525.Az

"İran Azərbaycan xalqını dost adlandırıb, lakin ona arxadan zərbə vurub"


 

"İran Azərbaycan xalqını dost adlandırıb, lakin ona arxadan zərbə vurub"<b style="color:red"></b>

"İran 30 il Azərbaycana qarşı riyakar, ikiüzlü siyasət həyata keçirib". Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib. İranın Azərbaycana qarşı yürütdüyü siyasət barədə fikirlərini açıqlayan deputat hesab edir ki, İran torpaqlarımızın işğalı zaman üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də, əslində Ermənistana hər cür yardım edib, dəstək verib. Onun sözlərinə görə, müharibə bitdikdən sonra İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törədir: "İranın molla rejiminin törətdiyi bütün əməllər İslam dininin dəyərlərinə tamamilə ziddir. İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Özünü İslam təəssübkeşi adlandıran İran ermənilər azərbaycanlılara qarşı soyqırım törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana nə təzyiq göstərdi, nə də bu ölkə ilə sərhədlərdə hərbi təlim keçirdi. İran bu illər ərzində Azərbaycan xalqını dost adlandırıb, lakin ona arxadan zərbə vurub. Bu gün İran məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir.

İran İslam Respublikası yaxın və orta şərqdə İslam təəssübkeşliyi "Qüdrətli İran dövləti" adı altında İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreyndə guya imperialist işğalçılara qarşı dayanır. Əslində İranın nə təsəvvür edilən formada "hərbi qüdrəti" var, nə də İslam təəssübkeşliyi. Güclü ordusunun olduğunu bəyan edən İran son 40 ildə iştirak etdiyi heç bir müharibədə qalib gəlməyib. Əmin-amanlıq, sabitlik yaratmaq istədiyi ölkələrdə 10 illərdir xaos, münaqişə, dağıntı hökm sürür".

Deputata görə, İran din üzərindən Azərbaycanda siyasi təşkilatlandırma həyata keçirib, ölkəmizə qarşı dini - siyasi qruplaşmalar yaratmağa səy göstərir: "İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşadığından Azərbaycan hər zaman bu ölkə ilə sıx əməkdaşlıq etmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər imzalanmışdır. İslam həmrəyliyindən danışan İran rəsmilərinin sözü ilə əməli heç zaman üst-üstə düşməyib. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Bu gün İran Azərbaycanın daxili işlərinə qarışır. Onlar iddia irəli sürürlər ki, guya Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Əslində isə İran dövlətinin məqsədi ölkəmizdə süni problemlər yaratmaqdır. Azərbaycanda ifşa olunan bəzi dini - ekstremist qruplaşmaların İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri sübut olunub. İranın Azərbaycan ərazisində terror aktları törətmək istəkləri də üzə çıxıb. Dünyada böyük nüfuza sahib iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz".

 

 

 





25.11.2022    çap et  çap et