525.Az

Antik dünyanın parlaq şəxsiyyətləri - Telman Orucov yazır


 

Antik dünyanın parlaq şəxsiyyətləri - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə saylarımızda)

 

Məhkəmədəki qələbəsi nəticəsində Demosfenin dövlət işlərinə təsiri xeyli artdı. Lakin acı təcrübəsindən ibrət götürərək, indi o, ehtiyatla hərəkət edirdi. O, düşmənlərinin gücünü və yunanların birliyinin olmamasını görmüşdü, ona görə də həmvətənlərinin makedoniyalılar əleyhinə düşünülməmiş çıxışlarının qarşısını almağa çalışırdı. Belə ki, məsələn, onun məsləhəti ilə afinalılar spartalıların üsyanını dəstəkləmədilər və makedoniyalılar üsyanı çox tez yatırdılar.

Bu vaxt Aleksandr bütünlüklə Asiya işləri ilə məşğul idi, Yunanıstandakı işlərə sərəncam verməyi bütünlüklə sərkərdəsi Antipatra tapşırmışdı. Lakin o, Yunanıstana öz göstərişlərini göndərmişdi, onlardan birincisi onu allah saymaq barədəki tələbi idi, ikincisi ilə isə əmr edirdi ki, şəhər-dövlətlər bütün əvvəllər öz sürgün olunmuş vətəndaşlarını geri qaytarsınlar. Birinci göstərişinə yunanlar gülmüşdülər, onu yerinə yetirmədilər, axırıncısı isə onların qəzəbinə səbəb oldu. Çünki sürgün olunanlar xalqın nifrət etdikləri Makedoniya tərəfdarları idi. Bu vaxt Demosfenin taleyində çox pis təsiri olan bir hadisə baş verdi.

Aleksandrın xəzinədarı Qarpal çarın uzun müddət vətənində olmamasından, bu vaxt o, Hindistan yürüşündə idi, istifadə edib, Persiya çarlarının nəhəng xəzinəsini oğurladı. Bu pula o, 6 min muzdlu əsgər tutub, 30 gəmidə gözlənilmədən Pirey limanına gəldi. Xəzinədar pulla Afina dövlət xadimlərini öz tərəfinə çəkməyə cəhd etdi. O, belə bir ümid təlqin edirdi ki, bu sərvətdən istifadə etməklə, onlar Yunanıstanın müstəqilliyinə nail ola bilərlər. Bir neçə adam Qarpalın təklif etdiyi pulu götürməyi məsləhət gördü ki, makedoniyalılar əleyhinə ümumi üsyan başlansın. Demosfen bunun əleyhinə çıxdı.

Qarpalı Afinaya buraxmadılar və o, Peloponnesin cənubunda özünə sığınacaq tapdı. Orada sərvətin böyük hissəsini qoyub, Afinaya qayıtdı. Bu dəfə o, yalnız ona sığınacaq verilməsini xahiş edirdi.

Antipatr və Aleksandrın anası Olimpiada afinalılardan tələb etdilər ki, xəzinə oğrusunu onlara versinlər. Demosfenin təklifi ilə Qarpal tutuldu, onun gətirdiyi pullar qorunmaq üçün Akropolda saxlandı ki, onu sonra Aleksandra qaytarsınlar. Qarpala Krit adasına qaçmaq qismət oldu və orada o, tezliklə öldürüldü.

Demosfeni və bir neçə başqa Makedoniyaya qarşı olan partiyanın nümayəndələrini  pulun oğurlanması, Qarpalın satın alınması və qaçırılması barədəki saxta ittihamlarla məhkəməyə verdilər. Əleyhdarlarının təzyiqi altında Demosfen təqsirkar hesab edildi və onu ağır cəriməyə məhkum etdilər. Bu nəhəng məbləği o, ödəyə bilmədiyindən, onu dustaqxanaya saldılar. Dostları tezliklə onun qaçmasına kömək etdilər və o, Afina yaxınlığındakı adada sığınacaq tapdı.

Onun həyatı və davranışı, əsasən, təqsirsizliyinə inam yaradır. Təmənnasız olan bu adam vicdansız əmələ qadir deyildi. Demosfenin sürgünü uzun çəkmədi. B.e.ə.323-cü ildə Aleksandrın Babildə ölməsi xəbəri gəldi.

Aleksandrın ölümü bütün Yunanıstanda azadlıq hərəkatının başlanması üçün siqnal oldu. Xalq natiqləri Afinada vətənpərvər çıxışlar edir, həmvətənlərini Makedoniya zülmünü atmağa inandırırdılar. Afina xalq yığıncağı sevimli natiqi sürgündən geri qaytarmaq qərarını verdi. Demosfen doğma torpağına ayaq basanda, onu təntənəli surətdə milli qəhrəman kimi qarşıladılar.

Demosfen makedoniyalılara qarşı müqavimətə başçılıq etdi. Başlanan müharibə Afina üçün uğurlu idi. Müttəfiqlər qələbə çaldılar. Lakin afinalıların sərkərdəsi öldükdən sonra müharibə onlar üçün əlverişsiz xarakter aldı. Müttəfiqlər arasında sözləşmə baş verdi. Muzdlular da qaçmağa başladı.

Makedoniyalılara xeyli kömək gəldi və qüvvələr nisbəti onların xeyrinə keçdi. Afina donanması da iki dəfə məğlubiyyətə uğradı.

Müttəfiqlərdən bir neçəsi Makedoniya tərəfinə keçdi. Afina, demək olar ki, təklikdə qaldı. B.e.ə. 322-ci ildə afinalılar yenidən məğlubiyyətə uğradılar. Afina sülh bağlamalı oldu və onun şərtlərinə görə, Makedoniyaya müharibə xərclərinə görə pul ödəməli və Makedoniya qarnizonunu öz limanına buraxmalı idi. Afinada demokratiya da məhv edildi, şəhəri varlılar idarə edirdi. Demosfen və bir sıra digər demokratiya başçıları ölümə məhkum edildilər.

Demosfen qaça bildi və Kallariya adasındakı Poseydon məbədində gizləndi. Qaçqınları axtaran xainlər meydana gəldi. Bir aktyor Frakiya muzdluları ilə gəlib, həyasızcasına Demosfenə təklif etdi ki, onunla birlikdə Antipatrın yanına getsin və söz verdi ki, ona heç nə olmayacaqdır. Cavabında Demosfen dedi: "Arxil (aktyorun adı belə idi), sən teatrda öz oyununla məni pərişan edə bilməmişdin, indi də məni öz vədlərinlə aldada bilməzsən. Bir qədər gözlə ki, qohumlarıma nəsə yazım". Bu sözlərlə Demosfen məbədin içərisinə getdi, guya yazmaq üçün qamış qələmi əlinə götürdü, sonra ağzına yaxınlaşdırıb, onu dişlədi. Bu qələmdə güclü təsir edən zəhər gizlədilmişdi və onu Demosfen uddu. O, məbəddən çıxanda ölü kimi yıxıldı. Demosfen Böyük Aleksandrdan bir il sonra, b.e.ə. 322-ci ildə öldü.

Beləliklə, Demosfen həlak oldu. O, öz vətəninin işğal olunmasını görmək istəmədi.

Tezliklə, afinalılar şəhərin meydanında Demosfenə mis heykəl qoydular.

 

Böyük Aleksandr

 

Aleksandrın 20 yaşı olanda o, Makedoniyanın çarı oldu. Sonrakı 12 il ərzində o, elə böyük hərbi nailiyyətlər qazandı ki, o vaxtdan onu Böyük Aleksandr kimi adlandırmağa başladılar.

Atası çar Filippin apardığı məşhur Xeroneya döyüşündə ona süvarilərə komandanlıq etmək tapşırılmışdı və o, bu işin öhdəsindən uğurla gəlmişdi. Taxt-taca yiyələndikdən sonra Makedoniya ərazilərini təhlükəsiz etdi, Yunanıstanda qiyamı yatırtdı, Fiva şəhərini qarət etdi, onun kişi cinsindən olan sakinlərinin çoxunu öldürdü, qadın və uşaqları isə qul olmağa satdı. Bu işlərdən sonra o, atasının arzusunu yerinə yetirmək məsələsinə tərəf çevrildi. Bu arzu isə Persiya imperiyasına müdaxilə etmək idi.

Heç bir şübhə yoxdur ki, Aleksandr həm də Persiya imperiyasına hücum etmək şansına yiyələndi. Bu imperiya bəzi cəhətlərinə görə zəifləsə də, hələ də qüdrətli dövlət idi. Aleksandrın hərbi-dəniz qüvvələri də Persiya donanmasından geri qalmırdı. Buna baxmayaraq, onun ordusu sürətlə qələbələr çalır və öz mübarizəsini davam etdirməkdə bu, ona əlavə resurslar verirdi.

B.e.ə. 334-cü ilin yazında Aleksandr 35 min əsgərdən ibarət olan ordusu ilə Kiçik Asiyaya girdi, bu, avropalının böyük qitəyə ilk hərbi yürüşü idi. Ordunun tərkibinin yarısı makedoniyalılardan ibarət idi, qalan hissəsi isə Yunanıstan və digər müttəfiqlərindən (İoniya şəhər-dövlətlərindən) olanlar idi. Zərbə qüvvəsi kimi süvari dəstəsi döyüşlərdə mühüm rol oynayırdı, tərkibi 5 min nəfərə yaxın idi. Arxitektorlar, mühəndislər, tarixçilər və alimlər ordunu müşayiət edirdi. Onun bu təcrübəsindən Napoleon 1798-ci ildə Misirə yürüş edərkən istifadə etmişdi və özü ilə 165 alim götürmüşdü.  Müəyyən elmi kəşflərlə yanaşı, onlar bütövlükdə yeni fənn olan misirşünaslığın əsasını qoymuşdular. Onlar həmçinin, dinin, dillərin və botanikanın öyrənilməsinə böyük töhfə vermişdilər. Qədim Misir heroqlifinin açılıb oxunması da fransız tədqiqatlarının hesabına mümkün olmuşdu.

Aleksandr isə onunla yürüşə qoşulmuş arxitektorların hesabına işğal etdiyi Şimali Afrikada və Asiyada çox sayda öz adını daşıyan şəhərlər salmışdı. Misirdə əsasını qoyduğu Aleksandriya şəhəri Ellinizm dünyasının paytaxtı rolunu oynamış, bu böyük liman şəhəri 23 yüzillikdən sonra da öz iqtisadi və strateji əhəmiyyətini, həm də özünəməxsus gözəlliyini və cazibədarlığını qoruyub saxlayır. Hətta öz ölmüş atı Butsefalın adını da yeni saldığı bir neçə şəhərə vermişdi. Onun bu təcrübəsi gələcəkdə daha eybəcər şəkil almış, Roma imperatoru Kaliqula öz atını senator seçmiş və konsul etməyə çalışmışdı. 1770-ci illərdə Danimarka kralı olan Kristian dəli idi, Qurman adlı öz sevimli itini Dövlət Şurasının fəxri üzvü etmişdi. Təəssüf ki, bəzən qüsurlar da ənənələrə çevrilməklə, yeni təkrarında hədd də tanımır.

Aleksandrın ordusunun hərblə əlaqəsi olmayan böyük mütəxəssislərin müşayiət etməsi göstərir ki, bu görkəmli sərkərdə həm də zamanına görə böyük intellektual səviyyəyə və dünyagörüşə malik olmaqla, öz başladığı yürüşdən çox sayda müsbət şeylər gözləyirdi və uzun səfəri vaxtı o, öz ağlının və ruhunun digər parlaq xüsusiyyətlərini də göstərə bilmişdi.

Onun persiyalılarla ilk döyüşü b.e.ə.334-cü ildə Qranik çayı yanında baş verdi. Bu döyüşdə az qala onun həyatı qurban gedəcəkdi. Lakin o, nəinki sağ qaldı, həm də böyük qələbə çaldı. Sonrakı yaz mövsümündə Kiçik Asiyanın bütöv qərb yarısı Aleksandrın əlində idi və onun cənubi-qərbindəki İoniya yunan şəhərləri Persiya zülmündən "azad olunmuşdu". Onların heç də hamısı azad olmağı arzu etmirdi, buna baxmayaraq, çoxu sadəcə olaraq Aleksandrı öz yeni ağaları kimi qiymətləndirirdilər.

Bu vaxt Persiya çarı III Dara öz qüvvələrini səfərbərliyə aldı ki, Aleksandrın hücumlarını dayandırsın. Persiya ordusunun tərkibinin sayca Aleksandrınkından böyük olmasına baxmayaraq, İss döyüşü dar bir çöldə getsə də, Makedoniya ordusunun yeni uğuruna çevrildi. III Dara, döyüşdəki qalib məlum olanda, hələ vuruş başa çatmamışdan oradan uzaqlaşdı. B.e.ə. 333-cü ildəki İss qələbəsindən sonra Aleksandr mühüm liman şəhəri olan Tiri mühasirəyə aldı ki, Persiyanın dənizə nəzarətini ləğv etsin. Tirin mühasirəsi həm də Aleksandrın hərbi ustalığını və mühəndislik qabiliyyətini sübut etdi. Tir sahildən aralı olan bir adada yerləşirdi. Aleksandr adekvat dəniz qüvvələrinə malik olmadığından şəhərə hücum etmək üçün sahildən damba tikməklə şəhərə yol çəkdi. Layihənin başa çatması altı ay çəkdi, lakin ona imkan verdi ki, mühasirə maşınlarını yaxına gətirə bilsin. Yeddi aydan sonra, nəhayət, şəhər Aleksandr qüvvələrinə təslim oldu. Sakinlərdən 6 min nəfəri öldürüldü, 30 min adam isə qul olmağı satıldı.

Misir isə döyüşsüz təslim oldu və b.e.ə. 332-ci ilin qışında artıq Suriya, Fələstin və Misir Aleksandrın ağalığı altında idi. O, ənənəvi Misir faraon titulunu qəbul etdi və yunanlarda Zevsin oğlu adlanmağa bərabər olan qaydada, onu "Ammonun oğlu" kimi salamlayırdılar. Aleksandr, həmçinin, Misirin yunan administrasiyasının paytaxtı olacaq, öz adı ilə adlandırdığı Aleksandriya şəhərini tikdi. Bu, onun saldığı şəhərlər seriyasının birincisi idi. Bu şəhər Aralıq dənizi dünyasının ən mühüm mərkəzlərindən biri oldu və iki min ildən sonra da öz əhəmiyyətini saxlayır.

Bu vaxt Dara sülh razılaşmasına hazır olduğunu bildirdi. Fərat çayından qərbdə olan bütün torpaqları Aleksandra təhvil verməyi təklif etdi. Makedoniya sərkərdəsi imtina etdi və öz hücumlarını təzələmək qayğısına qaldı. O, qədim Mesopotamiya çarlığının ərazisinə daxil oldu və b.e.ə. 331-ci ilin yayında Qavqamelada persiyalılarla həlledici döyüşə girdi. Qavqamelada Aleksandrın adamları sayca Persiya qüvvələrindən çox idi. Bu düzənlikdə onun hərbi arabaları irəliləmək üçün yaxşı manevr edə bilərdilər. Aleksandr Persiya xəttinin mərkəzini öz ağır süvarisi ilə yarmağa qadir oldu. Süvari dəstəsinin arxasınca piyada qoşunu gəlirdi. Döyüş perslərin qaçmağı ilə nəticələndi, Dara özü bu barədə əmr vermişdi. Bu qələbədən sonra Aleksandr Babilə daxil oldu və sonra Persiya paytaxtları olan Suzaya və Persopolisə girdi. Orada Persiya xəzinələrini ələ keçirib, böyük miqdarda qızıla və gümüşə sahib oldu.

B.e.ə. 330-cu ildən Aleksandr yenə də yürüşdə idi. Dara öz adamı tərəfindən öldürülmüşdü, ona görə də Aleksandr persiyalıların Böyük Çar titulunu özünə götürdü. Üç ildən çox bir müddətdə o, şərqə və şimali-şərqə doğru hərəkət edib, indiki Pakistan ərazisinə daxil oldu. B.e.ə. 327-ci ilin yayında o, Hindistana girdi. Həmin vaxt ölkə bir neçə müxtəlif dövlətə bölünmüşdü. Bir il sonra Aleksandrın ordusu şimal-qərbi Hindistanın düzənliklərinə gəlib çıxdı. Hidasp çayı üzərində Aleksandr çətin bir döyüş aparmalı oldu. Hindistanın qərbini də işğal etmək istədikdə, onun əsgərləri ilbəil gedən döyüşlərdən yorulduqlarından qiyam qaldırdılar və irəli getməkdən imtina etdilər. Aleksandr onların tələbinə tabe oldu və geri qayıtmağa razılıq verdi. Onun özünün başçılıq etdiyi dəstələr Persiyanın şimalı ilə Gedrosiya səhrasından keçməklə qayıdırdılar. Onlar dəhşətli səhra şəraitinə görə ağır itki verməli oldular. Nəhayət, Suzaya yollanıb, oradan isə Babilə getdilər. Babildə o, yenə də yeni yürüşlər planlaşdırırdı. B.e.ə. 323-cü ilin iyulunda yaralardan, isitmədən və çox güman ki, izafi alkohol istehlakından o, hələ çox gənc ikən, 32 yaşında öldü.

(Ardı var)   

 





26.11.2022    çap et  çap et