525.Az

Ermənistanın mina terroru


 

EHTİYATDA OLAN GENERAL YÜCEL KARAUZ: "TERROR FƏALİYYƏTİ DAVAM EDƏCƏYİ HALDA, AZƏRBAYCAN ARTIQLAMASI İLƏ CAVAB VERƏCƏK"

Ermənistanın mina terroru<b style="color:red"></b>

Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistan ərazilərimizi dağıtmaq, talan etməklə yanaşı, həm də kütləvi şəkildə minalarla çirkləndirib. 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad edən Azərbaycan mina terroru ilə üz-üzədir. İnsanlarımız az qala hər gün mina qurbanına çevrilir, sağlamlıqlarını itirir.

Bu gün Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir və imkan daxilində Azərbaycan ərazilərini minalamaq cəhdlərindən əl çəkmir. Bu ilin avqustunda Sarıbaba kəndi istiqamətində yaşanan gərginlik zamanı minalanma problemi özünü qabarıq göstərdi. Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edildi. Müdafiə Nazirliyinin məlumatına görə, təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Təəssüflər olsun ki, bu barədə də Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilməyib. Qarabağda ermənilərin yaşadığı ərazidə minalanma halları var və özü də bu proses Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan bu problemin aradan qaldırılması ilə bağlı preventiv tədbirlər həyata keçirmək hüququna malikdir və təcrübə də göstərir ki, zərurət yarandığı hallarda bu istiqamətdə əməli addımlar atılacaq.  

Mövzunu "525"ə şərh edən ehtiyatda olan türkiyəli general, hərbi ekspert Yücel Karauz bildirib ki, minalar, xüsusilə də insanlıq əleyhinə minalar beynəlxalq Ottova konvensiyasına görə, həm insanlığa qarşı cinayətdir, həm də hərbi cinayət hesab olunur. Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaları başqa bir ölkənin - yəni Azərbaycanın ərazisində yerləşdirməsi beynəlxal hüquq baxımından cinayətdir. Bu fəaliyyət işğal dövründə geniş şəkildə həyata keçirilib. Amma müharibə bitdikdən sonra da Ermənistan öz terror əməllərini davam etdirir. Bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata, eyni zamanda iki ölkə başçısının iştirakı ilə qəbul edilmiş digər razılaşmalara ziddir.

General bildirib ki, bir tərəfdən sülh deyib, hərbi əməliyyatların dayandırılması barədə razılaşmasının sülh müqaviləsinə çevrilməsini təklif edən, hətta yalvaran Ermənistan, digər tərəfdən terror fəaliyyəti həyata keçirməkdə davam edir. Bu isə İrəvanın əslində ikiüzlü, regionda sülhü əngəlləyən terrorçu fəaliyyətinə sübutdur.

Y.Karauz əlavə edib ki, Rusiya sülhməramlıları baş verən bu cür hallara müşahidəçi qalmamalıdır: "Çünki rus sülhməramlıları regiona məhz bunun üçün gəliblər. Onların 5 illik mandatının iki ili artıq geridə qalıb. Rus sülhməramlılar niyə ermənilərin bu terrorçu əməllərinə heç bir müdaxilə etmir? Çünki onlar da bölgəyə sülhün, barışın, sabitliyin gəlməsini istəmirlər. Onlar qala bildikləri qədər regionda qalmaq, mandatı uzatmaq istəyirlər. Sülhməramlının funksiyası adından bəllidir. Onlar bitərəf olmalıdırlar. Lakin təəssüf ki, rus sülhməramlılar Qarabağ torpaqlarına gəldiklərindən etibarən tərəfsiz ola bilmirlər. Tərəfsiz ola bilmədikləri üçün də zaman-zaman terror fəaliyyətləri, mina basdırılması, terroçuların və uyğun olmayan insanların bu torpaqlara gəlməsinə imkan verirlər. Dolayısıyla əsas məsələ 2025-ci ildə başa çatacaq sülhməramlıların mandatının uzadılması, ondan sonra bu missiyanın uzun müddət davam etməsinə nail olmaqdır. Rusiya lideri bəyan edir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Qarabağ Azərbaycan torpağıdırsa, rus sülhməramlıları bitərəf qalmalı və terror törədənlərə qarşı da ehtiyat tədbirləri görməlidir. Amma söylədiyim kimi, bu, baş vermir. Təbii ki, Rusiya sülhməramlılarının fəaliyyəti ikili standarta əsaslanır, onların davranışı ədalətə, haqqa, hüquqa uyğun olmayan davranışlardır".

General xatırladıb ki, Azərbaycan Ermənistanın törətdiyi terror fəaliyyətləri, təbiətə, tarixi və mədəni irsə, insanlığa qarşı cinayətləri, eyni zamanda hərbi cinayətləri barədə beynəlxalq birliyə, BMT-yə faktları çatdırır. Təbii ki, terror fəaliyətləri davam edəcəyi halda, Azərbaycan iki ildə olduğu kimi, artıqlaması ilə cavab verib, qisasını alacaq. Bundan başqa, Azərbaycanın edə biləcəyi bir şey yoxdur. Haqqını, hüququnu güclü olaraq, beynəlxalq hüquqa əsalanaraq və beynəlxalq ictimaiyyətin dəstəyini alaraq həyata keçirməyə davam etdirməlidir. Sülh səylərinin davam etməklə yanaşı, dəmir yumruğu da daim hazır vəziyyətdə saxlamalıdır. Bu günə kimi həyata keçirilən bu uğurlu siyasəti davam etdirməlidir".

Generala görə, beynəlxalq birlikdən ədalət gözləmək saflıq olardı: "Biz beynəlxalq birlikdən ədalətli davranış gözləyə bilmərik. Sadəcə Azərbaycana yanaşmada Qarabağ məsələsində deyil, Orta Şərqdə və digər bölgələrdə də gözləyə bilmərik. Təəssüf ki, beynəlxalq birlik məsələ Azərbaycan, Türkiyə olanda, başqa yerlərdə münaqişələrə rəğmən, güc qrupları gəlib burda el birliyi, könül birliyi yaradırlar. Bu, qəbuledilməz bir davranışdır. Ona görə də beynəxlaq ictimaiyyətin haqqın, hüququn yanında olacağını gözləməmək lazımdır. Dünyada ədalət yoxdur, ədaləti güclü dövlət, güclü lider, milli-mənəvi maraqları yüksək bir xalq, müzəffər ordularla əldə edilə bilər. Bu mənada da Qafqazın gücü olan Azərbaycan öz yolunu seçib. Yəni güclü dövlət, güclü ordu, güclü lider".

 

 

 

 





26.11.2022    çap et  çap et