az

QMİ-nin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb


 

QMİ-nin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda iştirakı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb.

Bu barədə 525.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

“Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” mövzusunda forum Mərakeş Krallığının ali dəstəyi və ev sahibliyi, BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı, təşkilatın Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun və qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri, Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, BMT-nin 73-cü və 75-ci Baş Assambleyalarının Prezidentləri Maria Fernanda Espinoza və Volkan Bozkır iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə Mərkəzin üzvləri ilə görüş zamanı Azərbaycanın 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzünə son qoyaraq, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdikdən sonra işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış və təhqirə məruz qalmış dini-mədəni abidələrimizin, məscidlərlə yanaşı digər dini məbədlərin bərpa edilməsi, aparılan genişmiqyaslı yenidənqurma işləri ilə bağlı məlumat verib.

Hərbi əməliyyatların iki il öncə başa çatmasına baxmayaraq Ermənistanın ərazilərimizi tərk edərkən həyata keçirdiyi genişmiqyaslı minalama əməliyyatları nəticəsində 250 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması, buna baxmayaraq Ermənistanın minalama xəritələrini təqdim etməkdən yayınması faktı görüş iştirakçılarının diqqətini çəkib. Vurğulanıb ki, Azərbaycanın qalib tərəf olduğu halda, yenə də sülhə dəvət edən tərəf olması olduqca təqdirəlayiqdir.

Görüş iştirakçıları Azərbaycanın multikultural modelinin unikallığını xüsusi qeyd edərək ölkəmizdə hökm sürən dinlərarası harmoniyanın və yüksək səviyyəli dövlət-din münasibətlərinin bütün dünya üçün örnək olduğunu dilə gətiriblər.

 





24.11.2022    çap et  çap et