525.Az

Ermənistanda anti-Rusiya dalğası


 

Ermənistanda anti-Rusiya dalğası<b style="color:red"></b>

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əleyhinə aksiyalar keçirildi. Həm də bu, Ermənistanda KTMT əleyhinə ilk etiraz deyildi. Bu aksiya və etirazlar ilk növbədə Ermənistan cəmiyyətinin Rusiyadan yavaş-yavaş qopması, hətta Rusiyanı əsas düşmən obrazında görməsi kimi qəbul oluna bilər. Hətta aksiyaların Ermənistan hökuməti tərəfindən təşkil edilməsi haqqında da ehtimallar var. Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin Qərbə inteqrasiya prosesini bununla sürətləndirməyə çalışması da irəli sürülən ehtimallardandır.

Politoloq İlyas Hüseynovun "525"ə açıqlamasında bildirdiyinə görə, Ermənistan hökuməti bu etirazçı qruplardan və nümayişçilərdən öz siyasi məqsədləri üçün istifadə edir: "İrəvanda KTMT əleyhinə etiraz aksiyaları uzun müddətdir ki davam edir və vaxtaşırı rusofob çıxışlar müşahidə olunur. Xüsusilə Qərblə Ermənistan arasında siyasi dialoq olanda hər zaman Rusiya günahlandırılır, Rusiya bütün Ermənistanın bəlalarının əsas səbəbkarı kimi göstərilir. Digər tərəfdən, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri zamanı da Rusiya əleyhinə mitinqlər keçirilirdi".

Ermənistanın 100 illər boyu onlara hər cür yardımı edən, onları Qafqaza yerləşdirib mülki Azərbaycanlı əhaliyə qarşı silahlandıran, onlar üçün "böyük Ermənistan" vəd edən, Birinci Qarabağ müharibəsi zamanı onlara ciddi dəstək verən Rusiyanın etdiyi bu yaxşılıqları unutması da əslində tarixi hadisədir. Ermənistan demək olar ki, bu gün də Rusiyadan tamamilə asılı olan bir ölkədir. Bəs belə olan halda Ermənistanda anti-Rusiya dalğasının başlamasının səbəbi nədir? İ.Hüseynovun sözlərinə görə, buna səbəb Ermənistanın bütün məruz qaldığı məğlubiyyətlərdə Rusiyanı günahkar hesab etməsidir:

"KTMT-nin İrəvanda keçirilən sessiyasında da biz analoji hadisələrin şahidi olduq. Anti-Rusiya dalğası getdikcə Ermənistanda genişlənir və bunun başlamasına əsas səbəb elə 44 günlük Vətən müharibəsinin geosiyasi nəticələridir. Bu gün Ermənistanda Rusiyaya qarşı ictimai rəyin yönləndirilməsi göz önündədir, xüsusən KİV-lərdə, tədris müəssisələrində təmizləmə işləri aparılır, təbliğat həyata keçirilir. Hakimiyyətin bütün eşolonlarında Rusiyada təhsil almış, rus dilində danışan və Rusiya meyilli şəxslərin kənarlaşdırılması həyata keçirilir, çünki Paşinyandan öncəki hakimiyyətin, yəni Robert Köçəryan, Serj Sarkisyanın dövründə Rusiyameyilli şəxslər vəzifələrə gətirilmişdi və artıq 2018-ci ildən başlayaraq Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya siyasətini davam etdirir. Burada Paşinyanın sorosçu olması və öz komandası ilə hakimiyyətə gəlməsi də əsas faktordur".

Rusiyanın Ermənistan üzərində təsirini itirməsi sadəcə bu iki ölkə arasındakı əlaqələrə təsir etmir. Bu həm də bütün Cənubi Qafqaza təsir göstərə biləcək proseslərə gətirib çıxara bilər. Belə bir məqamın yaranması Azərbaycanın maraqlarına nə dərəcədə uyğun ola bilər?

Politoloq qeyd edib ki, baş verənlər rəsmi Bakı üçün əlavə fürsət yaradır: "Təbii ki, Rusiyanın Ermənistanda nüfuzunun zəifləməsi həm də Moskvanı müəyyən addımlar atmağa sövq edir. Bu mənada münasibətlərin dərinləşməsindən, ziddiyyətlərin kəskin xarakter almasından Azərbaycan istifadə edə bilər. Ermənistandakı bu əhval-ruhiyyə, rusofob nümayişlər rəsmi Bakı üçün əlavə fürsət yaradır. Ona görə də düşünürəm ki, ölkəmiz bu yaranan vəziyyətdən öz xeyrinə istifadə etməlidir və yəqin ki, zaman-zaman bunun şahidi olacağıq".

Fərid SANÇAR

 





25.11.2022    çap et  çap et