525.Az

Orta Dəhlizin istismara verilməsində önəmli amil: təhlükəsizlik və iqtisadi potensial


 

Orta Dəhlizin istismara verilməsində önəmli amil: təhlükəsizlik və iqtisadi potensial<b style="color:red"></b>

Hümbət HÜSEYNOV,

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri

 

Dünyanın seçilən və böyük gücə malik olan dövlətlərinin iştirakı ilə öləkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə gücünün çəkisinin göstəricisi, nüfuzudur. Artıq Azərbaycan beynəlxalq layihələrin təşəbbüskarı və müəllifi olaraq dünyada öz layiqli yerini qazanmışdır. Bu günlərdə ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans bunun daha bir təzahürüdür. Prezident İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və siyasi gücü nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkədir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünya üçün bir örnək olan ölkəyə çevrilib. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz müasir dünya üçün önəm kəsb edən məsələlərin müzakirə olunduğu məkandır.

Heç şübhəsiz ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaradıb və Azərbaycan təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini daha da gücləndirib, beynəlxalq əlaqələri genişlənir. Sülh və təhlükəsizliyin təmin olduğu Azərbaycanda istənilən bir layihənin icrası uğurla həllini tapır. "Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır", - deyə Prezident konfransda çıxışı zamanı bildirib: "Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir". Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür.

Cənab Prezident çıxışında beş il bundan əvvəl Azərbaycanın tərəfdaşları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı olduğunu diqqətə çəkərək ölkəmizdən keçən yük həcmlərini gördükdə "Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq" - deyə bildirib: "Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır". Müasir dövrün çağırışlarına cavab verən Azərbaycan bu istiqamətdə müasirləşdirmə işləri aparır. "Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna".

44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra yaranmış reallıqlar, uğurlar bir sıra dövlətlər kimi İranı da narahat edib. Belə ki, İranın Ermənistana açıq dəstək verməsi, rəsmi səfərlər anti-Azərbaycan siyasətinin bariz nümunəsidir.  Azərbaycanın Ermənistanla sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına təsirsiz ötüşmür. Əlbəttə ki, dünyada çəkisi olan Azərbaycanla diktə ilə danışmaq qeyri-mümkündür. Güclü və qüdrətli Azərbaycan gərginliyin aradan qaldırılması üçün sülsevər siyasətinin ortaya qoyaraq, lazımi addımlar atacaqdır.

Cənab Prezident konfrans iştirakçılarının diqqətinə onu da çatdırıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir: "Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır - biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq".

Sonda bildirmək istəyirəm ki, Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir.

 

 

 





29.11.2022    çap et  çap et