525.Az

ARB-24 telekanalının informasiya siyasəti - Cahangir Məmmədli yazır


 

ARB-24 telekanalının informasiya siyasəti - <b style="color:red"> Cahangir Məmmədli yazır</b>

Azərbaycanın ənənəvi telekanallarının artımı bu sahədə ciddi bir rəqabət prosesi yaratmışdır. Bugünkü çoxşaxəli və çoxprofilli media sistemində, xüsusilə internet xəbər portalları və yenicə dəbə düşmüş internet televiziya sistemində geniş auditoriyaya sahib olmaq yerüstü-ənənəvi telekanalların vacib vəzifələri sırasındadır. İndiki çoxçeşidli media sistemində rəqabətə dözmək və ondan qalib çıxmağın əsas yollarından biri ictimai maraqları daim diqqətdə saxlamaqdan keçir. Həm də bu yerdə söhbət KÜT-lədən deyil, ictimai təbəqədən və hətta müəyyən qədər elitar təbəqədən gedir. Özəl telekanallar sistemində bunu daha çox nəzərə alan REAL TV-nin müasir telekanallar sistemində yeri barədə son vaxtlar bir sıra maraqlı mütəxəssis və adi tamaşaçı rəylərinə çox rast gəlməkdəyik. Mən bu yazıda ARB-24 telekanalının informasiya siyasəti ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Və elə bu yerdə xüsusi qeyd edim ki, informasiya siyasəti heç də birbaşa "politika" deyil, hər hansı bir media qurumunun, o cümlədən, telekanalın tipoloji xarakterini müəyyən edir.

Məlumdur ki, ARB telekanallar sistemində regional statusa malik bir media qurumudur. Bu kanalın çox geniş auditoriyanı nəzərdə tutan ARB-24 variantı öz inkişafında artıq peyk vasitəsilə dünyaya yayınlanmaqdadır. Tipoloji xarakterinə - bir az da aydın desək, öz auditoriyasına görə əgər ARB xeyli dərəcədə kütləvi vasitə rolundadırsa, ARB-24 daha çox elit auditoriyaya ünvanlanır və məhz bunu telepeşəkarlığın ciddi bir formatı kimi qəbul edən yaradıcı kollektiv birbaşa jurnalistikanın məlumatlandırmaq və maarifləndirmək prinsiplərini rəhbər tutur. Mən bu məqamda jurnalistikanın əyləndirmək funksiyasının ona görə adını çəkmədim ki, ARB-24 (və həm də REAL TV) qəsdən bu funksiyadan uzaq olub birbaşa məlumatlandırmaq və maarifləndirmək funksiyasını seçmişdir. Azərbaycanın bugünkü mürəkkəb dünya hadisələri fonunda öz yerini ləyaqətlə qoruması və möhkəmləndirməsi, müstəqilliyimizin "əbədi və dönməzliyini"- (H.Əliyev) əsas tutması prosesini aydınlaşdırmaq, ünvanlandığı auditoriyanın qəlbində və fəaliyyətində Vətən sevgisini, azərbaycançılıq duyğusunu gücləndirmək bu kanalın yorulmaz fəaliyyətinin əsasını təşkil edir. Bu yerdə mən "yorulmaz" sözünü təsadüfən işlətmədim. Həqiqətən ARB-24 telekanalının iş rejimində gecə-gündüz deyilən bir məfhum yoxdur. Telekanalın "yorulmaz"lığını bir fakt kimi qəbul etmək üçün onun  proqram formatlarının bəzilərini (bəzilərini!) qeyd etmək yerinə düşər:

"İşgüzar səhər", "İş vaxtı", "Nə baş verir", "Gündəm", "Oyundankənar", "Peşəkar müsahibə", "Həftəyə baxış", "Gələcəyin peşəsi", "Kreativ sənaye" və s. Bu proqramların əksəriyyəti sutkanın içindədir və hamısı da maarifçilik funksiyası daşımaqdadır. Amma mən bu məqamda əvvəlcə telekanalın informasiya proqramlarına diqqət yönəltmək istərdim.

ARB-24-ün "Xəbərlər" proqramının gün ərzində beş canlı təqdimatı efirdə yer alır: saat 8, 13, 18, 19 və 22-də. O qədər də böyük sayda olmayan bir kollektivlə "Xəbərlər"i gündə beş dəfə efirə çıxarmaq o qədər də asan iş deyil. Mən xəbərlərin aparıcılarına xüsusi diqqət yetirirəm: milli-mənəvi dəyərlər sistemimizə hətta öz geyimlərində diqqət yetirən, Azərbaycan ədəbi dilinin qaydalarına öz nitqlərində əməl edən, onu teledilə çevirən, hadisə və faktların vaciblik anlarını öz diksiyalarında vurğulamağı bacaran Vəfa Təyyarqızı, Günel Mövsümova, Gülşən Aslanova kimi xəbər aparıcılarına mən elə bir teletamaşaçı kimi çox minnətdaram. İnformasiya departamentinin rəhbəri Elnur Şibliyev ən yeni xəbərləri, bəzən hətta proqramın gedişində belə vacibliyini nəzərə alan, bu xəbəri aparıcıya ötürən bir peşəkar kimi fəaliyyət göstərir. ARB-24-ün əsas müxbirləri - Elnur Əbrürrəhmanlı, Leyla Rəhimli, Fidan Məmmədli, Nuranə İbrahimli, Loğman Kamranlı - biz bunları bəzən səhərin alatoranında, gecənin qaranlığında hadisə yerindən yorulmaz reportyorlar kimi görürük. Bu reportajları biz 44 günlük müharibə cəbhəsində, işğaldan azan olunan torpaqlarımızdakı quruculuq məkanlarından izləyirik.

ARB-24-ün analitik proqram formatlarını və onların maarifçilik funksiyasını tamaşaçı, xüsusilə elit tamaşaçı yüksək qiymətləndirir. Bu sırada "İşgüzar səhər"i xüsusi qeyd etməliyik. Bu proqram səhər saat 9-dan 13-ə qədər 4 saat müddətində davam edir. Proqram günün hadisələrini çox operativ şəkildə, həm də maraqlı ekspertlərlə təhlilə cəlb edir. Təkcə son həftənin, son günlərin hadisələri- İranın Azərbaycana qərəzli münasibəti, "bacısı" Ermənistana havadarlığı "İşgüzar səhər" təhlillərində çox şeyi bizə aydınlaşdırdı. Və Azərbaycana qərəzli münasibətinin qələtə çevrildiyini Prezidentimizin çıxışlarında və bu çıxışların teletəhlillərində hiss edib də geriləyən İranın rəsmi dairələrindən gələn  "Azərbaycan bizim ürəyimizdir" kimi ritorikasının saxtalığını çox savadlı ekspertlərlə, bir sıra hallarda cənublu ziyalılarla təhlilləri "İşgüzar səhər", "İş vaxtı", "Nə baş verir" kimi proqram formatlarında  ortaya qoyuldu. Belə aktual mövzular - Fransanın açıq ermənipərəst mövqeyi, bir sıra Avropa dövlət rəsmilərinin Ermənistan "sevgisinin" saxta əsaslarının peşəkar təhlilləri ARB-24-ün maarifçi fəaliyyətini çox aydın göstərməkdədir.

Hər gün saat 14-18 arasında canlı şəkildə efirə çıxan "İş vaxtı" aparıcı mətni, videogörüntülər, canlı bağlantılar və s. vasitələrlə ən aktual mövzuları gündəmə gətirməkdədir. Mən bu yerdə proqramın aparıcıları Rəhman Rəsulovun və Vəfa Seyidovanın peşəkar bir jurnalist kimi hadisələrə dərindən bələd olduqlarını, ekspertlərə tamaşaçının nəzərdə tutduğu suallarla müraciətlərini xüsusi vurğulamaq istərdim. Və mən eyni peşəkarlıq keyfiyyətlərini axşam saat 20-də günün yekununa dair iki saat canlı-informasiya proqramının aparıcısı Şəhla Vəliyeva haqqında da demək istərdim.vŞəhla xanımın - bu gənc jurnalistin bilik səviyyəsi və bu səviyyəni aydın, "suflyorsuz", birbaşa şifahi nitqlə tamaşaçıya çatdırma bacarığı çox güclüdür.

Bir yazıda heç də proqramların hamısı barədə danışmaq mümkün deyil. Amma belə bir cəhəti xüsusi qeyd edirəm ki, mövzu dairəsinə uyğun olaraq efirə dəvət olunan Şair Ramaldanov, Elxan Şıxəliyev, Üzeyir Cəfərov ... kimi hərbi ekspertlər, Şahin Cəfərli, Sabir Məmmədli, Tural Əliyev ... kimi siyasi ekspertlər, Fuad İbrahimov, Vüqar Bayramov ... kimi iqtisadçı ekspertlər öz savadları və azərbaycançılıq mövqeləri ilə tamaşaçını çox razı salırlar.

ARB-24-ün türkiyəli ekspertləri - Rahim AK, İsmail Cingöz, Ərdoğan Karakus, Abdullah Ağar, Coşkun Başbuğ, Özgür Tor, Alihan Limoçuoğlu kimi ekspertlərinə qardaş Azərbaycanın salamlarını yetirirəm.

ARB-24 telekanalının tamamilə yeni adda bir proqramını da qeyd etmək istərdim. Bu, jurnalist Vahid Abbasın apardığı "Peşəkar müsahibə" proqramıdır.

Həftənin hər şənbə günündə, telekanalın ən baxılan vaxtında- saat 22-də efirə çıxan bu proqram çox aktual mövzuları ilə tez bir zamanda tamaşaçı marağı qazandı. Proqramın aparıcısı Vahid Abbas ən mübahisəli və bir-birinə əks mövqelər- hətta narazılıq yarada biləcək fikirlərə peşə etikasının incə tələblərinə diqqət prinsipi ilə yanaşır və bununla da ən kəskin mübahisələrin də "sülh" yolu ilə bitməsinə nail olur.

Deyə bildiklərimin hamısı ARB-24-ün yüksək səviyyəli informasiya siyasətinə bağlıdır. Belə bir telekanalın fəaliyyətə başlamasının dörd illiyi münasibətilə onun baş direktoru Radik İsmayılovu və bütün kollektivini bir tamaşaçı kimi mən də ürəkdən təbrik edirəm.

 





25.11.2022    çap et  çap et