"Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda mühüm mesajlar verdi. Dövlətimizin başçısı Orta Dəhlizin perspektivləri, Vətən müharibəsindən sonra regionda yaran yeri reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallara ətraflı cavab verdi”.
Bu fikirləri 525.az-a açıqlamasında millət vəkili Fatma Yıldırım deyib. Deputat bildirib ki, bu platforma beynəlxalq ekspertlərə regiondakı enerji və nəqliyyatlarının önəmi, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır. Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və ölkəmizin sülh tərəfdarı olduğunu bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, biz özümüz həmin qətnamələri onları icra etdik. Həmin qətnamələri qəbul edənlərdən BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Amma onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Amma Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. 44 gün ərzində dövlətimiz öz gücünə torpaqlarını işğaldan azad etdi.
Millət vəkili qeyd edib ki, hazırda Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslər irəli sürsə də, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Münasibətlərin normallaşdırılması prosesində Brüssel formatı təqdir oluna bilər. Çünki Avropa İttifaqı həqiqətən də regionumuzda sülhün təmin olunması üçün böyük səylər göstərir. Bu formatda liderlərin bir neçə görüşü keçirilib. Amma dekabrın 7-i üçün nəzərdə tutulan görüş erməni tərəfindən pozulub. Belə ki, Prezident İlham Əliyevin konfransda bildirdiyinə görə, dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Buna səbəb isə Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verəcəyini bildirməsidir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq. Çünki Praqa görüşündən bir neçə gün sonra Fransa prezidenti Makron müsahibəsində Azərbaycana qarşı əsasız ittihamlar irəli sürdü və Ermənistana açıq-aşkar dəstək nümayiş etdirdi. Daha sonra Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamə və digər faktlar Fransanın obyektiv vasitəşilik etmədiyini göstərir. Dövlətimizin başçısı Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi dəyərləndirib.
Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Çünki hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir.
Prezident həmçinin İranda yaşayan azərbaycanlıların ana dilində təhsil ala bilməməsinə də münasibət bildirib. İranda erməni dilində məktəblərin olduğu halda, azərbaycanlıların məkbətlərinin olmaması qəbuledilməzdir. Bu həmin dövlətdə yaşayan insanların hüquqlarının pozulmasıdır.
“Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcək”,-deyə Fatma Yıldırım vurğulayıb.
Sevinc Qarayeva
çap et