525.Az

Kəlağayı: Qadın ismətinin simvolu - Aynur Qafarlı yazır


 

Kəlağayı: Qadın ismətinin simvolu - <b style="color:red"> Aynur Qafarlı yazır</b>

Aynur QAFARLI
Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru

 

Kəlağayı – Azərbaycanda qadınlara məxsus müxtəlif rəngli, haşiyəli, nazik ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Qərb zonası bu nəfis örtüyü “çarqat” adlandırır. Gözəllik, sədaqət, ehtiram, ismət, ləyaqət rəmzi olan kəlağayı özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, adət-ənənələrini, mədəniyyətini yaşatmaqla, onun milli kimliyini də əks etdirir. Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmış yeganə qadın geyimlərindən olmaqla, hal-hazırda da qadınlarımız onu ya baş örtüyü olaraq, ya da aksesuar olaraq üzərində sevgi ilə daşıyır. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində ta qədimdən yüksək keyfiyyətli kəlağayılar istehsal olunurdu. Bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır.

Kəlağayının  hazırlandığı bu unikal parçanın yaranması da özü böyük prosesdir, tarixi isə çox qədimdir.

Azərbaycanda ipəkçilik ta qədim zamandan təşəkkül taparaq böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərmişdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, eləcə də Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi.

Kəlağayının üzərinə naxışlar ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Bu naxışlar qüdrəti və dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Hər bölgənin kəlağayısı digərindən əsa­sən, haşiyəsindəki ornamentlərə görə fərqlənir. Müxtəlif rəng çalarlarından istifadə olunan həndəsi naxışların gözəlliyi bitki motivləri ilə həmahənglik təşkil edir. Müxtəlif bitki növlərindən –  zəfəran, qarağat, narınc, cır alma, sumaq, zirinc, alça, palıd, böyürtkən və başqa bitkilərdən boyaqlar hazırlanır. Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir.

Bununla yanaşı, “buta” kəlağayının bəzədilməsində hər zaman əsas element olmuşdur. Şəki və Basqal kəlağayıları içərisində “Saya buta”,  “Şah buta”, “Küsülü buta”, “Qoşa buta”, “Qotazlı buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Albuxarı”, “Abi”, “Heyratı”, “Soğanı”, “İstiotu”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.

Bildiyimiz kimi, hansı geyim forması olursa olsun, o, bir və ya ən çoxu iki-üç adda ola bilər. Gördüyümüz kimi kəlağayı həm forma, həm də ad baxımından çoxsaylıdır. Bu geyim növünə verilən adlar insanda maraq doğurur. Çoxunda da “buta” sözünün işlənməsi Azərbaycan-Türk qadının öz butasına sədaqətinin rəmzi olaraq başa düşülür. Əlbəttə, biz buta sözünə ən çox Azərbaycan xalq dastanlarında rast gəlirik. Burada Aşiq öz Məşuquna Tanrı tərəfindən verilən buta ilə (vergi ilə) qovuşur. Bu aşiqlik Tanrı tərəfindən verildiyi üçün Aşiq bu yolda çox-çox əzablı yollardan keçsə də, axırda öz sevgisınə çatır.

Deməli, burada kəlağayı adlarında buta sözünün işlənməsi bizə əsl sevgidən, eləcə də milli-mənəvi dəyərlərə malik olan sevginin qadın-ana dəyərindən xəbər verir. Burada “buta” sözünün önündə işlənən ayrı-ayrı sözlərdə çox mətləblərdən bizləri xəbərdar edir. Onların bir neçəsinin adında olan simvolik mənaları açmaqla biz öz fikrimizə işıq sala bilərik. Məsələn, “Saya buta” adlanan kəlağayıdakı saya sözünün hərfi mənasını açaraq deyə bilərik ki, saya sözü­nün hərfi mənası iki cür olur: Birinci mənası kölgə, o biri mənası isə adi, yəni sadə... Buradan belə nəticəyə gəlmək olar ki, bu kəlağayı növü adi vəziyyətlərdə, belə demək mümkünsə, evdar xanımların istifadə etdiyi baş örtüyüdür. Çünki saya sözünün hərfi mənasında olan kölgə və adi, yəni sadə mənaları bizə belə deməyi əsas verir. Başqa bir kəlağayı adının mənasına fikir verək: “Şah buta”. Şah sözü, şübhəsiz, hər birimiz üçün anlaşılan sözdür. Görünür, bu kəlağayı bütün kəlağayı növlərinin başında duran növ kimi yaranmış, ondan yuxarı təbəqəyə malik olan aristokrat xanımlar istifadə etmişlər. “Küsülü buta” kəlağayı adı da maraq doğurandır. Burada küsülü sözünü bir neçə mənada izah etmək olar. Qadının öz taleyindən və yaxud da dünyadan incikliyi mənasında. Bu inciklik də, əlbəttə, bir neçə səbəbdən ola bilər. Qadının hər hansı bir yaxınını vaxtsız itirməyindən, ya da müəyyən yas mərasimində iştirak etməsindən və s. Bu növ kəlağayıda butalar bir-birinin əksinə, sanki küsülü anlamında verilir. Buta sözü ilə bağlı olan digər kəlağayı adlarının da mənalarını açsaq, biz onların hər birinin adında bu cür simvolik mənaların olduğunu görəcəyik. Bundan başqa özündə “buta” sözünü təcəssüm etdirməyən kəlağayı adları da maraqlıdır. “Albuxara”, “Heyratı”, “Soğanı”, “İstiotu” və s. Bildiyimiz kimi aşıqlar, müğənnilər də başlarına buxara papaq qoyurlar. “Heyratı” isə bir muğamın adı ilə bağlıdır. Bunlar isə namusun və sevginin rəmzidir. Kəlağayıya verilən “Soğanı” və ya “İstiotu”  adlarının hərfi mənası onların acılıq rəmzi olması ilə bağlı ola bilər. Başqa bir izahda isə bu kəlağayı adları onların daşıdığı adların rəngi ilə əlaqələndirilə bilər. Bu da bizə belə bir nəticəyə gəlməyə  bizə əsas verir ki, kəlağayı adlarının hərfi mənasını tam çılpaqlığı ilə açmağın özü bir elmi məqalənin mövzusudur.

Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sənətkarlar çoxdur. Həmçinin Azərbaycanda milli dəyərlərimizi yaşadaraq zərif kəlağayı örtən qadınlarımız bu örtükdə daha cazibəli və füsunkar görünür, gözəlliklərinə gözəllik qatırlar. Bir sözlə, zərif kəlağayı qadınlara gözəllik gətirən və ismət simvolu sayılan bir baş örtüyüdür.

Bu kəlağayılarda aşıqların və şairlərin iftixarla tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri, isməti, həyası gizlənmişdir. M.P.Vaqifin qoşmasında da kəlağayılı qız-gəlinlər belə vəsf olunmuşdur:

Kəlağayı gülgəz, libası əlvan,

Bir güli-rənadır mənim sevdiyim.

 

və ya şairin ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün «Ədəbiyyat» fənni üzrə dərsliyinə salınan “Hayıf ki yoxdur” qoşmasında deyildiyi kimi:

 

...Kəlağayı əlvan qəssaba qıyqac,

Altından cunası hayıf ki yoxdur.

 

misrasında da kəlağayının Azərbaycan qadınlarının gözəlliyini tamamladığını, kişilərin də bu örpəyə sevgi və ehtiramla yanaşdığı açıq-aydın görünür.

Gözümü açandan evimizdə kəlağayı görmüşəm, ağappaq, bənövşəyi yelənli, ipək kimi yupyumşaq... Nənəm Nazxanım xanım toy-düyünlərə gedəndə bu kəlağayısını taxıb süslənərdi. El-obanın matəm günündə isə qara kəlağayısını taxıb elin dərdinə şərik olardı.

Kəlağayı naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Yaşlı və qoca qadınlar kəlağayını dingə, yaxud çalma bağlayır, cavan qız-gəlinlər isə örpək kimi istifadə edirdilər. Bu zərif ipək kəlağayılar zərif qız-gəlinləri həm gün istisindən, həm də soyuqdan qoruyur.

Bu ənənə bu gün də davam edir. Kəlağayı qədim adətlərimizin ayrılmaz tərkib hissəsi kimi öz rəngləri ilə səadət, bədbəxtlik, xeyir və şər kimi funksiya daşımışlar. Gəlin köçən qızın başına ağ kəlağayı örtmək, gəlin arabasının və ya maşınının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn və matəm günlərində isə evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda ziyarətgahlara kəlağayı bağışlamaq, şikəstlərə, kasıblara kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir. Hələ uşaqlıqdan kəlağayı örtən xanımlara həsədlə baxmış, özümü nə vaxtsa onların yerində olmağı arzulamışam. Kəlağayıya olan sevgim tükənməz və əbədidir. Bu sevginin nəticəsi olaraq, “Dənizdir, günəşdir, nəğmədir, mənəm” kitabımda kəlağayıya həsr etdiyim şeiri nəzərinizə çatdırıram:

 

KƏLAĞAYIM

 

Səni örtüb cavan, qarı,

Ay elimin milli varı.

Şəkimizin yadigarı,

Nənələrdən qalan payım,

Kəlağayım.

 

Daim sənlə öyünmüşəm,

Mən bəxti çox yeyinmişəm.

Nə vaxt səni geyinmişəm

Gözəllikdə yoxdur tayım,

Kəlağayım.

 

Qürurusan ataların,

Yellənirsən narın-narın.

Üstündəki butaların,

Tarix kimi qədim, qayım,

Kəlağayım.

 

Eşqə mayak, gur işıqsan,

Sən bir sülhsən, barışıqsan.

Qadınlara yaraşıqsan,

Qoy vəsfini elə yayım,

Kəlağayım.

 

Nur səndədir, ziya səndə,

Abır səndə, həya səndə,

Bəzək səndə, saya səndə,

De, hansını deyim, sayım,

Kəlağayım.

Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızı bir qadın olaraq üzərimizdə daşımaqla daim təbliği ilə məşğul olmalıyıq. Çünki bu sirli örpəyimizdə nənələrimizin nəfəsi, doğmalıq hərarəti hələ də duyulur və kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz bu doğma hərarətdən qidalanacaq...

Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərin­dən kənarda da şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir. Kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

 





25.11.2022    çap et  çap et