525.Az

Feysbuk - böyük bir poçt şöbəsi... - Sosial şəbəkədə yazılanlar


 

Feysbuk - böyük bir poçt şöbəsi... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- İstanbulda olanda taksi sürücüləri ilə söhbət etməyi çox xoşlayıram. Aralarında hər cür adamlar var. Ağzını söyüşlə açan, hər kəlməbaşı söyüş söyən və bunu normal hal sayan tərbiyəsizlər də olur. Maşını yerindən tərpədən kimi həyatın bahalığından, yaşayışın çətinliyindən, dəhşətli tıxacı və qələbəliyi ilə İstanbulun  lənətlənmiş şəhər olduğundan şikayətlənən zığ-zığlar da. Bəzən isə tarixçi, filosof, türklər demişkən, millət vəkili düzeyində olan, sadəcə taleyin sükan arxasında oturmağa məcbur etdiyi müdrik, dünyagörmüş insanlarla rastlaşırsan. Bu yaxınlarda təxminən həmyaşıdım olan bir sürücü ilə tıxac saatlarında Nişantaşıdan Vadiistanbula getdik. Başımız söhbətə elə qarışdı ki, saat yarımlıq yolu necə keçdiyimizi hiss etmədik. Səlcuqilər imperiyasından, İstanbulun fəthindən, Sultan Mehmet Fatihdən, Osmanlı imperatorluğunun yüksəliş və tənəzülündən, türk dövlətçilik sistemində "dərin dövlətin" yerindən və rolundan, xəyanətkar şahzadə Cemdən, Qazi Osman Paşadan, Sultan Əbdülhəmiddən, Turan sevdasından,  Azərbaycanın Anadolu ilə Türküstanı bağlayan "altun köprü" olmasından, "bir millət, iki dövlətdən", Qarabağ zəfərindən,  Atatürkdən, Türkiyədə çağlaş texnologiya inqilabından, Hüseyn Nihal Atsızdan və s. danışdıq. Söhbətindən, fikirlərindən, səmimiyyətindən, böyük Azərbaycan sevdalısı olmağından həqiqi zövq aldım. Mənzil başına çatanda xoş yolçuluğa və maraqlı söhbətə görə təşəkkürümü bildirdim. Sürücü də mənə rəğbətlə baxıb:

- Abi, maşallah, amma sən də  okumuşsundur, - dedi.

 

Cavid İsmayıl, jurnalist:

- İran milli komandasının azərbaycanlı qadın üzvü repressiyalara etiraz olaraq yığmadan ayrıldı

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib.

Əslən Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli milli komandadan ayrılıb.

Azərbaycanlı idmançı özünün sosial media hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Əkrəm Xudabəndəli İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılır.  O, 12 illik peşəkar idman fəaliyyəti dövründə bir neçə dəfə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

lll

- 90.7 FM-də Yurd FM test yayımına başlayıb. Təsadüfən (93.3 FM-i axtaranda) rast gəldim və bir həftədir dinləyirəm. Bütün günü milli mahnılar səsləndiriblər. Playlist-i əladır.

Bəyənməyən 93.3 FM-də Retro FM-i dinləyə bilər. Bu iki radio arasında sağlam rəqabət olmasını arzulayıram. Belə də davam etsinlər. Nə xəbərlərə ehtiyac var, nə də qonaqdan çox danışan aparıcılara. Ən xoşuma gələn isə hər saat başı səslənən ifadədir: "Yurdda saat 19:00-dur". Əla tapıntıdır. Hər iki kollektivə uğurlar arzulayıram.

 

Yeganə Hacıyeva, politoloq:

- Çinin YUNESKO-dakı səfiri Yanq Tsinin iştirakı ilə bu həftə keçirilən fövqəladə iclasda Odri Azule bildirib ki, əgər Çin illik üzvlük haqqı və ianələri təcili köçürməsə, YUNESKO 2022-ci il dekabrın 1-dən rəsmi olaraq müflis elan olunacaq.

Çin isə nümayəndəsi və səfirinə hörmətsizlik səbəbi ilə təşkilata üzvlük haqqı və ianələri köçürmək fikri yoxdur.

 

Sahila Yaya, yazıçı:

- Bu gün 4 saylı qadın cəzaçəkmə müəssisəsində tədbirdə iştirak etdim. Ombudsmanın və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Vladanka Andreevanın iştirakı ilə keçən tədbirdə gender əsaslı zorakılıq, insan hüquqları mövzuları müzakirə edildi. Deyə bilərsiz ki, ordakı qadınların özləri zorakılıq etdiyi üçün həbsdədi. Bəli, elələri var, lakin xanım Vladankanın dediyi kimi, əksər məhbus qadınlar sevdiklərini qorumaq və qurban olduqları üçün azadlıqdan məhrum edilib. Tədbir üçün məkan çox yaxşı seçilmişdi. Rəsmi format bir az fərqli ola bilərdi. İlk cəhd üçün yenə də tədqirəlayiqdir.

Rəsmi hissədən sonra məhbuslarla hüquq müdafiəçilərinin birgə hazırladığı musiqi nömrələri təqdim edildi. Vəkil çalırdı, məhbus oxuyurdu, yaxud əksinə. Nə gözəl təşəbbüsdü. İslah üçün, güvən üçün əla əməkdaşlıqdı.

Ümumilikdə ölkədə 500 məhbus qadın var. Hazırda çox az faiz uşağı ilə birgə cəza çəkir. Hamısına yeni həyata başlamaq üçün fürsət və iradə arzu edirəm.

 

Asif Nərimanlı, jurnalist:

- Qarabağda baş verənlər Fərrux əməliyyatından öncəki hadisələri xatırladır: sülhməramlılar təxribat mövqeyini davam etdirir, separatçılar açıq şəkildə meydan oxuyur; 26 noyabr gecədən 27 noyabr səhər saatlarına qədər atəşin davam etməsi təxribatın bu dəfə daha genişmiqyaslı və kəskin xarakterli olduğundan xəbər verir;

Bu qədər təxribatın bir cavabı olmalıdır.

lll

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır: ruslar Ağdərə və Xocavəndi "Mardakert" və "Martuni" adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edir; Azərbaycanın haqlı etirazına rəğmən, mövqelərini dəyişmir və iddialarını "əllərindəki xəritələrlə" əsaslandırırlar.

Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma "dqr"in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.

Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır: Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar; ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı "istinad mənbələrini" zəiflətməyə nail ola, hər dəfə "əlimizdəki xəritə" deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik. Məsələni "söz duelindən" irəliyə aparmaq lazımdır.

 

Fərid Pərdəşünas, texnobloger:

- Cinayət xəbərlərinin paylaşılmasının tərəfdarı deyiləm. Lakin bugün yayılan xəbər qandondurandır və cəmiyyətimizin uçuruma doğru getdiyindən bağıraraq xəbər verir. 2002-ci il təvəllüdlü cüdoçu, 2006-cı il doğumlu idmançı yoldaşını ayağını oturacağın üstünə qoyduğu üçün bıçaqlayaraq, öldürüb. Teleqramda yayılan bıçaqlanma anının görüntüləri dəhşətlidir. Bu aqressiyanın, bu cinayətə meyilliliyin səbəbkarı ailələr və cəmiyyətdir. Qatil müdafiəsinə qalxan cəmiyyətin gündəmi elə belə şeylər də olmalıdır. Çox təəssüflə bildirirəm ki, son illərdə Azərbaycanda baş verən hadisələr daha da dəhşətli hal alıb və əvvəlki illərlə müqayisədə daha da pisə doğru gedirik. Narkotika, oğlanlıq, uşaq yaşından qeyrət keşiyi, lotular, içəri düşmək istəyi, peysər çıxarma, sındırma, bıçaq gəzdirmə və s. Hər şey daha da pisə doğru gedir.

 

Mir Səməd, bloger:

- Elə oldu ki, srağagün bir iş üçün cəmi bir gün yarım Tiflisə gedəsi oldum. O qədər az qaldım ki, şəkil çəkdirməyə də macal tapmadım. Məndən çıxmayan iş.

Qısa müşahidələrimi bölüşürəm.

Əvvəl bizim camaat deyirdi gedək, gəzək Tiflisi - qiymətlər münasib, yaxşı servis. Məncə, daha belə deyə bilməyəcəyik, quru sərhəd açılandan sonra da. Rusların, ukraynalıların Gürcüstana axını Tbilisidə hər şeyin qiymətini artırıb, ərzaq, restoran və kafelər, otel və qonaq otaqları. Qiymətlərin artımı Bakını keçib. Yanacaq çox bahalaşıb. Düzdür, burada hələ də xeyli rus var, amma böyük hissəsi üçüncü ölkələrə keçiblər, bir qismi də Gürcüstanın digər, qiymətləri ucuz bölgələrinə yönəlib.

Əvvəllər Tiflisdə güclü tıxaclar olmazdı, indi ora da Bakıya bənzəməyə başlayıb. Şəhərin mərkəzində elə də çox turist görmədim. Saakaşvilini buraxmayıblar, tərəfdarları Parlamentin qarşısında idi. Şəhərin qədim, əyri küçələrində köhnə binaları restavrasiya edir, yeni otel və restoranlar tikirlər.

Turistlərə iki nəfərlik balaca "Citroen" maşınları kirayə verirlər.

Əvvəlki kimi dequstasiya üçün pulsuz çaxır verirlər.

Mərkəzdə çox yerdə köhnə kitabları satırlar, gürcülər çox oxuyur?

Bu qədər... qalan başqa qoyub getdiyiniz Tiflisdir.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Feysbuk böyük bir poçt şöbəsinə, biz isə teleqram mətni qəbul edən poçt işçilərinə bənzəyirik hardasa...

"Yaxşıyam", "evə çatdım", "sabah uçuram", "E5 D3 gedişi", "Vəfat etdi", "Doğuldu", "Görüşərik", "Əlvida"...

Ümid verən və qüssə gətirən "teleqramlar".

Oxuyuruq sonra LAYK ilə "peçatlayırıq"...

Fərq təkcə qiymətdədir: Burda sözün qiyməti yoxdur!

 

Firuz Mustafa, yazıçı:

- Biz unitar dövlətik...

Bəyəm Naxçıvan milli azlıqdır?

Dövlət, o cümlədən, Azərbaycan dövləti - vahid, ayrılmaz dövlət olub, ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət - vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır:

l Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya

l Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi

l Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası

l Vahid hüquqi sistem

l Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi.

Bəs Muxtar dövlət nədir?

Milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər.

Sual çıxır: bəyəm Naxçıvan milli azlığa aiddir? Bu məsələyə toxunanlar tez-tez əsassız olaraq 1921-ci ildə Osmanlı Türkiyəsi və Sovet Rusiyası (heç SSRİ-də yox idi), Zakfedarasiya arasında bağlanmış  Qars Müqaviləsinə isnad edirlər. İndi həmin dövlətlərin (qurumların) heç biri mövcud deyil.

Azərbaycan unitar dövlətdir.

 

Mehriban Vəzir, jurnalist:

- Dünyanın ən nadir siyasətçi həyasızlıqlarından biri:

"Ukrayna xalqı neonasist hakimiyyətdən xilas ediləcək; xalq slavyan qardaşları ilə dostluq şəraitində yaşamağı haqq edir" - Lavrov.

"Slavyan qardaşlığı" altı üstünə çevrilmiş Ukrayna demək imiş...

Ənənəvi rus siyasətçiliyi, zatən, yüz illərdir siyasi əxlaqsızlıqlar üzərindən yürüməkdədir. Bu adamın zatına erməni murdarlığı da əlavə edilibsə... İşin hüdudunu təsəvvür edə bilərsiniz...

 





29.11.2022    çap et  çap et