525.Az

İsmayıl Məmmədli: dəyərli alim və ləyaqətli vətəndaş - Nizami Tağısoy yazır


 

İsmayıl Məmmədli: dəyərli alim və ləyaqətli vətəndaş - <b style="color:red"> Nizami Tağısoy yazır</b>

Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli ilə tanışlığımızın ömrü bir azdan üç onilliyi haqlayacaq. Onunla ilk görüşümüzün təəssüratı məndə təmkinli, götür-qoylu, ədəb-ərkanı yerində, özündən müştəbeh olmayan, başqalarına hörmətlə yanaşmağı bacaran, başqasının haqqına girməməyi, haqqını tapdamamağı həyat kredosu seçən Azərbaycan dilçiliyində özünəməxsus yeri olan, lüğətçiliyimizin problemlərinin çözülməsinə daim məsuliyyətlə yanaşan, özü özündə, sözü sözündə olan sanballı dilçi obrazı təsirini bağısladı. İndiyədək onun 250-dən çox elmi məqaləsi, 25 monoqrafiya və lüğət kitabları, dərslik, dərs vəsaitləri təhsilimizə və elmimizə xidmətdə öz önəmli rolunu oynayıb.

İsmayıl müəllimlə daha yaxından ünsiyyətimiz Bakı Qızlar Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasında birgə işlədiyimiz zamana təsadüf edir. Azərbaycan dilçiliyinin problemlərini dərindən bilən alimin öz tələbələrinə onun incəliklərini mühazirə və seminarlarda dərindən öyrətdiyinin şahidi olmuşdum.

İsmayıl müəllim, demək olar ki, sadə həyat tərzinə üstünlük verən, daim ömrünü sözlə-sazla keçirib, aşıqlığı özünə həmdəm seçmiş el aşığı Oruc kişinin ailəsində - Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. Əlbəttə, Göyçəlisənsə, ya saza könül verməlisən, ya da bal kimi şirin ana dilimizin sərrafı olmalısan. Haqq tərəfindən olan kimi, İsmayıl müəllimin doğulduğu ailədə sazla söz bir-birini tamamlayıb və daim qoşa addımlayıb. Biri digərinin köməyinə yetib, biri digərinə həyan olub. Gənc İsmayıl soy-kökdən, əsil-nəsildən gələn aşığın sazı ilə sözünü bir məxrəcdə birləşdirib, ali təhsilə yiyələndiyi Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmaqla "el" sözü ilə "elm" sözünün sirli-sehirli aləminə baş vurub. Azərbaycan və alman dilləri üzrə mütəxəssis kimi yetişməyə başlayıb. Beləliklə, sözdən söz yoğurmağı qarşısına məqsəd qoyub. 1967-1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi və ədəbi nəzarət redaksiyasında redaktor, böyük elmi redaktor vəzifələrində çalışıb. Elmi axtarışlara olan sönməz həvəs onu Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına gətirib. Ömrünü dilçiliyimizin çeşidli problemlərinin araşdırılmasına həsr edib. 1974-cü ildə filologiya elmləri namizədi, 1993-cü ildə filologiya elmləri doktoru dissertasiyalarını uğurla başa vurub.

Professor İsmayıl Məmmədli üç  onillikdən artıqdır ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda lüğətçilik şöbəsinə rəhbərlik edir. O, şöbə rəhbəri kimi öz qayğıkeşliyi, təəssübkeşliyi, səmimiyyəti və məsuliyyəti ilə bölmənin işinin dinamizasiyasında daim avanqard rolu ilə seçilib. Şöbədə çalışan işçilərə göstərdiyi münasibəti onu nəinki burada, Dilçilik İnstitutunda, həm də digər elmi dairələrdə və təhsil ocaqlarında məşhurlaşdırıb.

İsmayıl Məmmədlinin elmi fəaliyyətinin başlıca istiqaməti Azərbaycan lüğətçiliyi ilə bağlıdır. Tanınmış alimin "Ekran, efir və dilimiz" monoqrafiyası, "Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti" (digərləri ilə birgə), "Azərbaycan dilinin izahlı lüğəti" (digərləri ilə birgə), Azərbaycanca-rusca danışıq kitabı (həmmüəllif), "Vurğu lüğəti" (tərtibçisi və redaktoru), "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Neft və qaz sənayesinə aid terminlərin lüğəti" (ingilis-Azərbaycan və rus dillərində ? redaktoru), "Azərbaycan dilinin orfoqrafiya lüğəti" (redaktoru və ön sözün müəllifi) kimi mənbələrlə yanaşı, məzmun və struktur baxımından maraqlı "Axtarışlar, yozumlar, anımlar" (Bakı, 2006), mətbuat dilimizin xüsusiyyətlərinə həsr olunmuş "Qəzet dilinin leksikası" (Bakı, 2010) kimi kitabları İ.Məmmədlinin nəinki sırf leksikologiya, leksikoqrafiya və lüğətşünaslıq sahəsində, həm də digər istiqamətlərdəki səriştəli keyfiyyətlərini ortaya çıxarıb. Bundan başqa, müəllifin xeyli sayda publisistik yazılarında ("Şair ölmür, qara qələm kimi yazılır, qurtarır", "Bizdən sonra nə qalacaq", "Alim ömrünü vərəqləyərkən", "Tanınmış türkoloq", “Axtarışda keçən ömür yolu", "Ölməzlik", "Tovuz - oğuzların qədim yurdu", "XX əsr Göyçə aşıq mühiti", "Bəkir Çobanzadə", "Dil də dəniz kimi təmizlik sevir" və s. kimi nümunələrdə) açıq təfəkkürünü, aydın, dumduru fikirlərini kağız üzərinə köçürdüyünün şahidi oluruq.

İsmayıl Məmmədli Azərbaycan dilşünaslığı mühitində özünü və imzasını təsdiqləmiş alimlərdən olmaqla, həm də yaradıcılıq istiqamətləri çoxcəhətli və rəngarəngdir. Bu böyük alimin tədqiqatlarının əsas vektorları leksikologiya, onomalogiya, etnolinqvistika, lüğətçilik, şifahi nitq problemləri, üslubiyyat, nitq mədəniyyəti kimi çeşidli sferalardır.

Bundan başqa, İsmayıl müəllim uzun illər ərzində (1980-1989) Azərbaycan Dövlət Televiziyasında "Azərbaycan dili" və "Dil xalqın mənəvi sərvətidir" (dünya azərbaycanlıları üçün) verilişlərini aparmaqla dilimizin təbliğ olunmasında nəzərəçarpacaq xidmətlər göstərmişdir. Qeyd etdiyimizlə yanaşı, İsmayıl Məmmədlinin 2002-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi təbliğat idarəsində məsləhətçi-filoloq vəzifəsində çalışdığını da burada göstərməyi zəruri hesab edirik.

30 ildən artıqdır ki, İsmayıl Məmmədli Azərbaycan Yazıçılar, Jurnalistlər  və Aşıqlar Birliyinin, dilçilik ixtisası üzrə Müdafiə Şurasının, İnstitut Elmi Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvüdür. Professor İsmayıl Məmmədlinin bu komissiyanın tərkibində yer alması Ulu öndər Heydər Əliyevin öz təşəbbüsü ilə baş vermişdi. Belə ki, İsmayıl Məmmədlinin bu Komissiyada bir dəfə çıxışını görən Heydər Əliyev onun adıçəkilən qurumda daim yer almasını zəruri hesab etmişdi.

Respublika Prezidentinin Sərəncamı ilə professor İ.Məmmədlinin "Tərəqqi" medalı ilə təltif olunması, Həsən bəy Zərdabi mükafatına və diplomuna, Səməd Vurğun mükafatına layiq görülməsini də böyük alimin halalca haqqı hesab edirik.

Bunları sadalamaqla professor İsmayıl Məmmədlini tərif etmək, öymək məqsədini güdmürük. Bununla belə, zəhmetkeş alimin gördüyü işləri qeyd etməyi gərəkli hesab edirik. Eyni zamanda onu da bildirək ki, İ.Məmmədli bəzi çinədanında bir şey olmayıb, özündən razılar kimi ortaya qoyduğu işlərə görə burnunu yuxarı tutanlardan da deyil.

İsmayıl Məmmədli üzərinə düşən məsuliyyəti dərindən anlayan alimlərdəndir. Gördüyü işlərə görə əvəzində heç nə uman da deyil. İsmayıl müəllimin ətrafını dərk etməsi, qavraması da adekvatdır. Kommunikasiyada pozitiv enerji ilə diqqəti cəlb edəndir. İsmayıl müəllim boş işlərə baş aparan, vaxt sərf edən də deyil. Onun bütün pozitiv ünsiyyət kanalları işçilər, həmkarlar, alimlər, dost-tanışlar, qohum-əqrəbalar üçün daim açıqdır. Eyni zamanda, İsmayıl müəllim bir şəxsiyyət və alim olaraq özünün güclü və zəif tərəflərini də yaxşı biləndir. O, digərləri kimi özü özünün vurğunu da deyil. Çünki yaxşı bilir ki, onun özünəvurğunluğu içində daxili konflikt yaradar və ətrafdakılar da bunu yaxşı qəbul etməz. Sadaladığımız bu dəyərlərdən əksər təfəkkür daşıyıcıları, demək olar ki, məhrumdur. İsmayıl müəllimin bax, məhz bu tərəfi onu digərlərindən nəzərəçarpacaq dərəcədə fərqləndirir. O, hansı mühitdə, hansı yerdə olursa olsun, əsl türk kişilərinə xas olan əzəməti ilə göz önündə dayanır.

Normal, nəvazişli və pozitiv ünsiyyət, konflikt və münaqişə yaratmaqdan yaxasını daim kənarda saxlayan İsmayıl müəllim, həm də müəllimlik peşəsinə daxilən necə bağlı olduğunu nümayiş etdirməkdədir. Aurası müsbət enerji yaymağa köklənmiş İsmayıl müəllim, demək olar ki, günümüz üçün özündə gərəkli alim və müəllim obrazını cəmləşdirib.

Bütün bunlar İsmayıl müəllimin fərdi aləmidir. Bununla belə, həyat olduqca amansızdır. İsmayıl müəllim də ruzigarın bütün sifətlərini görüb. 1976-cı ildə atası Oruc kişi kimi el aşığını, 2002-ci ildə dünyalar qədər sevdiyi ömür-gün yoldaşı Nailə xanımı vaxtsız itirdikdə sanki əli-qolu qırılıb yanına düşmüşdü. Özündən keçmişdi. Ağrılı-acılı günləri özünə həmdəm etmiş, dərd-kədərlə baş-başa qalmışdı. Elə buna görə də vaxtilə nə qədər arzularının pərvazlanacağına ümid bağlayan İsmayılın fikirləşdikləri çərxi-fələyin hökmünə görə gözündə qalmışdı. Onunla dəfələrlə görüşəndə necə təsəlli verəcəyimi, ovunduracağımı da bilmirdim. Amma neyləyəsən?! Ruzigarın üzü dönükdür, ərzayılınsa atı yüyrək. Onlar da çaphaçap çapdılar İsmayılın üstünə. Atası Oruc kişini, ömür-gün sirdaşı Nalə xanımı itirdiyi az idi, bu yandan da əzizi, ciyərparası, daim onun nəvazişini çəkdiyi gül parçası kimi qızı Xatını da ötən ilin yayında dəhşətli avtomobil qəzasında itirdi. Bu faciələr İsmayılın iç dünyasına vəlvələ saldı. İsmayıl üçün bunlara dözmək çox ağır idi. Elə indi də ağırdır... Akademiyada dəhlizlərdə üz-üzə gələrkən sanki hər dəfə İsmayıl müəllimin sifətindən bu faciələrin cizgilərini oxuyuram. Təsəlli verməyi isə nə məqbul, nə də qeyri-məqbul sayıram. Çünki heç nə İsmayılı aram etmək üçün kifayət etməz. Çünki fələyin ona vurduğu zərbələrin ağırlığını elə İsmayıl müəllimin özü kimi heç kim də bilmir...

Amma neyləsən?! Axı həyat davam edir! Onu yaşamaq lazımdır!..

Eşidəndə ki, İsmayıl müəllim 75 yaşın astanasındadır, çox sevindim. Allaha dualar etdim ki, professor İsmayıl Məmmədlini nə olar ki, bundan sonra fələk sinsitməsin! 75 yaş artıq insanın özü, xalqı, çalışdığı sahədə, kollektivdə ən mühüm imtahanı, sınağı, hesabatıdır. Əminliklə deyə bilərik ki, 75 yaş ömür zirvəsindən İsmayıl müəllimin həyat fraqmentlərinə və mərhələlərinə baxdıqda onun son dərəcə əzəmətli şəxsiyyəti, mədəniyyəti, mənəviyyatı, ləyaqəti, vətəndaşlığı və bir də dilşünas alimliyi göz önündə dayanır.

75 yaşın mübarək, ləyaqətli vətəndaş və tanınmış dilşünas alimimiz, professor İsmayıl Məmmədli. Hər şey dəyişir, hər şey yenilənir. Sənin mənəvi bütövlüyünlə alimliyin və vətəndaşlığın bütün təlatümlərə sinə gərməklə qravitasiyadadır. Təbrik edirəm! Allah Sənin 90-nını da vəsf etməyi bizə qismət eləsin!

 





25.11.2022    çap et  çap et