525.Az

Lukaşenkoya daha bir təhlükə


 

Lukaşenkoya daha bir təhlükə<b style="color:red"></b>

Rusiyanı terrora maliyyə yardımı edən dövlət kimi tanıyan Avropa Parlamentinin qətnaməsində Belarus prezidenti Aleksandr Lukaşenkonun da Ukraynada törədilən hərbi cinayətlərə görə Putin rejimi ilə eyni məsuliyyət daşıdığı əksini tapıb. Qətnamədə Avropa Parlamentinin deputatları Avropa İttifaqına üzv ölkələri və Avropa Komissiyasını Rusiyaya qarşı tətbiq edilən sanksiyaları Belarusa qarşı da tətbiq etməyə çağırıblar. Bundan başqa, avropalı deputatlar Belarusun demokratik qüvvələrini daha sistemli əməkdaşlığa çağırıblar.

Qərbdə səslənən bu fikirlər Belarus hakimiyyətini narahat etməyə başlayıb. Avropa Parlamenti məlum qətnaməni qəbul etdiyi gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, təşkilatın gələcək taleyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsindən asılıdır. Lukaşenko deyib ki, Rusiya Ukraynada məğlub olsa, KTMT dağılacaq. Belarus prezidenti həmçinin bildirib ki, KTMT ilə yanaşı, Rusiyanın taleyi Ukraynadakı əməliyyatından asılıdır. "Rusiya qalib gəlsə, KTMT yaşayacaq, Allah eləməsin, məğlub olsa, KTMT dağılacaq. Rusiya dağılsa, biz də bu dağıntıların altında qalacağıq".

Belarus prezidentindən fərqli olaraq KTMT-də təmsil olunan ölkələrin liderləri eyni narahatlıqları ifadə etməyiblər. Çünki onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmədikləri kimi, Moskva ilə münasibətlərində məsafə saxlamağa nail ola biliblər. Qazaxıstan isə ümumiyyətlə, zaman-zaman Rusiyanın Ukraynadakı müharibəsini tənqid etməkdən də çəkinmir. KTMT-nin sammitində Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev bildirib ki, Ukraynada "sülh formulunu" axtarmağa başlamağın vaxtı çatıb. Çox aydın görünür ki, Qazaxıstan prezidenti bu çağırışı ilə Rusiyanın müharibəni dayandırmalı olduğuna işarə edib. Qazaxıstanla yanaşı, digər Mərkəzi Asiya ölkələri də Rusiyadan məsafəli görünməyə çalışırlar. Ermənistan isə KTMT-nin yekun bəyannaməsinin qəbulunun qarşısını almaqla və sammit ərəfəsində KTMT-yə və Rusiyaya qarşı etiraz aksiyası keçirilməsinə imkan yaratmaqla Moskva ilə birlikdə olmadığını nümayiş etdirib. Belə bir vəziyyətdə Belarus Rusiyanın yeganə müttəfiqi kimi qabarıq görünür. Moskva və Minskdə gözəl anlayırlar ki, KTMT-yə üzv dövlətlər Rusiya və Belarusla eyni mövqedən çıxış etmək istəmir.

Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməkdə israrlı olması və Qərbin müqavimətinin sərtləşməsi KTMT-yə üzv ölkələrin rəhbərlərini qorxudur. Onların heç biri Rusiya ilə "eyni qayıqda" yer almaq istəmir. Belarus iqtidarı isə düşdüyü vəziyyətdən çıxa bilmir. Rusiya ilə birlikdə hərəkət etmək istəyən rəsmi Minsk Qərbdən gələn mesajlardan da narahatdır. Bu narahatlıq artıq qorxuya çevrilməkdədir. Buna görə prezident Aleksandr Lukaşenko bəyan edib ki, Belarus əsgərləri müharibədə iştirak etməyəcək. Belə görünür ki, Lukaşenko Putinin taleyini bölüşmək istəmir və Belarus əsgərlərinin müharibədə iştirak etməyəcəyini bəyan etməklə gələcək taleyi ilə bağlı qərarların yumşaldılmasına nail olmaq istəyir.

 

 





26.11.2022    çap et  çap et