525.Az

"ƏDV-ni geri al" qaydaları dəyişdirilir - Sosial şəbəkədə yazılanlar


 

"ƏDV-ni geri al" qaydaları dəyişdirilir - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanoğlu, jurnalist:

- Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi.

Ermənistan KTMT-dən istədiyini növbəti dəfə də ala bilmədi. Təşkilatın müzakirə etdiyi məsələlərin ikisi Azərbaycanla bağlı olub:

- Sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi;

- Azərbaycanın "hücumuna" siyasi qiymətin verilməsi;

İrəvanın gündəliyə daxil edildiyi bu iki məsələdən savayı, digərləri qəbul olunub.

KTMT "Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı kompleks tədbirlərin hazırlanmasını razılaşdırmaqla" İrəvana Bakı ilə bağlı tələblərinin qəbul edilməcəyinə dair açıq mesaj verdi.

Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də bu, İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünür, buna çalışırdı, lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi. Belarusun KTMT-nin sədrlik edəcəyi müddətdə Azərbaycanla bağlı məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir. Lukaşenkonun mövqeyi də bunu deməyə əsas verir.

Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi də qiymətləndirmək olar.

Ermənistan bundan sonra KTMT və Rusiyaya qarşı sərgilədiyi mövqeyi gücləndirəcək, lakin bunun rəsmi İrəvan səviyyəsindən daha çox, ictimai rəy müstəvisində kampaniya şəklində olacağı ehtimalı daha böyükdür.

lll

Tarix yəqin ki, İran komandasının 6 qolla məğlubiyyətindən daha çox, oyunçuların mollaların zülmünə etiraz olaraq, dövlət himnini oxumaqdan imtina etməsini yazacaq: İranın əsas mediası oyunla bağlı məlumatda bu detala toxunmur, oyundan sonra ölkədə internetə böyük məhdudiyyətlərin qoyulduğu xəbərləri yayılıb.

 

Aydın Bağırov, jurnalist:

- Maraqlı, baxımlı və həyəcanlı bir dünya çempionatı izləyirik. Yaponiyanın Almaniya, Səudiyyə Ərəbistanın Argentina üzərində sensasiyalı qələbəsi göstərdi ki, futbolda favorit komandalar autsayder hesab edilənləri ciddiyə almalıdırlar. Əks halda nəticə sarsıdıcı olur.

Mundilla bağlı hələlik mənə görə, mənfi məqam oyunlara əlavə olunan vaxtın daha da uzadılmasıdır. Futbol tarixində ən çox məhz bu yarışda əlavə edilən müddət daha da çoxalıb. VAR, əvəzlənmə bir yana, indi hətta komandaların top meydandan çıxarkən yaranan dayanmaya, qol sevincinə görə də uzatma vaxtı təyin olunur.

Fikrimcə, bu, FİFA-nın uğursuz islahatıdır və komandalar haqlı olaraq bundan narazılıq edir, tamaşaçı isə yorulur.

 

Vüqar Bayramov, millət vəkili:

- "Vergi Məcəlləsi"nə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən "ƏDV-ni geri al" qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Təqdim edilən dəyişikliklər dünən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında ikinci oxunuşda müzakirə olundu. Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacibdir.

ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu, iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməsi baxımdan vacib idi.

Bununla yanaşı, komitə iclasında müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə artırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq, nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu, plastik kartlardan istifadəyə marağı daha da artırardı.

Bütövlükdə, "Vergi Məcəlləsi"nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq.

 

Yeganə Hacıyeva, politoloq:

- İran artıq iki gündür türklər, ərəblər və kürdlər yaşayan vilayətlərdə etirazçılara qarşı döyüş zonalarında belə qadağan olunmuş zəhərli qazdan istifadə edir. Bu, mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid xlorobenzalmalondinitril kimyəvi qazdır.

Qadağan olunmuş bu kimyəvi qazla havasızlıq, nəfəs yollarını yandırma, ürəkçatışmazlığı kimi fəsadlarla etirazçıları zəhərləyir və öldürür.

Ən ciddi fəsadlarından biri isə reproduktiv sistemin sıradan çıxarması təsiridir.

Yerli insan haqları təşkilatlarının məlumatlarına görə, təhlükəsizlik qüvvələri etirazlarda ən çox qadın, xüsusi ilə uşaqları Azərbaycan türkləri, ərəblər və kürdlərin yaşadığı bölgələrdə öldürürlər.

Etirazlar bütün İran boyu davam etsə də, reproduktiv sistemi sıradan çıxaran qadağan olunmuş kimyəvi qazın istifadəsi, öldürülənlərin, xüsusi ilə öldürülmüş qadın və uşaqların digər millətlərin yaşadığı bölgələrdə olmasını nəzərə alsaq, demək, İran hakimiyyəti bu etirazları etnik qruplarla hesablaşmaq üçün yeni bir imkan kimi dəyərləndirir.

Bunun günahı isə İran hakimiyyəti ilə paralel, BMT İnsan Haqları Şurası, BMT İnsan Haqları komissarı və çoxmilyardlıq beynəlxalq insan haqları industriyasının riyakarlığındadır.

 

Nihat Pir, yazar:

- Dünən Dilçilik İnstitutunda keçirilən müzakirənin predmeti "dovşan" sözü deyildi. Məsələ bu tip sözlərin səslənməsi zamanı ortaya çıxan bir neçə variant və Nazirlər Kabinetinin sonuncu qəbul etdiyi Orfoepiya Normalarındakı uyğunsuzluqlar idi. Bu boyda ciddi məsələni "Baku TV"nin qeyri-peşəkar süjetinin badına verməyin.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- "Zəngəzur dəhlizi"nə qarşı İranın "qırmızı xətt" açıqlamasından, İran mediasında Azərbaycan əleyhinə yazılar artandan və İran siyasətçilərinin "Azərbaycan deyilən heç bir şey yoxdur, Naxçıvan da İrana birləşdirilməlidir" tipli sayıqlamalarından sonra dövlətin əsas media resursu olan AzTV İrana qarşı amansız "informasiya zərbələri" endirməkdədir.

Bazar günləri efirə çıxan "Həftə" proqramının aparıcısı, AzTV rəhbəri Rövşən Məmmədov həqiqətən İranı "sökür".

O, İranın müxtəlif radioxidmətləri, SəhərTV və digər media resursları vasitəsilə Azərbaycana qarşı uzun illər apardığı aşağılayıcı siyasəti faktlarla, cəsarətli formada, sərt və kəskin çıxışları ilə ifşa edir.

Son günlərdə Rövşən bəy arxiv materiallarından da çox effektiv istifadə etməyə başlayıb.

Xatırlayıram ki, 20 il bundan öncə eks-prezident Əbülfəz Elçibəyin sifarişi ilə əsasən, Cənubi Azərbaycan mövzusunda olan "Bütöv Azərbaycan" multimedia layihəsi üzərində işləyərkən bu tip informasiya resursları, multimedia materiallar tapmaq və əldə etmək bizim üçün çox çətin olub.

O layihə Güneylə bağlı mənə çox şey öyrətmişdi.

Baxıram ki, AzTV-nin müxtəlif sosial resurslarda yerləşdirdiyi videoların paylaşımları, baxış sayları da kəskin artıb.

Bu tip verilişlər sayəsində AzTV-nin və onun sosial resursların aktivliyi və auditoriyası son zamanlarda kəskin artıb.

Fikrimcə, Güneydə baş verənlər, oradakı tarixi proseslər, Səttarxan və Xiyabani hərəkatları, Təbrizdə Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətinin qısa müddətli fəaliyyəti ilə bağlı məlumatlara, xüsusilə multimedia informasiyalara ciddi ehtiyac var.

Düşünürəm ki, AzTV-nin, digər TV-lərimizin və media qurumlarının İranın uzun illər Azərbaycana qarşı apardığı informasiya müharibəsinə qarşı adekvat reaksiyaları, Cənubi Azərbaycanla bağlı mesajları və informasiya yüklü verilişləri milli maraqlarımıza uyğundur.

 

Nigar Sabirqızı, jurnalist:

- Argentina üzərində qələbə münasibətilə Səudiyyə Ərəbistanının kralı sabah ölkədə qeyri-iş günü elan edib. Tarixə yazılacaq qalibiyyətdir.

 

İbrahim Nəbioğlu, jurnalist:

- Polşanın himnini dinlədinizmi oyundan əvvəl?

Dünyanın ən gözəl himnlərindən biridir. Həm musiqisi, həm də sözləri çox özəl, çox fərqlidir. Polyakların himnindəki Zəfər, Azadlıq, Vətən vurğusuna çox az milli marşda rast gəlmək olar.

"Marş Dabrovskogo" adlanır bu əfsanəvi himn.

Tükləri biz-biz olur insanın. Himnin sözləri onu bilənlərə çox təsir edir:

Biz yaşadığımız müddətcə

Polşa əbədi olacaqdır.

Yadelli güclərin bizdən aldıqları

Qılıncla geri alınacaqdır.

Marş, marş Dabrovski...

 

İlqar Fəhmi, yazıçı:

- İnsan qocalıb ölənə yaxın təzədən uşaqlaşır.

Qoca dünyamız da eyni hala gəlir elə bil. İndiki zəmanədə kult həddinə çatan qaçaqaç, yüngüllük, şitlik, oynaqlıq, dayazlıq, əyləncəpərəstlik, oynamaq ehtirası və ən əsas da dərin təfəkkürdən qorxmaq - bütün bunlar məhz uşaqlara xas olan keyfiyyətlərdir...

Bu xüsusda düşünəndə yari ciddi, yarı zarafat bir şeir gəldi. Heç redaktəyə də ehtiyac görmədim.

 

Qoca vaxtı uşaqlaşan dünyaya nəsihət

Qoca dünya, yaşın çıxıb yadından,

İldən-ilə uşaqlaşıb gedirsən,

Ağır idin, müdrik idin bir zaman,

Yüngülləşib, bayağlaşıb gedirsən.

Günü-gündən artmaqdadır sürətin,

Uşaq kimi qaçmaq oldu adətin,

Başın qaçıb, geri qaytarmaq çətin,

Öz özündən uzaqlaşıb gedirsən...

Elə bil ki kamanından çıxıb ox,

Açarıvı itirmisən, tapan yox,

Mənəm-mənəm deyib ağıl verən çox,

Hər axmaqla ayaqlaşıb gedirsən.

Ağlın gedib, avamların içində,

Çirkabdasan, hamamların içində,

Balqabaq baş adamların içində

Özün də balqabaqlaşıb gedirsən.

Şair, sən də aqibətin bilmisən,

Diri ikən, hesab elə ölmüsən.

Torpaq idin, adam olub gəlmisən,

Adam idin, torpaqlaşıb gedirsən...

 





25.11.2022    çap et  çap et