525.Az

Bakı cənublu soydaşlarımız üçün əlindən gələni edəcək


 

Bakı cənublu soydaşlarımız üçün əlindən gələni edəcək<b style="color:red"></b>

Azərbaycan hər zaman qonşu dövlətlərlə əlaqələrin inkişafına, möhkəmləndirməsinə, regionda dostluq və əməkdaşlıq mühitinin dərinləşməsinə çalışıb və bu istiqamətində əməli addımlar ataraq öz töhfəsini verib. Hətta torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistana belə müharibədən sonra sülh əlini uzadıb. Təəssüf ki, bəzi nankor qonşularımız Bakının bu siyasətinə qeyri-adekvat yanaşma sərgiləyir. İranın nümunəsində bunu açıq şəkildə görmək mümkündür. Azərbaycana qarşı hər zaman riyakar, ikiüzlü siyasət yeridən Tehran rejimi son aylarda öz xain xislətini daha qabarıq göstərərək açıq düşmənçilik siyasəti aparmağa başlayıb. Bu siyasət əslində 90-cı illərin əvvəllərinə gedir. Yəni Azərbaycan müstəqilliyini bəyan etdikdən sonra İran dövlətimizi özü üçün bir təhdid, qorxu mənbəyi kimi görməyə başladı. Sözdə dostluq, qardaşlıq, eyni din, eyni məzhəbdən danışan molla rejimi əməldə işğalçı Ermənistana hər cür dəstək göstərib, onun talançılığına, soyqırımı siyasətinə yaşıl işıq yandırmaqla yanaşı, bu mənfur siyasətin bir hissəsi oldu. Ermənilərlə birlikdə torpaqlarımızı taladı, insanlarımızın əmlakını qəsb etdi, işğal müddətində torpaqlarımızda narkotrafiklə məşğul oldu. İran bir dəfə də olsun ermənilərin məscidlərimizi dağıtmasına, təhqir etməsinə, orada donuz saxlamasına, səsini çıxarmadı. Yəni Azərbaycana gələndə müsəlman, İslam dəyərlərini unutmuş oldu. Başqa sözlə, dindən, imandan öz çirkin məqsədləri üçün sui-istifadə siyasətinə üstünlük verdi.

İkinci Qarabağ müharibəsindən sonra cənub qonşumuz daha da aqressivləşdi. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasını qəbul edə bilməyən molla rejimi qonşusunda güclü, qalib Azərbaycan görmək istəmirdi. Buna görə də ölkəmizi qələbə münasibətilə ən son sırada təbrik etdi. Eyni zamanda sərhədin o üzündən təhdidedici bəyanatlar səsləndirməyə, addımlar atmağa başladı. Görünür, rəsmi Bakının qonşuluq münasibətlərinə, islam həmrəyliyinə verdiyi dəyəri mollalar düzgün anlamayıb. Bunu, Azərbaycanın gücsüzlüyü, İranın "əzəməti" kimi başa düşüblər. Ona görə daha da "cəsarətləniblər". Bir tərəfdən Ermənistanla əlaqələrini gücləndirir, mütəmadi qarşılıqlı səfərlər həyata keçirilir, Qafanda konsulluq açır, Azərbaycanın Təbriz şəhərində eyni addımı atmağa hazırlaşır, digər tərəfdən sərhəddə hərbi təlim keçirib, bizə "güc" nümayiş etdirir, ölkəmizdə casus şəbəkəsi yaradır, terrorçular hazırlayır. Bu, adında İslam olan bir dövlət üçün ayıb və utancvericidir. Azərbaycan dövlətinin varlığını özü üçün təhdid, qorxu hesab edən İran rejimi sübut etdi ki, onun üçün İslam dini, sözdə dediyi "müsəlman həmrəyliyi" yalnız öz mənfur niyyətini reallaşdırmaq üçün bir vasitədir.

Bölgədə sabitlikdə maraqlı olmayan İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törədir.

İran Azərbaycan məhfumundan o dərəcədə qorxub düşür ki, hətta cənubdakı 40 milyonluq soydaşımızı illərlə bütün haqq və hüquqlardan məhrum edib. Soydaşlarımız öz dillərində təhsil almaq, KİV yaratmaq hüquqlarından məhrum edilib. Bir ovuc erməni üçün isə bütün hüquqlar təmin edilib. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var. Hətta İran konstitusiyasında ermənilər üçün müstəsna hüquqlar var. Bunun özü İranın hansı siyasət apardığını bir daha nümayiş etdirir.

Bütün körpüləri yandıran Tehran rejimi indi əl-ayağa düşüb. Son bir neçə gündə Tehrandan Azərbaycana yönəlik bəzi yumşaldıcı bəyanatlar verməyə çalışırlar. Amma bunlar rejimin etdiklərindən sonra əlbəttə ki, səmərəsizdir. İranın hazırkı hakimiyyəti Azərbaycana qarşı xüsusi nifrəti, kini və düşmənçilik siyasəti ilə fərqlənir. Prezident İlham Əliyev dünən beynəlxalq konfransda bu məqama toxunub.

Sitat: "Mən İranın üç prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Biz hər zaman istənilən antiazərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək".

Bu gün Azərbaycan ən yüksək səviyyədə cənubda yaşayan soydaşlarımızın hüquqlarının pozulduğunu, onların müdafiəsi üçün əlindən gələni edəcəyini bəyan edir.

Prezidentdən sitat: "Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".

Bu bəyanat həm də Azərbaycan dövlətinin sərhədlərimizdən kənarda yaşayan bütün soydaşlarımızın hüquqlarının qorunmasında səylərini əsirgəməyəcəyini bir daha təsdiqləyir.

 

 

 

 

 





26.11.2022    çap et  çap et