525.Az
Avtoxuliqan avtomobili kanala aşırıb
Şirvanda avtoxuliqanlıq edən sürücü yol-nəqliyyat hadisəsi törədib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə yarısı Şirvan şəhərinin H.Əliyev prospektində Baş Şirvan Kollektorunun üstündən keçən körpüdə baş verib. Şirvan sakini 1991-ci il təvəllüdlü Hüseynov Fərid Ağakişi oğlu “Reno” markalı 99 FM 547 dövlət nömrə nişanlı avtomabili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 9 metrlik körpünün beton və metal sədlərini dağıdaraq, hündürlükdən kanala düşüb.
Avtomobildə olan sürücü Fərid Hüseynov və sərnişin Şirvan sakini 1986-cı il təvəllüdlü Nağıyev Mübariz Zabil oğlu avtomobildən çıxaraq, kanaldan üzüb xilas olublar.
Hər iki şəxs yüngül xəsarət alaraq, Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
25.06.2014
çap et