525.Az

“Uğur düsturları kursu” layihəsi yekunlaşdı


 

“Uğur düsturları kursu” layihəsi yekunlaşdı<b style="color:red"></b>

Ali məktəblərdə ixtisaslar ciddi dəqiqliklə sahələşdirildiyindən hər kəs universal bilgiləri əldə edə bilmir, çünki bu mövzuların sistemli formada öyrənilməsi üsulunu bilmirlər. Belə təlimlərin üsul və modeli çoxdan var, bu təlimləri xüsusi təlim təşkilatları keçirlər. Gənclərin bu sahədəki təcrübəsini artırmaq üçün “ULUS” Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Universal şəxsiyyətin formalaşması üçün “Uğur düsturları kursu”nun təşkili layihəsini icra edir.

Layihənin rəhbəri Əlisafa Mehdi deyir ki, “ULUS” Fondu Bakı Dövlət Universitetinin (BDU) tərəfdaşlığı ilə “Universal şəxsiyyətin formalaşması üçün “Uğur düsturları kursu”nun təşkili” layihəsinin bu ilki təlimləri artıq başa çatıb. Layihə uğurla icra olunub.

Onun sözlərinə görə, bu təlimlər zamanı gənclərdə təcrübə bazası formalaşmış oldu. Bakı şəhərindəki 18 universitetdən dəvət olunmuş 20 doktorant və magistr öz ixtisasları üzrə təlimlər verdilər: “Sözügedən təlimlərdə bir ay ərzində dövlət, dövlətin xarici və daxili siyasəti; xalq, millət və ümumbəşəri maddi-mənəvi dəyərlər; milli ideologiyanın formalaşmasında ədəbiyyatın, rəssamlığın, heykəltaraşlığın, kinonun, teatrın, təhsilin, turizmin, şəhid-qazi anlayışının əhəmiyyətli rolu və milli dəyəryaratma hadisəsi olduğu; qlobal texnologiyanın gətirəcəyi yeniliklərə hazırlıq; sosial davranış texnologiyası; konfliktlərdə davranma; karyera uğurları, liderlik keyfiyyətləri və s. biliklər interaktiv disputlarla çözüldü. Bununla da 20 gənc “Uğur düsturlarının tam kursu”nu bitirdi.

Bu təlimlərdə onlar dünyanın vahid mənzərəsini anlamaqda, cəmiyyətdə öz yerini tapmaqda, uğurlu karyera qurmaqda, sosiallaşmaqda savadlı və səriştəli davranmağın, beynəlxalq sistemə peşəkarlıqla inteqrasiya olunmağın, yetkin təcrübələri mənimsəməyin, regional, lokal böhran və münaqişələrin peşəkar araşdırılması ilə informasiyalı cəmiyyətin formalaşmasına xidmət etməyin, bütün bu bilgilərlə həm də Media aləminin ekspert bazasını təmin etməyin, dünyada baş verən ciddi dəyişilmələri, konflikt situasiyaların proqnozlarını operativ olaraq cəmiyyətə çatdırmağın üsul və təcrübələrini öyrəndilər”.

Əlisafa Mehdi bildirib ki, idarəçilik bacarıqlarının aşkar edilməsi və universal bilgilərinin təmin edilməsi intellektual gənclərin perspektivlərini genişləndirməyə şərait yaratmış olur. Doktorant və magistr gənclərin layiq vətəndaş keyfiyyətində sosiallaşa bilməsi, özünü intellektual səviyyədə ifadə etməsi bu sayaq görüşlərdə çox effektli olur. Onlar təlim müddətində bir növ düşüncə, bilik və təcrübə qalereyasında yaşayırlar, intellektlər dostlaşırlar, universitetlərimizin elmi səviyyəsi görkə çıxır. Ən əsası isə, media bu gənclərin timsalında ekspertlərini və şərhçilərini tanıyırlar: “Məhz bu məqsədlə Prezidentin 26 iyul 2019-cu ildə verdiyi Sərəncamla yaradılmış "Yüksəliş" müsabiqəsinə bu təlimlər hazırlıq mərhələsi kimi də qəbul edilə bilər. Düşünürük ki, bu layihə ölkənin 198 minlik tələbə kontingentinin, ümumilikdə gənclərin hərtərəfli inkişafına dəstək üçün qeyri-formal məktəb - təlim bazası kimi formalaşa biləcək. Ölkənin bütün doktorantlarını və magistr tələbələrini növbəti təlimlərimizə dəvət edirik”.

S.QARAYEVA

 

 

 

 

 





25.11.2022    çap et  çap et