525.Az

İranın Ukrayna qorxusu - Xaqani Cəfərli yazır


 

İranın Ukrayna qorxusu - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Bu ilin sonuna kimi Rusiya ilə yeni hərtərəfli əməkdaşlıq sazişi imzalamaq niyyətində olan İran Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə ciddi problemlərlə üzləşib. Bu problemlər isə yalnız Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Avstraliyanın tətbiq etdiyi sanksiyalardan ibarət deyil. Belə görünür ki, İran Rusiyaya dəstək verərkən Ukraynanın əks-həmləsinin nə qədər güclü olacağını dəqiq proqnozlaşdıra bilməyib.

Rəsmi Kiyev Tehranı diplomatik münasibətləri kəsmək və ona qarşı iqtisadi sanksiyalar tətbiq etməklə hədələyir. Ukrayna ilə İran arasında iqtisadi münasibətlləri və Kiyevin nəyə qadir olduğunu tam araşdırmadan bu hədənin Tehranı qorxutmayacağını düşünmək olardı. Ancaq Tehranın addımları onu göstərir ki, İran hakimiyyəti Ukraynanın hədəsindən qorxuya düşüb. Tehranın Kiyevin hədəsindən sonra keçirdiyi qorxu isə əsassız deyilmiş. Ötən il Ukrayna ilə İran arasında ticarət dövriyyəsi 723,7 milyon ABŞ dolları təşkil edib. Kifayət qədər böyük həcmli ticarət dövriyyəsinin 624,9 milyon dollarını Ukraynanın İrana ixracı təşkil edib. İran isə Ukraynaya cəmi  98,8 milyon dollarlıq mal ixrac edib. İlk baxışda belə qənaət yarana bilər ki, bu ticarət münasibətlərinin saxlanılmasında İran deyil, Ukrayna maraqlı olmalıdır. Lakin Ukraynanın ixracının əsasını qarğıdalı və buğda təşkil etdiyi üçün İran Kiyevin iqtisadi sanksiya tətbiq etməsindən narahat olub. İran Ukraynadan idxal etdiyi qarğıdalı və buğdanı tez bir zamanda əvəz edəcək mənbə tapa bilməyəcəyindən qorxur. Dünya bazarlarında qarğıdalı və buğda qıtlığı yaşandığı bir zamanda Ukraynadan idxal etdiyi bu məhsulları, həm də əlverişli qiymətə almaqda Tehran problemlərlə üzləşəcəyindən ehtiyat edir. Ukraynadan ixdal etdiyi buğdanı Rusiyadan almaq imkanı olsa da, qarğıdalı ilə bağlı vəziyyət fərqlidir. Ərzaq qıtlığı və qiymətlərin bahalaşması isə İranı bürüyən etirazların şiddətini artıra bilər. Buna görə də İran Kiyevin hədəsindən qorxuya düşüb.

Tehran rejimini qorxudan başqa bir məsələ isə İranın yük daşıyan gəmilərini Ukraynanın limanlarına daxil olmasının qadağan edilə biləcəyidir. Rəsmi Kiyev artıq bu niyyətinin ciddiliyini nümayiş etdirib.

Ukrayna eyni zamanda, İrandan idxal etdiyi malların daşınmasını dayandırmağa hazırlaşır. İranın Uraynaya ixracatında əsas yeri xurma və gübrə tutur. Xurma Ukrayna üçün önəmli əhəmiyyətə malik məhsul deyil. Digər tərəfdən, Ukrayna İrandan idxal etdiyi məhsulları əvəzləyəcək başqa bazarlar tapıb. Son zamanlar Səudiyyə Ərəbistanı ilə Ukrayna arasında münasibətlər yaxınlaşıb. Ötən ay Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra məlum oldu ki, Ər-Riyad Kiyevə 400 milyon dollar humanitar yardım ayıracaq. Ukrayna bu günə kimi İrandan idxal etdiyi xurmanı Səudiyyə Ərəbistanından idxal edə bilər. Ancaq İran Ukraynaya ixrac etdiyi xurmanı satacaq başqa bazar tapmaqda çətinlik çəkəcək. Bu da ağır böhran içərisində olan İran iqtisadiyyatına daha da pis təsir edəcək.

Əlbəttə, strateji müttəfiqini qorumaq üçün İran bu fədakarlıqları edə bilər. Amma Ukraynanın əlində elə bir təsir imkanı var ki, bu, İranın narahatlığının tamamilə əsaslı olduğunu göstərir. Kiyev Tehranı Moskvanın hərbi cinayətlərinin ortağına çevirməklə İranın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini tələb etmək niyyətindədir. Rusiyanın İranın pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynanın mülkü strukturuna ağır zərbə vurduğu məlumdur. Məhz həmin itkilərə görə Ukrayna İranın Qərbdəki dondurulmuş aktivlərinin Kiyevin hesabına keçirilməsinə nail ola bilər. İranın Qərbdəki dondurulmuş aktivlərinin həcmi 85 milyard dollarla 127 milyard dollar arasında dəyərləndirilir. Tehranın teokratik rejimi bu vəsaitə böhrandan çıxış yolunda son istinad kimi baxır. Əgər Qərb həmin vəsaitləri müharibə cinayətlərinin təzminatı olaraq Ukraynaya vermək qərarına gəlsə, bu, İran üçün ölüm hökmünə bərabər olacaq. Ukraynanın hazırkı şəraitdə buna nail olması çətin görünmür. Tehranda gözəl anlayırlar ki, Ukrayna Qərbin siyasətinə və qərarlarına təsir edən əsas dövlətə çevrilib. Xüsusilə də, Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən Rusiya terrora sponsorluq edən dövlət, Avropa Şurası Parlament Assambleyası tərəfindən isə Rusiya hakimiyyəti terrorçu rejim kimi tanındıqdan sonra Ukraynanın siyasi və diplomatik gücünün dəfələrlə artdığını görməmək mümkün deyil. Tehranın teokratik rejimi də bunun fərqindədir. Ona görə də son zamanlar İran Rusiya ilə hərbi əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Belə məlumatlar var ki, İran Rusiyaya bir ay əvvəl vəd etdiyi ballistik raketləri verməkdən imtina edir. Rusiya mənbələrinin məlumatına görə, İran Rusiyaya kamikadze dronlarının ixracını da azaldıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin noyabrın əvvəlində Tehrana səfəri də məhz bununla bağlı olub. Məlumatlara görə, bu vəziyyət Moskvanı narahat etdiyi üçün Rusiya prezidenti iranlı həmkarına zəng edib. İddialara görə, Putinin Rəisi ilə telefon danışığı da prosesi sürətləndirə bilməyib.

Tehranı narahat edən digər məqam isə Ukraynanın İrandakı etirazları dəstəkləyə biləcəyi ehtimalıdır. Çeçenistanın müstəqilliyini tanıyan Ukrayna hər cür cəsarətli addım ata biləcəyini artıq nümayiş etdirib. Ukraynanın İrandakı etirazları dəstəkləməsi teokratik rejimə qarşı üsyanın beynəlxalq aləmdə legitimləşməsinin yolunu aça bilər. Bütün bunlar Tehranı qorxudur və Rusiya ilə münasibətləri yenidən dəyərləndirmək istəyənlərin mövqelərini gücləndirir.

 

 





28.11.2022    çap et  çap et