525.Az

AMEA-nın Naxçıvan Bölməsində yeni kitabların təqdimatı olub


 

AMEA-nın Naxçıvan Bölməsində yeni kitabların təqdimatı olub<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşr olunmuş kitabların təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, kitablar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda işıq üzü görən nəşrlər Naxçıvan tarixi və folkloru ilə bağlı aparılan ardıcıl tədqiqatların davamıdır. Akademik diqqətə çatdırıb ki, “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyası, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan tarixindən səhifələr”, “Naxçıvan uşaq folkloru” kitabları AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutları əməkdaşlarının araşdırmalarının nəticəsidir.

Çıxışı zamanı elmin inkişafına, elm adamlarına göstərilən qayğıdan söz açan İsmayıl Hacıyev qeyd edib ki, bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən, eləcə də alimlərin özlərinin hazırladıqları kitab və monoqrafiyaların Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən nəşr etdirilməsi elmə göstərilən qayğı göstəricisi olmaqla bərabər, həm də tədqiqatçıları daha əhatəli elmi araşdırmalar aparmağa təşviq edir. Bölmə sədri kitabların nəşrinə göstərilən diqqətə, hərtərəfli qayğıya görə AMEA Naxçıvan Bölməsi kollektivi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, muxtar respublikada elmə, təhsilə göstərilən diqqət və qayğı nəticəsində hər il çoxlu sayda  nəşr nümunələri çap olunaraq müəlliflərə, elm, təhsil və mədəniyyət müəssisələrinə təqdim olunur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən çap olunmuş kitablar içərisində AMEA-nın Naxçıvan Bölməsi əməkdaşlarının hazırladığı kitablar xüsusi yer tutur. Naxçıvanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyəti, bölgənin arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti və elmin digər sahələrini əhatə edən tədqiqat əsərlərinin nəşri daim diqqətdə saxlanılır. Bu gün təqdimatı keçirilən kitablar deyilənləri təsdiq edir. 

“AMEA Naxçıvan Bölməsinin elmi potensialı gələcəkdə də sanballı tədqiqat əsərlərinin yazılmasına, az öyrənilmiş, yaxud toxunulmamış məsələlərin dərindən tədqiqata cəlb olunmasına imkan verir”, - söyləyən Emin Məmmədov təqdim olunan kitabları Naxçıvanşünaslığa yeni töhfə kimi qiymətləndirib. Çıxış zamanı hər bir kitabın əhatə etdiyi məsələlərə nəzər salınıb, tədqiq olunan mövzuların - Naxçıvanın qədim tarixinin və mənəvi dəyərlərinin öyrənilməsinin bütövlükdə Azərbaycanşünaslıq elmi üçün nailiyyət olduğu qeyd edilib.

Daha sonra yeni nəşr olunan əsərlərlə bağlı çıxışlar olub. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Musa Quliyev tədbirdə “Naxçıvanın dövlətçilik tarixinə dəyərli töhfə”,  dosent İlhami Əliyev “Naxçıvan tarixinə həsr olunmuş sanballı tədqiqat əsəri”, dosent Zeynəb Quliyeva “Naxçıvan arxeologiyası yeni araşdırmalar işığında”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutun əməkdaşı, dosent Elxan Məmmədov “Naxçıvan uşaq folkloru haqqında bir neçə söz” mövzulu çıxışlar ediblər. Çıxışlarda hər bir əsər əhatəli təhlil olunub, bəzi mövzuların fərqli nöqteyi-nəzərdən tədqiqinin, yeni faktların Azərbaycanşünaslıq elmi üçün vacibliyi vurğulanıb.
Sonda müəlliflər - akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyev, dosent Elxan Məmmədov çıxış edərək kitabların nəşrinə göstərdiyi dəstəyə görə muxtar respublika rəhbərliyinə minnətdarlıq ediblər.

 





26.11.2022    çap et  çap et