|
|
|
|
Koronavirus epidemiyasının ilk dəfə başladığı Çin sərt tədbirləri, artan xəstə sayı və xalq üsyanları ilə gündəmdədir. Bu hallar ağıllarda Çinin yenidən epidemiya ilə qarşı-qarşıya olması fikrini doğurur.
525.az xarici mediaya istinadən xəbər verir ki, Çində aradan 3 il keçməsinə baxmayaraq Koronavirus yenidən gündəmə gəlib. “Sıfır yoluxma halı” siyasətinin tətbiq olunduğu ölkədə epidemiyanın ilk aşkar edildiyi 2019-cu ilin dekabrından bəri gündəlik yoluxmaların sayı rekord qırıb. Dünən son 24 saat ərzində 35 183 yeni yoluxma aşkar edilib və gündəlik yoluxma hallarının sayı ardıcıl üçüncü gün rekord səviyyəyə çatıb. Koronavirus səbəbindən ölkədə 6 aydan sonra ilk ölüm hadisəsi baş verib.
Təbii ki, Çin əhalisini nəzərə alsaq bu rəqəmlər aşağıdır, lakin artım sürətlə davam edir. Paytaxt Pekin də daxil olmaqla, ölkənin aparıcı şəhərlərində yeni hallar rəsmiləri narahat edib. Çinin cənub ticarət mərkəzlərindən biri, 19 milyon əhalisi olan Guangdong ölkədə ən çox yeni yoluxma hallarının aşkar edildiyi yerdir.
"Sıfır yoluxma halı" siyasətinə və tədbirlərə baxmayaraq, Çində niyə hələ də rekord halların olması müzakirə mövzusudur. Buna bir neçə səbəb göstərilib:
Geniş test: Ölkədə intensiv və geniş şəkildə davam etdirilən kütləvi testlər səbəbindən simptomlu və ya simptomsuz hər bir hal qeydə alınır.
Yetərsiz peyvənd: Çində risk qrupunda olan insanların peyvənd nisbəti kifayət qədər aşağıdır. Ölkədə yaşı 80-dən yuxarı olan insanların yalnız yarısı peyvənd olunub. 60-69 yaş qrupunun 60%-dən az hissəsi isə tam peyvənd olunub.
Peyvəndlərin effektsizliyi: Çində geniş istifadə olunan Sinovac və Sinopharm peyvəndlərinin dünyada dominant ştamm olan Omicron variantına qarşı aşağı effektivliyi məlumdur. ABŞ və digər Qərb dövlətləri Çinə yüksək effektiv mRNT əsaslı peyvəndlər təqdim etsə də, bu vaksinlər Çində geniş istifadə olunmur.
Sevil Seymur