525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV
Filologiya üzrə elmlər doktoru, professor

 

Mirzə Ələsgər Növrəs

 

Mirzə Ələsgər Növrəz Qarabağın nüfuzlu şəxslərindən olan Abdin bəyin nəvəsi, Əhməd bəyin oğludur. Abdin bəy Qarabağın Zərgərtəpə nahiyyəsindən olduğu üçün el arasında Zərgərli, Zərgər Abdin bəy adı ilə daha çox məşhur idi. XIX əsrin əvvəllərində ictimai-siyasi vəziyyət əlaqədar olaraq yerli əhalinin Qarabağdan İrana köçməsinin qarşısını alan nüfuzlu şəxslərdən biri də Abdin bəy olmuşdu. Bu xidmətinə görə imperator Aleksandrin fərmanı ilə ona "boyarin" (bəylik) adı və hüququ, Zərgərtəpə nahiyyəsində isə 12 para kənd verilmişdi.

Mirzə Ələsgər Növrəs 1836-cı ildə Şuşada anadan olmuş, ilk təhsilini də orada - üç sinifli İslam mədrəsəsində almışdı. O, ərəb-fars dillərini və şərq poetikasının incəliklərini məşhur alim-müdərris Əbülqasim Qazidən almış "rus dilini və Xankəndi hərbi məktəbində öyrənmişdi. Təhsilini başa vurduqdan sonra bir müddət yunker kimi fəaliyyət göstərən Növrəs daha sonra şəhər məmurluğunda tərcüməçi-hüquqşünas vəzifələrində çalışıb.

Qarabağda ilk ədəbi məclis yaratmaq təşəbbüsündə olan dörd şəxsdən biri də Növrəs olub. O, Şuşada fəaliyyət göstərən hər iki məclisin fəal iştirakçısı idi.

Mirzə Ələsgər Növrəs 1912-ci ildə 76 yaşında Şuşada vəfat edib və Mirzə Həsən qəbristanlığında, Zakirin qəbrinin yaxınlığında dəfn olunub.

Şairin şeirləri nəticəsi Növrəs Növrəsli tərəfindən toplanaraq nəşr edilib: ("Mirzə Ələsgər Növrəs. Şeirlər. B. , Yazıçı, 1985. Tərtib edəni və nəşrə hazırlayanı Şamil Cəmşidov və Növrəs Növrəsli). Buradakı şeir nümunələri həmin kitabdan götürülüb.

 

Millətə dair

 

Heyif, səd heyf ki, bu firqeyi-islam hənuz,

Elm, sənət görübən almadılar kam hənuz.

 

Şərqi-islamdən etmişdi tülu şəmsi-ülum,

Onda zahir görünür rövnəqi-əyyam hənuz.

 

Gör necə səngi-dil olduq, bizə təsir etməz,

Həqq peyğəmbərinin verdiyi peyğam hənuz.

 

Bu nə qətlü, bu nə qarət, nə oğurluq, nə fəsad,

Mərifət cadəsinə etmədik iqdam hənuz!

 

Qeyrilər kimi olaq əhli-məarif? Heyhat

Hanı bizdə o qədər fikrəti-itham hənuz.

 

Sağəri-mərifəti nuş qılıb özgə miləl,

İçmədik şövq ilə ol çeşmədə bir cam hənuz.

 

Heyf bizlərdə olan maddeyi-istedad,

Püxtəlik rəsmin edib məhv, olub xam, hənuz!

 

Elmisiz taleimiz bizləri idbar qoyub,

Olmadı ovhəmi-iqbal bizə ram hənuz.

Bəs deyilmi bu qədər sərsənişi-möhnətü qəm,

Bəs deyilmi kim, olaq habelə bədnam, hənuz!

 

Millətin əhli gərək aqibətəndim ola,

Ötdü əyyami-sələf, keçdi o həngam hənuz.

 

Sidq ilə müttəfiq olmuş necə gör cümlə ədu,

Əhli-islam qurur bir-birinə dam hənuz.

 

Şirlər künci-məzəllətdə qalıb şamü səhər,

Oldu rübahsüfatan cümləsi zərgam hənuz.

 

Olmadıq elmü əməl birlə dəxi safi-zəmir,

Kədəraludə qılıb ayinəyi-cam hənuz.

 

Xabi-qəflətdən oyanmaq bizə məqduq deyil,

Balişi-qəmdə yatıb, xasilə həm am hənuz.

 

Hörməti-şəri mübin getdi fənayə yeksər,

Hanı bəs sidq ilə varid ola əhkam hənuz.

 

Mübtəla olmagilən tul-kəlamə, Növrəs,

Üqəla məclisinə qoymamısan kam hənuz.

 

Qış

 

Açdı külək qapışın, getdi yenə qar qış,

Bərhəm oleydi görüm, kuçeyi-bazar qış...

 

...Şiddət ilə tünd bad başladı şamü səhər,

Yeksərə iqbalımı eylədi idbar qış.

 

Olmadı çöl əhlinə Qələyə rahi-güzar,

Hər dərədə bağlayıb yeddi ərəş tar, qış.

 

Zahir olub qəhd-ab, hamı deyir ələtəş,

Atı, ulağı qılıb labüdü naçar qış.

 

Dörd tərəfə neçə gün əsdidi səxti-sazaq,

Başladı yel vızhavız, etdi qulaq kar qış,

 

Bir toyuğum var idi, heyf başın kəsmədim,

Bir gecədə dondurub, eylədi murdar qış.

 

Ət işi müşküldü çox, yoxsul olan neyləsin,

Saldı qəmə aləmi haləti-ətvar qış.

 

Yağ üç əbbasıdır, şor-penir altı şahı,

Bir yumurta üç qəpik, olsun evin var, qış.

 

Rəsmdi ki, qış çəkər fasiləsin iki ay,

Bu necə yerdi, xuda, günbəgün artar qış!

 

Eyləmə qəm, ey könül, çövri-qışa, səbr qıl,

Bir gün olur yaz olar, yaş tökər, ağlar qış.

 

Baqi ola gər həyat axtarasan sayəban,

Çünki gələr fəsli-yaz, məhv olur asar qış.

 

Növrəsi-miskin, dəxi fikri-xəyal eyləmə,

Bülbül oxur, gül açar, axır olur xar qış.

 

İbrahim bəy Azər

 

İbrahim bəy Əli bəy oğlu Fuladov Qasım bəy Zakirin qız nəvəsi, Abdulla bəy Asimin böyük qardaşıdır. O, 1835-ci ildə Şuşa şəhərində anadan olub. Mehdiqulu xanın himayəsində böyüyən İbrahim bəy mükəmməl saray təhsili almışdı, fars və rus dillərini gözəl bilirmiş. Bununla əlaqədar olaraq bir müddət rus məhkəməsində vəkillik etmişdi. Genetik olaraq şairlik istedadına malik olan İbrahim "Azər" təxəllüsü ilə fars və Azərbaycan dillərində şeir yazıb. Şeirlərinin az bir hissəsi gəlib bizə çatıb. "Məclisi-fəramuşan"ın fəal üzvlərindən olmuşdu.

İbrahim bəy Azər 1885-ci ildə Şuşada vəfat edib. Aşağıdakı şeir nümunələri Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" B:1981. II cild, Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" B-1987 kitablarından və AMEA ƏYİ-nin arxivində mühafizə olunan əlyazmalarından götürülüb.

                                              

QƏZƏLLƏR

 

Ahu kimi baxanda o məstanə gözlərin,

Baxdıqca eyləyir məni divanə gözlərin.

 

Fərhad kimi mən kimiyə dağ çapdırır

Şirin baxışlı xosrovi-xubanə gözlərin.

 

Hər dəm ki, istəsə baxa bir kəc nigah ilə,

Yüz min könül yıxar yenə cananə gözlərin.

 

Zənciri-eşqini salıban boynuma mənim,

Bak etməyib çəkər məni hər yanə gözlərin.

 

Eşqin edibdir Azəri-dilxəstənü çünun,

Məcnunsifət salıbdı biyabanə gözlərin.

lll

Arizin göstər gülə gülşəndə həmralənməsin,

Qəddi-rəna qarşısında sərv balalənməsin.

 

Zülfi-mişkini-müsəlsəldə xəcil qıl sünbülü,

Çeşmi- məstin nərgisə göstər ki, şəhlalənməsin.

 

Mahi-nov kimdir günəş rüxsarın ilə bəhs edə,

Bir kəsinti dırnağınla hic qürralənməsin.

 

Çün könül məhbusdur zülfündə, gəl bir rəhm qıl,

Vurma əl zəncirə zindan əhli qövğalənməsin.

 

Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,

Kuhkən Şirindən ötrü necə rüsvalənməsin?!

lll

Məgər, ey bivəfa, heç yar olanlar yarı sormazlar?

Əsiri- möhnəti-qürbət olan bimarı sormazlar?

 

Məgər qayib olan yarı xəyala bir gətirməzlər?

Məgər gözdən düşüb yaddan çıxan əfkarı sormazlar?

 

Qəmi-zülfü ruxunla gecə-gündüzüm keçir yeksan,

Məgər, ey əhdü peymansız, belə qəmxarı sormazlar?

 

Səba, izhar qıl ol qönçələb yarə bu peyğanım,

Nolub rəsmi-vəfa kim, əndəlibi-zarı sormazlar?

 

Təəccüb kim əzəl katiblərindən bu vəfa əhli

Neçün yoxdur vəfa bütlərdə, bu əsrarı sormazlar?

 

Xəyali-nərgisi-məstü qəmi-zülfi-siyahınla

Gecələr sübhədək fəryad edən bim

arı sormazlar?

 

Nə çox izhari-hal eylərsən, ey Azər, bu adətdir

Kim, istiğnalı soltanlar gədayi-xarı sormazlar!

 

 





25.11.2022    çap et  çap et