ABŞ milli təhlükəsizlik baxımından "Huawei" də daxil olmaqla 5 Çin texnologiya şirkətindən yeni rabitə avadanlığının idxalını və satışını qadağan edib.
525.az xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC), yekdilliklə Çin texnologiya şirkətləri tərəfindən istehsal olunan yeni rabitə avadanlıqlarının satışı və idxalını qadağan edən yeni qaydaları qəbul edib. FCC-nin sədri Cessika Rozenvorsel yazılı açıqlamada: "Yeni qaydalar telekommunikasiyalar çərçivəsində ictimaiyyəti milli təhlükəsizlik təhdidlərindən qorumaq üçün davam edən tədbirlərin mühüm hissəsidir", - deyib.
O, FCC etibarsız rabitə avadanlığının ABŞ sərhədləri daxilində istifadəsinə icazə verilməməsini təmin etməklə öz milli təhlükəsizliyini qorumağa sadiq olduğunu bildirib. Məhsullarının ölkəyə idxalı və satışı qadağan edilən texnologiya şirkətləri arasında "Huawei", həmçinin "ZTE", "Hikvision", "Dahua" və "Hytera" var. Çinin dövlətə məxsus mülki və hərbi müşahidə avadanlığı istehsalçısı olan "Hikvision" isə şirkəti verdiyi açıqlamada, məhsullarının ABŞ üçün heç bir təhlükəsizlik təhdidi yaratmadığını bildirib.
Qeyd edək ki, oxşar qərarlar keçmiş Prezident Barak Obama dövründə Çin telekommunikasiya şirkətlərinin ABŞ bazarına çıxışını məhdudlaşdırmaq üçün qəbul edilmişdi. Bu münasibət Donald Tramp və indiki ABŞ Prezidenti Co Bayden dövründə də davam etmişdir.
Məhəmməd Tağıyev